Azərbaycanda azad medianın inkişafı üçün hər cür şərait var
Azərbaycanda azad medianın inkişafı üçün hər cür şərait var
23 Sentyabr 2019 15:44 SosialMəlumat və ifadə azadlığı sahəsində qanunvericilik baza yaradılıb
İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təmini hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Təsadüfi deyil ki, hüquqi dövlət quruculuğu və demokratiyanın ölçülməsində də bu hüquq və azadlıqlar əsas indikatorlardan biri sayılaraq bir çox indekslərdə istifadə olunur və ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsinin demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Azərbaycan Respublikası da XX-ci əsrdə özünün müstəqilliyini ikinci dəfə qazanandan sonra qanunvericilik sistemində köklü islahatlara start verildi. İlk olaraq 1990-cı illərdə qanunvericilik sahəsində atılan addımlar, xüsusilə də "Məlumat azadlığı", "İnformasiya əldə etmək" haqqında qanun və "KİV haqqında" qanunun qəbulu KİV sahəsində mövcud problemlərə preventiv yanaşma və onların həlli istiqamətində və eləcə də demokratiyaya keçid istiqamətində atılan mühüm addım hesab olunur. Həmçinin 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və ana qanunda fundamental insan hüquq və azadlıqları təsbit edildi. Eyni zamanda burada insan hüquq və azadlıqlarında özünün xüsusi yeri olan fikir və söz azadlığı (maddə 47) və məlumat azadlığı (maddə 50) kimi maddələr yer aldı. Bu qanunların hər biri məlumat və fikir, söz azadlığını təmin etdi. Məsələn, məlumat azadlığı maddəsinin II bəndində deyilir: "Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır". Fikir, söz azadlığı maddəsində isə bildirilir: "Hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir". Birmənalı olaraq Azərbaycanda söz, məlumat, ifadə azadlıqlarının təmin ounmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətini qeyd etmək lazımdır. Belə ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzalandığı "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanla senzura ləğvi olundu. Bu damüstəqilliyini əldə edən dövlətin mətbuata verdiyi ən böyük töhfə idi.
Hüquqşünas Azad Rzayev qeyd edib ki, məlumat azadlığının qanunvericilik əsaslarının demokratik normalara cavab verməsi və geniş xalq kütlələrinin və KİV-lərin bu hüquqdan istifadəsinin hüquqi cəhətdən təmini hakimiyyətin leqallığı və legitimliyinin artırılması və onun indeksinin yüksəlməsi kimi prosesə yol açmış olur. Bu iki proses də öz-özlüyündə, KİV və legitimlik prosesi arasında dolayı asılılığın və əlaqənin olduğunu göstərir. Təsadüfi deyildir ki, məlumat azadlığı sahəsində mükəmməl qanunvericiliyin mövcudluğu və bu hüquq və azadlıqların təmininin hansı səviyyədə olması xalqın mövcud siyasi hakimiyyətə etimadının səviyyəsinin göstəricisi kimi də qəbul edilir. İnformasiya əldə etmək zamanı bir sıra süni problemlərin üzə çıxması isə hüquqi hadisə olan leqallıq və siyasi hadisə olan legitimlik indeksini zədələyir. Ona görədə demokratik siyasi sistemlər bu faktora ciddi fikir verirlər. Onun sözlərinə görə, bir çox hallarda məlumat azadlığının təmini və ümumilikdə KİV sahəsində aparılan islahatlar, xüsusilə də qanunvericilik sisteminin modernləşməsi bir sıra mətbuat orqanları üçün əlavə imtiyazlara çevrilir və qanundan sui-istifadə halları yaranır. Bu isə ölkədə media azadlığının inkişafına xidmət etmir. Bir sıra hallarda qanunvericiliyin pozulması kimi faktlar da olur: "Məsələn, şəxslərin şəxsi və ailə həyatına aid olan məlumatların qanunsuz yolla toplanılması və yaxud şəxsiyyət haqqında məlumatın qanunla müəyyən edilmiş qaydada toplanılmaması və sair. Halbuki "Məlumat azadlığı haqqında qanun"un müvafiq maddələri bunları tam qadağan edir. Məsələn 14-cü maddədə deyilir: "Məlumatın aldatma, hədəqorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır". Eyni zamanda qanunun 10-cu maddəsinə əsasən isə şəxslərin şəxsi və ailə həyatına aid olan məlumatlar alınması məhdudlaşdırılan məlumat sırasına daxil edilib. Sözsüz ki, Azərbaycanda məlumat azadlığının qanunvericilik tərəflərindən danışan zaman biz "Diffamasiya haqqında qanun"u da qeyd etməliyik. Burada qeyd edilməli xüsusi bir məqam odur ki, ölkəmizdə söz, fikir, ifadə və məlumat azadlığının olmasına baxmayaraq bir çox dövlətlər diffamasiya haqqında qanunun qəbul edilməsinin vacibliyindən danışırlar və bunu KİV haqqında qanunların əsas tərkib hissələrindən biri kimi qəbul edirlər. Şübhəsiz ki, bu qanun sistemin bir elementidir, amma onu da yaddan çıxarmaq lazım deyil ki, bu qanun bir çox hallarda qeyri-etik jurnalistika ənənələrinə üstünlük verən şəxslərin birbaşa olaraq məsuliyyətdən azad olunmasını özündə ehtiva edir. Demokratik prinsiplərə uyğun olsa da, demokratik tranzisiya prosesləri yaşayan dövlətlərdə belə bir qanunun qəbulu bir sıra hallarda tələsiklik kimi qəbul edilir. Bu da ilk növbədə məsələyə elmi, məntiqi və sistemli yanaşmanı tələb edir. Yaddan çıxarmaq lazım deyil ki, azadlıqlar verilən zaman heç də bütün hallarda bu azadlıqlardan qanunun ruhuna uyğun olaraq istifadə edilmir və bundan sui-istifadə halları da olur".
Hüquqşünas Alim Hüseynli isə qeyd edib ki, insan hüquq və azadlığının təmininin qanunvericilik tərəflərindən danışan zaman Avropa yurisdiksiyasına qoşulan dövlətimizin Avropa İnsan Hüquqları Konvensiyasını qəbul etməsini də qeyd etmək lazımdır. Çünki, bu konvensiyada da məlumat azadlığı məslələrinə xüsusi diqqət yetirilir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu madəsində ifadə və informasiya azadlığı təsbit edilib. Orada deyilir: "Hər bir şəxs ifadə azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində azad qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir". Lakin eyni zamanda konvensiyaya görə ifadə və informasiya azadlığı mütləq deyildir. Dövlət bəzi şərtlər daxilində bu azadlığa müdaxilə edə bilər (fikirlərin, informasiyanın və ideyaların ifadə edildiyi vasitələrdən asılı olmayaraq). Belə ki, həmin 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulur ki, ifadə azadlığına qoyulan istənilən məhdudiyyət legitimliyi qəbul edilmiş məqsədlərdən biri ilə - milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş, sağlamlığın və ya əxlaqi dəyərlərin qorunması, iğtişaşın və ya cinayətin qarşısının alınması, başqalarının nüfuzlarının, yaxud hüquqlarının qorunması, məxfi yolla əldə edilmiş məlumatların mühafizə edilməsi, yaxud ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təmin edilməsi məqsədi ilə əsaslandırılmalıdır. Onu da bildirək ki, Avropaya inteqrasiya Avropa ölkələrində olduğu kimi bizdə də KİV sahəsində islahatlar və qanunvericilik media məsələləri üzrə müvəkkil institutunun təsisini də zəruri edirdi. Bu mənada ölkəmizdə də media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) verilməsini də xüsusilə qeyd etmək lazımidir. Nəzərə alsaq ki, məlumat almaq azadlığı insan hüquqları sisteminə daxildir, bu baxımdan da media ombudsmanının səlahiyyətlərinin İnsan Hüquqları üzrə Müvəkkilə verilməsi atılan ən məqsədəuyğun bir addım oldu. Onun sözlərinə görə, hazırda prezident İlham Əliyev ölkədə söz və mətbuat, fikir və məlumat azadlğının təminatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, dövlət başçısı qeyd edib ki, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir: "Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir". Sevindirici haldır ki, ümummilli liderin cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkə mətbuatına göstərdiyi qayğı da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, milli mətbuatımızın hər 5 ildən bir yubileylərinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamları bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. 2005-ci ildən "Əməkdar jurnalist" fəxri adı bərpa edilmiş, çoxsaylı həmkarlarımız fəxri adlara, orden və medallara layiq görülmüşlər. Prezident sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Həmin sənəd əsasında 2009-cu il aprelin 3-də "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" dövlət başçımızın fərmanı bu istiqamətdə atılmış mütərəqqi addımlardan biridir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir