Rektor Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb

Rektor Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Olaylar.az bildirir ki, ADU-nun rektoru Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qarışılıqlı əlaqələrin yaradılması üçün göstərilən təşəbbüsü yüksək qiymətləndirib.

Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev səmimi qəbula görə təşəkkürünü bildirib. N.Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib: "Bu gün ölkə başçımız da öz çıxışlarında deyir ki, ictimai sabitliyin olmadığı yerdə iqtisadi inkişafdan söhbət gedə bilməz. Azərbaycanda bugünkü sabitliyi qoruyan hüquq-mühafizə orqanlarının ən fəalı polisdir. Ona görə də biz yalnız elmə malik məzun yox, Azərbaycan vətəndaşına xidmət edəcək, dövlətimizi, gələcəyimizi, doğmalarımızı qoruyacaq mütəxəssislər yetişdiririk. Bu gün Azərbaycanın bütün regionlarında beynəlxalq tədbirlər keçirilir, xarici qonaqlar səfər edir. Dil biliyi ünsiyyət zamanı mütləq lazımdır. Biz də qarşımıza məqsəd qoyduq ki, hər bir məzunumuz ingilis dilini bilməlidir. Ona görə də sizinlə əməkdaşlıq etmək qərarına gəldik".

Görüşdə gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadilələri aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31