Tibbi xidmətin keyfiyyəti yüksək olarsa,...
Tibbi xidmətin keyfiyyəti yüksək olarsa,...
27 Sentyabr 2019 13:17 SosialXəstələrin sağlamlığı daha güvənli, etibarlı əllərdə olar
Son illərdə həyatımızın bütün sahələrində olduğu kimi səhiyyə sahəsində də dinamik inkişaf nəzərə çarpır. Artıq əvvəlki illərdən fəqli olaraq indi ölkə vətəndaşları Azərbaycanda fəaliyyət göstərən səhiyyə müəssisələrində müayinə olunub müalicə almaq, hətta əməliyyat olunmağa üstünıük verirlər. Bunu da şərtləndirən başlıca amil ölkədə həm müasir tələblərə uyğun səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi və onların yeni avadanlıqlarla təmin olunması, həm də güclü kadr potensialının formalaşmasıdır. Onu da qeyd etmək lazımdır ki, son illərdə bir çox xəstəliklər kimi üərk xəstəliklərində da təəssüfedici də olsa artım qeydə alınır. Əksər hallarda isə bu xəstəliklər əməliyyatla nəticələnir. Mərkəzi Gömrük Hospitalında şöbə rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyev deyir ki, ürək cərrahiyyəsi digər cərrahiyyələrə nisbətən daha böyük və çətin prosesdir. Onun sözlərinə görə, məhz bu səbəbdən hər bir xəstə üzərində cərrahi əməliyyat zamanı və əməliyyatdan sonrakı dövr bizim üçün bir iz buraxır: "Mənim ən çox yadımda qalan insanlar - ilk cərrahiyyə əməliyyatı icra etdiyim xəstələrdir. Mən Türkiyədə təhsil aldığım zaman 27 yaşım var idi. İlk cərrahiyyə əməliyyatımı da həmin dövrdə icra etmişdim. Cərrahiyyə əməliyyatı etdiyim insan xroniki dializ xəstəsi idi. Kifayət qədər riskli xəstə idi. Biz bu xəstə üzərində uğurla cərrahiyyə əməliyyatı etdik. Bu əməliyyat məndə özümə inam verdi, öz bilik və bacarıqlarıma əminliyimi artırdı, düzgün peşə seçməyimdə yanılmadığıma inandırdı. 27 yaşında ilk dəfə olaraq açıq ürək əməliyyatı etmək mənim üçün böyük məsuliyyət və bir stimul oldu. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, biz Türkiyədə cərrahiyyə əməliyyatları icra edərkən arxamızda bir dəstək var idi. Yəni hansısa bir sıxıntı, çətinlik ilə üzləşdikdə həmin peşəkar müəllimlərimizn dəstəyinə ehtiyac duyurduq. Ona görə də, mən həmişə onlara, yuxarıda adlarını çəkdiyim hörmətli müəllimlərimə göstərdikləri köməyə, dəstəyə görə həmişə minnətdaram. Onlar mənim peşəkar kardiocərrah kimi yetişməyimdə böyük rol oynayıblar" İstənilən cərrahi müdaxilə bütöv bir komandadan düzgün qurulmuş iş tələb edir deyən Elməddin Əliyev vurğulayıb ki, kardiocərrahiyyə kimi sahədə isə, bu, xüsusilə məsuliyyətli işdir: "Bizim komandamızda açıq ürək əməliyyatını icra etmək üçün 10-12 nəfər peşəkarlar var. Cərrahiyyə əməliyyatını icra edib bitirdikdən sonra xəstələrimiz reanimasiyaya köçürülür. Reanimasiyada da xəstənin güvəndiyi reanimotoloqa ehtiyacı var. Çünki xəstənin əməliyyatdan sonra reanimasiyada qaldığı müddət də, əməliyyat qədər çətin olan bir dövrdür. Yəni burada ən xırda məsuliyyətsizlik xəstənin ölümünə gətirib çıxara bilər. Reanimasiyada işləyənlərin hamısı bunu dərk edir. Daha sonra xəstələrimiz palatalara köçürülürlər. Həmin palatada xəstələrimiz 24 saat həkim nəzarətində olurlar. Xəstələr bir neçə gün palatada yatdıqdan sonra evə buraxılırlar".
Bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalı ilə Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun tərəfdaşlığa dair anlaşma əldə etməsinə toxunan şöbə rəisi bildirib ki, bu ilin may ayında Gömrük Hospitalı Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb: "Qarşılıqlı əməkdaşlıq nəticəsində biz də Mərkəzi Gömrük Hospitalı olaraq bu sahədə xeyli faydalanacağıq. Florence Nightingale Xəstəxanalar Qrupunun həkimləri müasir tibbin bütün yeniliklərini tətbiq edirlər. İkitərəfli əməkdaşlıq bizim üçün çox perspektivli olacaq. Düşünürəm ki, hər iki tərəfin təşkil etdiyi seminarlarda, konfranslarda, həmçinin, təcrübə mübadiləsi məqsədilə təşkil olunacaq təlimlərdə, təkmilləşdirmə kurslarında iştirak etməklə, mən də bu əməkdaşlıqdan xeyli yararlanacağam. Xəstələrimə gəldikdə isə, təbii ki, mənim göstərdiyim tibbi xidmətin keyfiyyəti yüksək olarsa, onların da sağlamlığı daha güvənli, etibarlı əllərdə olar".
Elməddin Əliyev onu da diqqət çatdırıb ki, hər bir peşə sahibinin yetişməsində onun ilk müəllimlərinin, valideynlərinin böyük rolu olur: "Mən özüm həkim ailəsində böyümüşəm. Atam həkim olub. Məktəb illərindən inanırdım ki, mən də həkim olacağam. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra təhsilimi davam etdirmək üçün Türkiyəyə üz tutdum. 2007-2013-cü illərdə Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə təhsil aldım. Təhsil aldığım müddət ərzində cərrah kimi yetişməyimdə universitetin müəllimlərinin mənim üzərimdə çox böyük əməyi oldu. Türkiyədə oxuduğum müddət ərzində peşəkar həkimlərin təcrübələrindən faydalandım, prof. Dr.Mustafa Özbaran və prof. Dr. Anıl Ziya Apaydından bir sıra biliklər əldə etdim. Bu gün mən burada yaxşı cərrah kimi fəaliyyət göstərirəmsə, ömrümün sonuna kimi onlara borcluyam. 2014-cü ildə Gömrük Hospitalına işə dəvət almağım mənim üçün çox böyük şərəf və işimə verilən dəyər idi. Çünki Gömrük Hospitalı Azərbaycanda aparıcı tibb müəssisələrindən biridir. Baş həkimin və xəstəxana kollektivinin dəstəyi sayəsində mən çox qısa müddət ərzində təcrübə qazanıb uzun təhsil illərində əldə etdiyim bacarıqlarımı nümayiş etdirə bildim. O vaxtdan 5 il keçib və bu günə kimi mən bu Hospitalda təxminən 500-ə yaxın açıq ürək əməliyyatı həyata keçirmişəm. Mən böyüklərdə və uşaqlarda olan ürək xəstəliklərinin cərrahiyyəsi ilə bağlı təhsil almışam. Lakin hazırda Mərkəzi Gömrük Hospitalında böyüklər üzərində cərrahi əməliyyatlarla məşğulam. Mənə ən çox edilən müraciətlər xəstələrin ürəyini qidalandıran tac damarının müalicəsi ilə bağlıdır. Bu xəstələrdə invaziv və carrahi müalicə vaxtında aparılmadığı zaman onlarda infarkt, hətta ölüm hadisəsi baş verir. Bundan başqa ürəyin magistral damarlarının tutulması ilə də bağlı müraciət edirlər. Eyni zamanda, ürəyin daxilində olan qapaqların darlıqları, çatışmazlıqları, həmçinin anadangəlmə ürək problemi olan xəstələr də müraciət edir. Belə hallarda da biz xəstələri cərrahi yolla müalicə edirik. Onu da deyim ki, Gömrük Hospitalında bu əməliyyatları icra etmək üçün müasir tələblərə uyğun hər bir şərait yaradılıb".
Məhəmməd
Olaylar.az