Jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər

Jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub.

Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə hüquqi islahatlar aparılmağa başlanıldı. Konstitusiyanın qəbulundan sonra ölkədə medianın fəaliyyətinin tənzimlənməsi və media sahəsində mükəmməl qanunvericilik bazasına nail olmaq üçün bir sıra addımlar atıldı. Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Bu fərmanın bir bəndiylə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.
Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə, 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülüb. Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur.

Müasir informasiya, vətəndaş cəmiyyətinin, eləcə də, azad medianın əsası dəyərlər fikir, söz və məlumat azadlığıdır. Cəmiyyət demokratikcəsinə inkişaf etdikcə informasiya cəmiyyətinə keçid sürətlənir, informasiya mühitinin texnoloji komponentləri, informasiya resurslarının formalaşması, yayılması və istifadə sistemləri, informasiya telekommunikasiya infrastrukturu yaranır və inkişaf edir. Cəmiyyəti doğru, düzgün, obyektiv informasiyalarla məlumatlandıran, kütləvi informasiya vasitələri dövlət informasiya siyasətində həlledici təsisatlarından olub bir növ dördüncü hakimiyyət funksiyasını həyata keçirir. Dövlət orqanlarının informasiya, media sahəsində gördüyü tənzimləyici tədbirlər dövlət informasiya siyasətinin əsas mahiyyətini təşkil edir. İnformasiya sektorunda kütləvi informasiya vasitələri qəzet, jurnal, televiziya, radio kanalları, informasiya agentlikləri, telekommunikasiya-informasiya sistemləri, habelə, hər növ informasiyanın - xəbər, elmi, işgüzar, əyləncəli və s. məlumatların qorunması, istifadə edilməsi ötürülməsi ilə bağlı istehsalçı münasibətlərinin məcmusu daxildir. Dövlət informasiya siyasətinin əsas vəzifələrindən biri "Kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilatın və texnoloji tədbirlərin müəyyən edilməsidir".

Ölkə Prezidenti İlham Əliyevin dövlət informasiya sahəsində gördüyü tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu dövrü belə səciyyə etdirir: "Hazırda Azərbaycan dövlətin və cəmiyyətin keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatının bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq kütləvi informasiya vasitələrindən də yan keçməmişdir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sairə son illərdə Azərbaycanda keçirilmiş mühüm tədbirlərdir".

Mübaliğəsiz demək olar ki, Azərbaycan fikir, söz, məlumat azadlığının, plüralizmin bərqərar olduğu bir dövlətdir. Ölkədə demokratiyanın əsas atributlarından sayılan bu dəyərlər durmadan inkişaf edir, getdikcə hamı üçün əlçatan olur. Statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda, bəlkə də minədək qəzet və jurnal qeydiyyatdan keçib. Xəbər agentliklərinin, internet saytlarının geniş şəbəkəsi mövcuddur. Üstəgəl, sayı ilbəil artan Tv və radio kanalları, kabel televiziyaları, sosial media, genişzolaqlı internet...

Demokratiyanın yolu heç də hamar deyil. Onu birdən-birə, "sehrli çubuğ"un işarəsi ilə əldə etmək mümkün deyil. İlk növbədə, cəmiyyətin buna hazır olması, müəyyən təkamül mərhələsi keçməsi gərəkdir. Azərbaycanın demokratik inkişaf yolu, ulu öndər Heydər Əliyevin müdrikcəsinə düşünüb tapdığı və reallaşdırdığı yeni dövlət modeli buna parlaq misal ola bilər. Bu modeldə mətbuata xüsusi rol ayrıldığını ilk baxışda görmək mümkündür. Heydər Əliyev hesab edirdi ki, demokratiyaya və vətəndaş cəmiyyətinə gedən yol məhz mətbuat və söz azadlığından keçir. Bu qənaətin doğruluğunu zaman özü təsdiqlədi...

Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu gün ölkədə kütləvi informasiya vasitələri dünya informasiya məkanına sürətlə inteqrasiya edir. Eyni zamanda, güclü internet resursu formalaşıb, onlayn media sürətlə inkişaf edir. Artıq ölkə əhalisinin 80 faizinin internet istifadəçisi olduğunu nəzərə alsaq, bu faktorun nə qədər böyük əhəmiyyət kəsb etdiyini söyləmək olar.  Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Azərbaycanda internet və sosial media azadlığı ən yüksək həddə inkişaf edib. Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər. Dövlət başçısı son 15 ildə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb. Ölkə Prezidenti, həmçinin, jurnalistlərin sosial problemlərinin həllini, eləcə də, mətbuatın maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün təmənnasız olaraq yaşayış binalarının tikilib istifadəyə verilməsi, vaxtaşırı olaraq KİV-lərə maliyyə dəstəyinin göstərilməsi və s. faktlar fikrimizi sübut edir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31