Sağalmaz dərslik yaramız -MÜNASİBƏT
Sağalmaz dərslik yaramız-MÜNASİBƏT
25 Sentyabr 2019 14:03 SosialSosial Tədqiqatlar Mərkəzi sorğunun nəticələrini açıqladı
Yeni tədris ilinin başlanması ilə əlaqədar dərsliklərlə bağlı problemlər yenidən gündəmə gəlib. Azərbaycan Respublikasının Təhsil İnstitutunda dərsliklərlə bağlı ayrıca şöbə yaradılmasına, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə yaradılmış Dərslikləri Qiymətləndirmə Şurasına yeni seçkilər keçirilib, dərsliklərin ictimai müzakirəsi təşkil olunur, yenə də dərsliklərlə bağlı problemlər qalmaqdadır. İstər dərsliklərin keyfiyyəti, istərsə də tərtibatı ilə bağlı narazılıqlar gündəmi zəbt etməkdədir. Yeri gəlmişkən xatırladaq ki, müstəqillik illərində Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanması və nəşri işində müəyyən dəyişikliklər baş verib. Belə ki, dərsliklərdə vətənpərvərlik mövzusuna, Azərbaycançılıq məfkurəsinə kifayət qədər yer ayrılıb, dərsliklərin yeni üsullarla yazılmasına başlanılıb. Lakin dərsliklərdə müşahidə olunan təhriflər, uşaqların tərbiyəsinə mənfi təsir edə biləcək mövzuların əksini tapması ictimai narazılığa gətirib çıxarır. Məhz bu kimi amilləri nəzərə alaraq Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən dərsliklərin vəziyyəti ilə bağlı içtimai sorğu keçirilib. STM-dən əldə etdiyimiz məlumata görə, məktəb dərsliklərinin yazılmasında və tərtibatında çoxsaylı problemlər mövcuddur: "Pessimist proqnozlarla baxmayaraq, bu gün Azərbaycan məktəbləri yeni inkişaf mərhələsindədir. Məktəblər 6 - 17 yaşlarındakı yeni nəslə bilik və təhsil verən müəssisələr kimi onlara keyfiyyətli təhsil verməli, onları gələcək həyata hazırlamalı, ixtisas və peşə seçimində kömək etməli cəmiyyətin və dövlətin həyatında fəal iştirak etmələri kimi mühüm məsələləri həll etməlidir. Cəmiyyətin inkişafı kontekstində məktəblərin əsas məqsədi - savadlı, bacarıqlı və vətəndaş mövqeyi olan yeniyetmələrin hazırlanmasıdır. Bu işdə isə məktəb dərsliklərinin yeri və rolu müstəsna dərəcədə artır. Dövlətin və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dərsliklərin hazırlanması dövrün və zamanın ehtiyaclarından biridir. Bu isə kifayyət qədər mürəkkəb və çoxcəhətli bir prosesdir. Bu mənada ulu öndərimiz Heydər Əliyevin "Hər bir ölkənin gələcəyi, onun biliyindən aslıdır" - sözləri bütün dövrlərdə öz aktuallığını saxlayacaqdır. Dərsliklər gənc nəslin ictimai şüurunun müəyyən mənada inkişafı ilə bağlı olmalı və onların dövrün tələblərinə adaptasiya edilməsinə kömək etməlidir. Bu işdə təkcə dərsliklərin məzmunu deyil, onların yazılma metodikası və metodologiyası, üslubu, tərtibatı, keyfiyyəti məsələləri də diqqət mərkəzində olmalıdır. Şübhə yoxdur ki, informasiya əsrində uşaq və yeniyetmələr üçün informasiya əldə etmək problemi yoxdur. İnternet şəbəkəsinə qoşulmaq imkanı olan şagirdlər informasiya tələbatlarını müəyyən səviyyədə ödəmək üçün daha geniş imkanlar qazanır. Lakin etiraf etməliyik ki, dərsliklərdə olan informasiya yoxlanılmış, sistemli və məktəblilərin fizioloji və psixoloji durumuna daha çox cavab verir. İnternetə çıxış isə hələ də bir çox yerlərdə ciddi problem olaraq qalmaqdadır. Dərsliklər şagirdlərin inkişafına güclü təsir göstərir. Bu dərsliklər şagirdlərin savadlı olmasında, onların dünyagörüşünün formalaşmasında, vətənə və dövlətə sadiq olmasında, adət-ənənələrin öyrənilməsində, mədəniyyətinin artmasında, tolerantlığın inkişafında xüsusi, unikal rol oynayır. Dərsliklər şagirdlərə fundamental və etibarlı bilik verən mənbəyə çevrilməli, onlarda informasiya və bilik mədəniyyətini formalaşdırmalıdır".
