До свидания, мама! -Züleyxa Nadir yazır

До свидания, мама!-Züleyxa Nadir yazır

Züleyxa NADİR

Bu günlərdə rastıma bir video çıxdı. Video-görüntüdə guya uşağa rus dili öyrədilir.  "Müəllim" 3-4 yaşlı oğlana "Спокойной ночи" (gecəniz xeyrə qalsın)  sözünü təkrarladır. Uşaq isə deyə bilmir, rus dilində tələffüzə dili yatmır. "Müəllim"  "cпокойной ночи"ni  təkrar-təkrar ondan düzgün söyləməsini tələb edir. Uşaq bir neçə variantda təkrarlamağa çalışır, sonda isə "ispasibo qonşi" deyə bilir. Doğrusu, bir dəqidəlik bu görüntüdə öyrətməkdən çox, rişxənd hissi ilə bərabər uşağın alçaldılmasını  hiss etdim. Rus dilində dili söz tutmayan uşağın söylədiklərindən xoşhal olan "müəllim", yaxud valideyn   sanki, onunla məzələnir. Bəli, bəli, məhz məzələnir...

Bu videonu kim çəkib, niyə çəkib, nə məqsədlə yayımlayıb? Niyə balaca bir uşağı gülünc vəziyyətdə təqdim edir? Bu sualların cavabı çox sadədi: nadanlıq. İnsan nə qədər nadan olmalıdır ki, övladının gülünc vəziyyətə düşməsini sərgiləsin? Yaxud da bir başqasının bunu etməsinə meydan versin?

Vaxtilə Nəriman Nərimanov "Nadanlıq" komediyasını yazanda bir gün bu millətin qaranlıq zehninə işıq düşəcəyinə əmin olub. Nərimanov bu əsəri kənd məktəbində dərs deyərkən qələmə alıb. O, bir müəllim kimi həmin dövrün eybəcərliyini, feodal mühitin formalaşdırdığı insanların cəmiyyətdə bir ləkə olduğunu görürdü. Əmin idi ki,  gün gələcək bu eybəcərlik yox olacaq, toplum aydınlaşacaq. Amma yox, hələ də çoxları o qaranlıqda qalıb, işığa çıxmaq istəmir. İstər öyrədən olsun, istərsə də öyrənən - hər ikisi yeniliyi baş-ayaq görür, meşşanlıq nümayiş etdirir.  Bunun da kökündə millətini sevməmək, ana dilini qəbul etməmək durur.

Məlum videodan belə məlum olur ki, valideyn (müəllim rolunda səsi gələn adam) uşağı rus dilində danışmağa vadar edir. İstəyir ki, onun dili  rus dilində açılsın. Bu, faciədi, komediyadı. Bu, ana dilinə zərbədi. Bu, Azərbaycan dilinin açaldılmasıdı. Azəbaycanda yaşayaraq havasını udub, suyunu içərkən onun dilini bəyənməmək nə demək? Bu, tərbiyəsizlikdi.

Yadıma tanış bir ailənin təxminən 5-6 il əvvəl ana dili ilə bağlı düşdüyü xoşagəlməz  vəziyyət düşür. Bu ailədə hamı rusdillidi, Azərbaycan dilində kəlmə də  bilmirlər. Bakının mərkəzində yaşayırlar. Bir gün başa düşürlər ki, ana dilində bilməməkləri çox  böyük qüsurdu. Artıq sovetlər zamanı deyil, Azərbaycan dili  rəsmi dövlət dilidir. Üstəlik də  ana dilini bilməməkdən dolayı əziyyət çəkirlər, getdikləri çox yerdə  rus dilini bilməyənlərlə anlaşa bilmirlər. Ona görə də nəvəni Azərbaycan bölməsinə yazdırırlar. Bununla da  6 yaşlı Aida Azərbaycan dilində təhsil alar və evdəkilərə də ana dilində danışmaq öyrədər. İlk gün məktəbə gedən qızcığaz Azərbaycan dilində söhbətlərin heç birini başa düşmür, elə bilir ki, xarici dildə danışırlar. Evə dönəndə ağlayır,  məktəbə getməkdən imtina edərək deyir ki,  все говорят по английски, я не понимаю... Təsəvvür edirsinizmi?  Bu, Azərbaycan dilini ingilis dili kimi anlayan qızcığazın faciəsi deyil. Bu həmin ailənin komik vəziyyətidi. Sadəcə, video - görüntüdəki tərbiyəsiz davranış bu ailəyə yaddır. Fərq budu...

