Azərbaycanda su ehtiyatları azalır – HƏYƏCAN TƏBİLİ
Azərbaycanda su ehtiyatları azalır – HƏYƏCAN TƏBİLİ
25 Sentyabr 2019 17:13 SosialPlastik qablardan istifadə məhdudlaşdırılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı keçirilib.
Olaylar.az xəbər verir ki, konfransda nazirliyin meteo.az saytınını demo versiyanını təqdimatı keçirilib, su ehtiyatlarının idarə olunması, atmosfer havası və payızda gözlənilən hava şəraiti, Xəzər dənizi və plastik tullantılar mövzuları müzakirə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, əhali "meteo.az" saytı vasitəsilə Bakı üçün həftəlik hava proqnozunu əldə edə biləcək: "Müasir dövrdə insanlar hava proqnozlarını dinləyib öz planlarına müəyyən düzəlişlər edirlər. Bu informasiyanın əhaliyə daha dolğun, operativ çatdırılmasının yollarından biri də sosial şəbəkələr və saytlardır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan meteo.az saytı əhaliyə bizim ölkəyə səfərlərini planlaşdıran insanlara daha dolğun, digər mənbələrdən fərqli olaraq ölkəmizin yerli şəraitini, relyefini, Xəzər dənizinin təsirini və digər amilləri nəzərə almaqla hazırlanan proqnozları əldə etmək imkanını verəcək".
Onun sözlərinə görə, saytda faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə etmək mümkündür: "Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək.
Sayt istifadəçilərinin müxtəlif maraq dairələrini nəzərə alaraq burada fermerlər üçün aqrometeoroloji şərhlər, meteohəssas insanlar üçün tibbi meteoroloji proqnoz və xəbərdarlıqlar, səyahətə çıxanlar üçün avtomobil yolları üzrə meteoməlumat, ilin isti mövsümündə çimərliklər, soyuq mövsümdə isə qış kurortları barədə məlumatları əldə edə bilərlər. Saytımızın digər özəlliyi bundadır ki, bəzi fiziki imkanları məhdud olan insanlar da nəzərə alınaraq onlar üçün səsli hava proqnozları təqdim ediləcək".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə qeyd edib ki, sudan istifadədə fərqli tariflərin tətbiqi vacibdir: "Azərbaycan su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir. Bizim su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir. Gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməlidir.
R.Səttarzadə deyib ki, bu işlərin davamı olaraq BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin təşkilatçılığı ilə Saatlı rayonunun Cəfərxanlı kəndində damcılı suvarma sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırılıb: "Layihənin məqsədi kənd təsərrüfatı sahəsində ənənəvi suvarma metodundan müasir suvarma metodlarına keçidin təşviq edilməsidir".
Xəzər dənizi və plastik tullantılar mövzusu ilə bağlı danışan Rasim Səttarzadə vurğulayıb ki, plastik qablardan istifadənin məhdudlaşdırılması razılaşdırılma mərhələsindədir: "Ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı layihə isə razılaşdırılma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır.
ETSN vətəndaşlarımızı yenə də polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadəyə çağırır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova tullantılardan danışıb. Nazirlik rəsmisi bildirib ki, təbiəti özümüz bu günə qoyuruq: "Təbiətimizə münasibətimiz dəyişmədikcə istirahət etdiyimiz ərazilər də daxil, ayağımızın dəydiyi hər yerdə ürək açmayan mənzərənin, tullantıların şahidi olacağıq. Təəssüf yaradan da odur ki, bu haqda davamlı olaraq danışılır, yazılır, təbliğat aparılır, örnək üçün təmizlik aksiyaları keçirilir. Amma yenə də öz ətrafımıza, dənizə, meşəyə biganəlik, tullantıların hara gəldi atılması davam edir. Hər birimiz məsuliyyət daşıyırıq. Bunun üçün hər kəs özündən başlamalıdır".
Nigar Orucova
Olaylar.az