Azərbaycanda söz, mətbuat azadlığı yüksək səviyyədə qorunur
27 Sentyabr 2019 15:13 SosialAzərbaycanda söz və məlumat azadlığına heç bir məhdudiyyət yoxdur. Demokratik inkişaf yolu seçən müstəqil Azərbaycan mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycan fikir, söz, məlumat azadlığının, plüralizmin bərqərar olduğu bir dövlətdir. Ölkədə demokratiyanın əsas atributlarından sayılan bu dəyərlər durmadan inkişaf edir. Statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda, bəlkə də minədək qəzet və jurnal qeydiyyatdan keçib. Xəbər agentliklərinin, internet saytlarının geniş şəbəkəsi mövcuddur.
Demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan haqlarının mühüm amillərindən sayılır. Azad söz, azad mətbuat olmayan ölkədə demokratik təsisatlardan da danışmaq əhəmiyyətsizdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda azad medianın inkişafı üçün həm hüquqi, həm də iqtisadi baza mövcuddur. Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində müntəzəm olaraq addımlar atılır. Azərbaycan dünyada demokratik, internetin azadlığına görə ön sırada gedən ölkə kimi tanınır. Bunu dünyanın nüfuzlu statistik araşdırmalar mərkəzləri də qeyd edirlər. Azərbaycanda azad, demokratik medianın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda ilk növbədə mövcud problemlər aradan qaldırıldı, azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, senzura ləğv olundu. Mətbuatın inkişafına maneçilik törədən süni məhdudiyyətlərə son qoyuldu, onun inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası gücləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, güzəştlər müəyyənləşdirildi. Bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycanın dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində "Məlumat azadlığının təsbit olunması, hələ ondan əvvəl, 1992-ci ildə ilk dəfə Parlament tərəfindən "KİV haqqında" Qanunun qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verdi. Bütün bu faktlar Azərbaycanda ənənvi media orqanlarının inkişafı ilə yanaşı, ilk İnternet-media nümunəsinin yaradılması üçün də geniş imkanlar yaradırdı.
Günümüzdə Heydər Əliyev siyasi kursu, ümummilli liderin mətbuata göstərdiyi diqqət və qayğı həmin kursun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müasir Azərbaycan mətbuatı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünya mediasına inteqrə olunma mərhələsindədir. Bu prosesdə əsas iş mətbuatla bağlı qəbul edilən qərarlar, eyni zamanda mətbu orqanlara dövlət tərəfindən verilən maddi və mənəvi dəstək birmənalı şəkildə böyük rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev keçirilən hər bir tədbirdə ümumilikdə ölkənin, yaxud hansısa bir sahənin inkişafından geniş bəhs edərək qarşıda dayanan vəzifələri açıqlayır, tövsiyələrini çatdırır. Həmişə vurğulayır ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda kütləvi informasiya vasitələri biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun yaradılması. jurnalistlərin mənzil probleminin həll olunması və bu kimi digər addımlar isə dünyada nümunə, model kimi qəbul edilir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzet redaksiyalarına kreditlərin ayrılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması, dünyanın heç bir ölkəsində olmayan dövlətin jurnalistlərə mənzil tikib verməsi Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı yönümündə bütün zəruri tədbirlərin həyata keçirildiyindən xəbər verir.
Müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Bu demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir.
Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi, sosial və s. növləri mövcuddur.Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz muxtariyyatına doğru inkişaf etməyə başlayır. Plüralist demokratiya yalnız o zaman "işləyə" bilər ki, milli ənənəyə uyğun gəlsin, özünün təcəssüm formaları və metodları ilə milli mədəniyyətlə üzvü vəhdətdə olsun, milli şüura ləngidici təsir göstərməsin. Plüralist demokratiya ictimai şüuru peşə-nəzəri, siyasi-idarəetmə, həmçinin, kütləvi şüura uyğun gəldikdə, milli şüuru da müasirləşdirir, zənginləşdirir.
İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir, ifadə azadlığı, plüralizm və bunların təmini hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin göstəricisidir. Təsadüfi deyil ki, hüquqi dövlət quruculuğu və demokratiyanın ölçülməsində də bu hüquq və azadlıqlar əsas indikatorlardan biri sayılaraq bir çox indekslərdə istifadə olunur və ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsinin demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.
Hal-hazırda ölkəmizdə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqe sərgiləmək imkanı varsa, deməli, Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Sözsüz ki, bu azadlıqlar, bu plüralizm dövlətin diqqət və qayğısı, yaradılan şərait sayəsində formalaşıb. Müstəqil medianın inkişafına dövlət dəstəyi söz və fikir azadlığının yaranmasını şərtləndirir və sözsüz ki, bu baxımdan da plüralizmin inkişafında dövlətimizin rolu danılmazdır.
Azərbaycan dövləti mətbuat azadlığının təmin olunması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. İnternet mediasının inkişafı və sosial şəbəkələrin genişlənməsi isə qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Bu mənada demokratik inkişaf yolunu seçən ölkəmizdə söz və məlumat azadlığına heç bir halda məhdudiyyət yoxdur. O cümlədən internet azaddır və ondan hansısa formada istifadəyə heç bir qadağa mümkün deyil.Ölkəmizdə fikir, söz, məlumat azadlığı tam şəkildə təmin olunur və hazırda milli mətbuatımız özünün ən uğurlu, şəffaf fəaliyyət dövrünü yaşayır. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır.
Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir. Bütün sahələrdə olduğu kimi mətbuatda da müşahidə edilən dinamik inkişaf gələcəkdə fikir, söz, məlumat azadlıqıarının daha üstün səviyyədə olacağına, milli mətbuatımızın daha şəffaf fəaliyyətinə əsaslı zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir