İntellektual uşaqların oxuma və öyrənmə pozuntusu
İntellektual uşaqların oxuma və öyrənmə pozuntusu
27 Sentyabr 2019 12:32 Sosial"Disleksiyalı uşaqlar digərlərinə nisbətən daha zəkalı olur"- Psixoloq
Disleksiya - oxuma və öyrənmə pozuntusudur. Burada əsas problem hafizə və nitqlə əlaqədardır. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir bildirmədə özünü büruzə verən öyrənmə problemidir. Disleksiya problemi olan uşaqlarda zəka probleminin olması fikri yalnışdır. Əksinə, çox güclü zəkaya malik uşaqlarda da disleksiya probleminə rast gəlmək olur. Disleksiyanın anadangəlmə və sonradan yaranan, inkişaf və zədə alma ilə bağlı növləri var. Loqoped - Psixoloqlar disleksiya problemi olan uşaqlarda daha çox rast gəlinən halların, oxuduğu mətnləri dəfələrlə oxuduqdan sonra anlaya bilmə, istiqamət anlayışlarında çətinlik, danışıq zamanı düzgün sözlərdən istifadə edə bilməmək, unutqanlıq, hərfləri öyrənməkdə çətinlik, obyektlərin, əşyaların adlarını xatırlamaqda yaranan çətinlik, oxu zamanı sürətin zəif olması, yazdığı zaman dəfələrlə səhvlərə yol vermək, oxşar səsləri qarışdırmaq, zaman anlayışının ifadəsində yaranan problemlər (məsələn: dünəni bugün, sabahı dünən kimi qarışdırmaq), imla yazmaqda çətinlik, yazıları oxumada çətinlik və s. olduğunu bildirib.
Valideynlər disleksiya problemli övladları ilə bağlı bir neçə mühüm məqama diqqət yetirməlidirlər:
- İlk öncə mütəxəssisə müraciət etməli;
- Övladınızın düzgün qidalanmasına önəm verməli;
- Digər ailə üzvlərinin çətinlik yaşayan övladınızla münasibətlərinə tənzimləməli;
- Övladınızın sosial adaptasiyasına yardım etməli;
- Məktəbdə müəllimələrin övladınızın çətinliyi ilə bağlı məlumatlı olmasından və müvafiq təlim və tərbiyə yanaşması seçməsindən əmin olmalı.
Psixoloq Alidə Əhmədova bildirib ki, disleksiya diaqnozunu təyin etmək çox çətin və diqqət tələb edən prosesdir: "Disleksiya yunancadan tərcümədə "sözlərdə çətinlik çəkmək" mənasını verən disleksiya termini ilk dəfə 1896-cı ildə ingilis həkimi W.Pringle Morgan tərəfindən kəşf edilmiş və "British Medical Journal"da yayımlanmışdır.
Disleksiya zəka geriliyi və ya beyinlə əlaqəli bir xəstəlik deyil. Bu, öyrənmə çətinliyidir. O, anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü daha çox danışmada gecikmə, yeni sözləri gec öyrənmə, hərəkət və koordinasiya pozuqluğu, istiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bu gün, sabah, əvvəl, sonra) anlayışlarını müəyyənləşdirməkdə çətinliklər, danışarkən düzgün sözlərdən istifadə etməmək kimi hallarda göstərir".
Psixoloq qeyd edib ki, disleksiya müşahidə olunan uşaqlarda məktəb vaxtında hərfləri öyrənmədə, sözləri hecalamada çətinlik, xatırlamada, yazıları oxumada çətinlik, oxşar səsləri və hərfləri fərqləndirə bilməmək, oxuyarkən sözləri, sətirləri buraxmaq, sözlərin düzgün mənalarını bilməmək, yazmağı və oxumağı bacarsalar belə yazıda çoxlu hərf səhvləri buraxmaq və çox gec oxumaq kimi xüsusiyyətlər qabarıq şəkildə nəzərə çarpır: "Əslində beyinin sol ön payının işlənməsi lazımkən disleksiya problemi olan uşaqlar bunda çətinlik çəkirlər. Belə uşaqlar oxşar hərfləri, rəqəmləri qarışdırır. Məsələn, b-d, ə-e, p-q, 12-21, 96-69 və s.
Disleksiyası olan uşaqlar gec danışır, gec oxuyur, gec cümlə qururlar.
Bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Soruşa bilərsiniz ki, o zaman nə etməli?
Sadəcə disleksiyalı uşaqlar xüsusi təhsil almalıdırlar. Onların zəkası digər uşaqlardan daha güclu olur. Sadəcə onlar oxumaqda, yazmaqda, fikir söyləməkdə əziyyət çəkirlər. Belə uşaqlar diqqət problemi də yaşayırlar. İmtahan suallarını oxuyub anlamaqda çətinlik çəkdikləri üçün şifahi imtahanda daha uğurlu olurlar".
A.Əhmədova disleksiyası olan uşaqların normal intellekt səviyyəsinə malik olduğunu vurğulayıb: "Bu problemi yaşayan uşaqların valideynləri uşaqlarını olduğu kimi qəbul etməli, onlara dəstək olmalıdırlar. Onları dərnəklərə aparmalıdırlar (rəsm, musiqi, rəqs və s.). Bu, onların çox xoşuna gələcək. Onların hər bir bacarıqlarını mükafatlandırmalı, gözəl sözlər söyləməlidirlər. Bacarmadığı işdə onları ruhdan salmamalı, onlarla bu cür davranmamalıdırlar. "Bu dəfə belə oldu, amma inanıram ki, sən bunun öhdəsindən gələcəksən" kimi sözlər deməlidirlər. Onları başqalarının yanında utandırmamalı, özlərinə inanmalarına kömək etməlidirlər.
Bir məqamı vurğulayaq ki, disleksiya diaqnozu psixoloq tərəfindən müəyyənləşdirilir. Və bu problemin zamanında aşkar edilib mütəxəssislə işlənməsində fayda var. Sonda valideynlərə demək istəyirəm ki, övladlarınıza dəstək olun, onların buna çox ehtiyacı var".
Nigar Orucova
Olaylar.az