YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin şura iclası keçirilib

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin şura iclası keçirilib

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin Şura iclası keçirildi.
Olaylar.az xəbər verir ki, tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Gənclər Birliyinin sədri Rüfət Əhmədov və Gənclər Birliyinin şura üzvləri iştirak etdilər. İclasda Gənclər Birliyinin Fəaliyyət Planı və gənclərin sosial şəbəkələrdə fəallığının artırılması ilə bağlı bir sıra məsələlər geniş müzakirə olundu.

İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Təşkilatın Gənclər Birliyinin sədri Rüfət Əhmədov bildirdi ki, Yeni Azərbaycan Partiyası hər zaman  öz fəaliyyətində üzvlərinin rəy və təkliflərini nəzərə alır və demokratik idarəçilik prinsiplərini layiqincə tətbiq edir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır.  Gənclərin irəli sürdüyü layihələr mütəmadi olaraq öyrənilir, milli maraqlara uyğun olan və dövrümüzlə uzlaşan kreativ fikirlər praktikada uğurla reallaşdırılır. Natiq tədbirdə  müasir dövrümüzdə sosial şəbəkələrin vacibliyindən, onların ictimaiyyətə, cəmiyyətə və gənclərə təsirlərindən söz açdı.

Gənclər Birliyinin şura üzvləri Məmmədov Aqşin, Bünyadov Mehdi, Mahmudov Tosif, Mirzəyev Vilayət çıxış edərək bildirdilər ki, bundan sonra da partiya həyatında daha da fəal iştirak edəcəklər. Həmçinin gənclərin fəallığı ilə bağlı öz təkliflərini irəli sürdülər.

İclasın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ideoloji sahədə fəaliyyətin gücləndirilməsi, sosial şəbəkələrdə aktivliyin artırılması üçün tövsiyyə və tapşırıqlarını verdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31