SOS! Sahibsiz itlər məktəbləri bürüyüb
SOS! Sahibsiz itlər məktəbləri bürüyüb
26 Sentyabr 2019 11:49 SosialŞagirdlər qorxudan dərsə getməkdən imtina edirlər
Paytaxt sakinlərinin ciddi narahatçılığına səbəb olan sahibsiz itlər problemi yeni tədris ilinin başlanması ilə əlaqədar yenidən gündəmə gəlib. Xətai rayon sakininin redaksiyamıza ünvanladığı şikayət məktubu da məhz sözügedən problemlə bağlıdır. Övladı Xətai rayonunda fəaliyyət göstərən 86 saylı məktəbin 3-cü sinfində oxuyan valideyn bildirib ki, uşağı sözügedən məktəbin ətrafında yaranan qorxulu vəziyyət səbəbindən dərsə getmək istəmir: "Hər səhər mən özüm qızımı məktəbə aparıram. Ancaq həmin ərazidə yaranan vəziyyətə görə qızımı məktəbə aparmağa tərəddüd edirəm. Ərazidə sahibsiz itlərin sayı o qədərdir ki, hər kəs, xüsusilə şagirdlər qorxu içərisində yaşayırlar. Sahibsiz itlərin qorxusundan ətrafda yaşayan sakinlər çölə-bayıra çıxa bilmirlər. Vəziyyət o həddə çatıb ki, sahibsiz itlər parka körpə uşaqla çıxanlara hücum edirlər. Bu səbəbdən insanlar ağacsız, dəyənəksiz bayıra çıxmırlar". Vətəndaş yaranmış vəziyyətlə bağlı aidiyyati qurumlara müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirib.