İşaxtaranlar üçün süni əngəl, yoxsa işəgötürənlərin şəxsi maraqları? MÜNASİBƏT
İşaxtaranlar üçün süni əngəl, yoxsa işəgötürənlərin şəxsi maraqları? Münasibət
27 Sentyabr 2019 14:47 SosialNamizədlərdən əmək stajı, xarici dil bilməsinin tələb edilməsi hansı məqsəd daşıyır?
Azərbaycanda kifayət qədər yeni iş yerlərinin yaradılmasına baxmayaraq hələ də vətəndaşların işə düzəlmək problemi mövcuddur. Məsələ orasındadır ki, sözügedən problemlər işəgötürənlər tərəfindən süni şəkildə yaradılır. Belə ki, bəzi hallarda dövlət orqanlarındakı vakansiyalar gizlədilir ki, bu da işaxtaranların sayının artması ilə nəticələnir. Yaxud, özəl sektorda sahibkarlar qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edirlər ki, bu da işaxtaranlar üçün əməlli-başlı problem yaradır. Araşdırmalar zamanı bəlli olub ki, işəgötürənlər işaxtaranlardan əmək kitabçası, əmək stajı və tibbi arayış kimi sənədlər tələb edirlər ki, bu da vətəndaşların işə düzəlməsində ciddi maneə yaradır. Xüsusən, işaxtaranlardan xarici dil bilməsi tələbi gənclərin qarşısında əməlli-başlı baryerə çevrilib. Düzdür, müasir iş yerlərinə yanaşma tərzi, iş yerlərinin əksəriyətinin müasir informasiya texnologiyaları ilə əlaqəli olduğundan işəgötürən xarici dil biliyini tələb etməkdə haqlı görünür. Lakin, məsələ orasındadır ki, ingilis dilini bilən işaxtarandan rus dili, rus dilini biləndən isə ingilis dilini bilməsi tələb olunur. Eyni zamanda, ilk dəfə işə düzələn işaxtarandan əmək stajının tələb edilməsi onların əmək hüququndan yararlanmasında çətinlik yaradır. Sözügedən tələb ali təhsil və hərbi xidməti başa vuran gənclər üçün əməlli başlı başağrısına çevrilib. Kənardan isə bu tələblər hansısa gizli məqamların hökm sürdüyündən xəbər verir. Bəs əslində necə, işaxtaranın əmək stajının olmaması, hansısa xarici dili bilməməsi onun işə götürülməməsi üçün əsas ola bilərmi?
Hüquqşünas Alim Hüseynli bildirib ki, əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə bağladıqları müqavilə əsasında yaranır. Əmək stajı isə həmin münasibətlərə əsasən işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətlərə və yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə ƏM-də nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlərə əsasən hesablanır: "Əmək Məcəlləsi ilə yalnız hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştiraka, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezamiyyətə göndərilməyə görə iş yeri və orta əmək haqqı saxlanılaraq həmin müddət əmək stajına daxil edilir. Hərbi xidmət hər bir vətəndaşın AR-nın Konstitusiyası ilə müəyyən edilmiş vəzifəsidir. Hərbi xidmətə çağırılan işçi ilə Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilir və belə olduğu təqdirdə əmək stajının müddəti həmin şəxsin yeni işə qəbul edildiyi tarixdən hesablanır". Onun sözlərinə görə, 2006-cı ilə kimi orta ixtisas və ali təhsil müəssisələri əmək stajı məsələsində müəyyən rol oynayırdı. Həmin vaxta kimi təhsil dövrü vətəndaşlar üçün sığorta stajı sayılırdı. 2006-cı ildən artıq sığorta stajı kimi nəzərə alınmır: "Belə təhsil 2006-cı ildən sonra olmuşsa, əmək stajı kimi nəzərə alına bilər. Amma bu, nə işçiyə, nə işəgötürənə, nə də DSMF-ə heç nə verməyəcək, daha doğrusu, nəzərə alınmayacaq. Çünki təhsil müddəti əmək kitabçalarında qeyd olunmur. Sadəcə pensiyaya çıxanda tələb olunarsa, diplom təqdim edilir. Məlumat üçün qeyd edim ki, əmək kitabçasında ancaq işçinin işə qəbul olunması, bir vəzifədən başqa vəzifəyə keçirilməsi və işdən azad olunması qeyd olunur".
***
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, iş yerlərində xarici dilin əsas götürülməsi qanunun tələbi deyil: "Ola bilsin ki, iş yerlərinin daxili nizamnaməsi, daxili prinsipləri əsasında işləri ilə bağlı daha keyfiyyətli xidmət göstərmək, əlaqə qurmaqla bağlı xarici dil tələb edə bilərlər. Amma qanunda elə bir şey yoxdur. Xüsusi iş yerləri var ki, orda işçinin bir və ya iki xarici dil bilməsi oranın maraqlarına uyğundur. Azərbaycan turistik bir ölkədir. Əgər hansısa bir restoran istəyirsə ki, ora çoxlu xarici qonaqlar gəlsin, onda təbii ki, işçidə xarici dil bilgisinə üstünlük verilməsi təbiidir. Və yaxud böyük alış-veriş mərkəzlərində xarici dil tələbi. Bu da normaldır. Çünki alış-veriş mərkəzlərinə də xarici qonaqlarımız gedirlər. Ümumiyyətlə, bu tələbə normal baxıram, dünyanın hər yerində belədir. Lakin xarici dil bilməməsinə görə işə götürməmək və ya işdən çıxarmaq halları qanunun tələbi deyil".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov bildirib ki, iş yerlərində xarici dil bilgisinin tələb olunmasına dair Əmək Məcəlləsində məhdudiyyət yoxdur: "Ola bilsin ki, xüsusi iş yeri olduğu təqdirdə, yəni hansı ki, orada xarici dil bilmək vacibdir, işin xarakteri ilə əlaqədar xarici dil tələb olunar. Onlar isə məhdud sayda ola bilər. Ümumən Azərbaycan Respublikasının Əmək Məcəlləsində xarici dil tələb olunmur, lakin xarici dil bilməyi yaxşı hal kimi qiymətləndirə bilərik". İsa Həsənov bildirib ki, insanın bir neçə dil bilməsi yaxşı əlamətdir."Ancaq bu kriteriya deyil, yəni xarici dili bilmək şərt deyil. Yalnız xüsusi iş yerlərində, məsələn, tərcüməçilik, beynəlxalq əlaqələrlə bağlı iş yerinə gedirsə, təbii ki, xarici dil bilməlidir. Xarici dil bilmir deyə heç bir şəxsə məhdudiyyət qoyula bilməz. Yalnız yenə də qeyd edirəm, şəxsin müraciət etdiyi iş yeri xüsusi iş yeri deyilsə, ondan xarici dil tələb oluna bilməz. Çünki Azərbaycan Respublikasında Azərbaycan dili dövlət dilidir və bütün idarələr Azərbaycan dilində işləyir. Əgər xüsusi iş yerlərindən başqa, digər iş yerlərində də xarici dil tələb olunursa, o zaman onlar vətəndaşa qarş qanunsuz tələblər sürürlər".
Nurlan
Olaylar.az