Dil insanlar arasında ünsiyyət vasitəsidir. O, həm də təmiz fikrin, dəqiq ifadənin açarı kimi kamilliyin göstəricisidir. Onun gözəlliyi və incəliyi məna tutumunda, səs düzümündə əks olunur. Hər bir millətin öz ana dili var və onun taleyi həmin dilin kökünə və birliyinə bağlıdır. Vay o gündən ki, dil öz kökündən laxlasın. O zaman  millətin faciəsi başlayır, onun əriməsi  üçün hərarət artır.

Bu gün Azərbaycan dilinin "anasını ağlar günə qoyan"  həmin videodakı nadanlar, tərbiyəsizlərdi. Cəmiyyət bu cür tərbiyəsizlərin ucbatından çürüməyə doğru gedir, laxlayır. Kim deyir ki, sən rus dilində danışma, ingilis, alman, ya da fransız dilini başa düşmə? Bunu sənə kimsə qadağan edə bilməz.  Sən övladına istədiyin dili öytrətməkdə azadsan. Amma sən övladını rus dilində, yaxud da başqa bir əcnəbi dildə danışmasını istəyirsənsə bunu çox normal şəkildə edə bilərsən. Bu gün sən onu gülünc vəziyyətdə cəmiyyətə təqdim edirsən. Sabah o, bunun heyfini səndən alacaq, özü də çox pis formada, çox eybəcər şəkildə. O görüntünü internet vasitəsi ilə yayımlayanda bunu düşündünmü? İnanıram ki,sənin dayaz düşüncəndə övladının gələcəyi haqqında yalnız rus dilini bilməsi fikri yer alıb. Sənin düşüncənlə uşağın bu gün rus dilini öyrənməsə, sabah həyatda yer tuta bilməyəcək.

Əslində sən özün rus dilindən anlamayan biri kimi görünürsən. Sən özün "cпокойной ночи" kəlməsini doğru-düzgün tələffüz edə bilmirsən. Uşaqdan nə haqla bunu tələb edirsən? Əvvəlcə özün bu dili mükəmməl bilməlisən ki, sonra başqalarına nümunə ola biləsən. Sən elə bilirsən ki, uşağın rusca dil açanda baş ucalığı gətirəcək? Sən öz ananın dilinin gözəlliyini görməyəcək qədərmi korsan? Bunun üçün şair, yazıçı, jurnalist olmaqmı lazımdı? Aç gözlərini, ürəyinin qapılarını bağlama, gör sənin ana dilin nə qədər şirindi. Sən ana dilindən uzaqlaşdıqca, uşağını rus dilində öyrənməyə məcbur etdikcə dəyərin azalır, qiymətin aşağı düşür və millət olaraq can verirsən. Çünki sən ananın dili ilə məzələnirsən.

Sən bilmirsən ki, niyə "ana dili" deyilir? Yoxsa övladının  o cür gülünc vəziyyətini  paylaşmazsan. Mən bilmirəm o videodakı anadı, xaladı, bibidi, qonşudu, qohumdu, tanışdı...  bütün hallarda bu cür məsuliyyətsizliyin  ağırlığı məhz ananın çiyninə yüklənir. Ana olaraq övladının görüntüyə alınmasına icazə verməməliydi. Bu azmış kimi həmin görüntünün sosial şəbəkəkərdə paylaşılması da ananın günahıdı.

Təkrar edirəm: gün gələcək o uşaq böyüyəcək, həmin görüntünün hesabını anasından soruşacaq. Bu gün  dili "ispasibo qonşi" kimi söz tutan o uşaq vaxt gələcək "до свидания, мама" deyib səndən də, vətəndən üz döndərəcək. Hərçənd  sənin kimilərinin vətən anlayışı rus dilini bilmək, o dildə danışmaq və oxumaqdan ibarətdi. "Azərbaycan dili", "Azərbaycan dövləti", "Azərbaycan xalqı, milləti" kimi anlayışlar sənin cəmiyyətdəki mövqeyinlə üst - üstə düşmür. Sən bu cəmiyyətin nəinki üst təbəqəsi, heç orta təbəqəsi də deyilsən. Sən onun lap alt qatında yer alan məxluqsan. Əks halda bu cür şüursuz hərəkətə yol verib övladını gülünc video-görüntü ilə  zədələməzsən. Bu gün onun alığı  həmin zədə sabah ağrılı yara olacaq, sağalmayacaq. Və onun ağrısını,  həm də sən çəkəcəksən.

Çəkəcəksənmi?..

До свидания, мама!..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31