Məlumatda həmçinin bildirilib ki, yaşadığımız əsr və informasiya texnologiyaları ("informasiya partlayışı") dərslikləri tərtib edən mütəxəssislər, alim və müəllimlərin qarşısında geniş imkanlar açmış, onları prinsipcə yeni məsələlər həll etmək zərurəti qarşısında qoymuşdur. Keçirilən sosioloji sorğu göstərmişdir ki, bu gün dərsliklərin yazılması və tərtibatına yanaşma prinsiplərinin yenidən nəzərdən keçirilməsinə ciddi zərurət yaranıb. Bu işin təşkili və inkişaf paradiqmasının dəyişməsi zamanın tələbidir. Apardığımız sosioloji tədqiqat göstərdi ki, Azərbaycanda məktəb dərsliklərinin yazılmasında və tərtibatında çoxsaylı problemlər mövcuddur. Müxtəlif səbəblər üzündən məktəblilərin dərsliklərə marağı azalıb. Məhz bu səbəbdən onları dərsliklərə "qaytarmaq" vacib məsələ kimi gündəmdə durur: "Ümid etmək istərdik ki, ictimai rəy sorğusunun materialları dərsliklərin yazılması və tərtibatı ilə məşğul olan, bu işi təşkil edən və ona rəhbərlik edən bütün mütəxəssislərə kömək edəcək, onlar vəziyyətlə tanış olaraq bu sahədə yaranmış problemlərdən baş çıxaracaq, onların həlli yolunu tapacaq və bu da öz növbəsində, məktəb dərsliklərindəki nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, dərsliklərin nüfuzunun artmasına, onların daha da təkmilləşdirilməsinə, bu sahədə yeni, daha geniş və müasir imkanların üzə çıxarılmasına şərait yaradacaq. Bununla bərabər qeyd etməliyik ki, məktəb dərsliklərinin yaxşılaşdırılması və adaptasiyası ilk növbədə, şəxsiyyətin hərtərəfli formalaşması, onun tam dəyərli olması üçün vacib vasitədir. Bu məsələnin bütün səviyyələrdə dərk edilməsi vacib amildir".
Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də etiraf edib ki, ali məktəblərdə dərsliklərlə bağlı problemlər var. İ. Həbibbəyli bildirib ki, hazırda ali məktəblərdə dərsliklərin yaradılması istiqamətində fəallıq müşahidə olunmur: "Xüsusən tətbiqi, dəqiq və təbiət elmləri sahəsində hələ də tərcümə olunan dərsliklərdən istifadə edilir. Bəzən də tərcümə edilmiş bu dərsliklər köhnəlmiş olur. Ona görə də ali məktəb dərsliklərinin hazırlanmasına diqqət yönəltmək aktual məsələdir". İ. Həbibbəyli deyib ki, dərslik problemi ali məktəblərin həm bakalavr, həm də magistratura pillələri üçün mövcuddur: "Bakalavr pilləsi üçün dərsliklərin yenilənməsinə ehtiyac olsa da, ortada bir baza var. Magistratura üçün isə dərsliklərin yaradılması prosesi çox ləng gedir. Bəzən magistraturada müəyyən olunmuş fənlər üçün elə bakalavrda keçirilən dərsliklər tətbiq olunur. Hətta magistraturanın tədris proqramının özü yenilənməlidir. Magistraturanın tədris proqramları bakalavrdan az fərqlənir. Müəllimlər də deyirlər ki, bakalavrda keçdikləri fənləri magistraturada dərinləşmiş şəkildə keçirlər". Komitə sədri bu problem barədə Təhsil Nazirliyinin də məlumatlı olduğunu nəzərə çatdırıb: "Bir neçə ay əvvəl Bakı Dövlət Universitetində keçirilən iclasda Təhsil naziri Ceyhun Bayramovun təklifi ilə magistratura üçün dərsliklərin hazırlanmasının təhsilin prioritet istiqamətlərdən biri kimi qəbul edilməsi təklif olundu. Hesab edirəm ki, bu ildən bu istiqamətdə tərpəniş, irəliləyiş hiss olunacaq".
Zəka
Olaylar.az