Şəxsi həyatda məsuliyyətsiz davranışlar istənilən bir şəxsi nüfuzdan sala bilər -ŞƏRH

Şəxsi həyatda məsuliyyətsiz davranışlar istənilən bir şəxsi nüfuzdan sala bilər -ŞƏRH

İctimai insanlar, siyasətçilər tarixə öz işləri, əməlləri ilə düşməlidir, şəxsi həyatdakı qalmaqallarla yox

Son vaxtlar cəmiyyət həyatında baş verən hadisələr, əsasən siyasi cameədə cərəyan edən bəzi xoşagəlməz proseslər bir sıra maraqlı sualların meydana çıxmasına səbəb olub. Hakimiyyətə iddalı olan bir partiya rəsmisinin demokratiya, insan hüquq və azadlıqları bağırdığı halda, dövlətin kiçik bir modeli sayılan ailədə hakimiyyətdən hər gün, hər saat, hətta hər saniyə belə tələb etdiyi həmin prinsipləri kobud şəkildə pozması, yaxud bəzi vəzifəsindən sui-istifadə edən, dövlət başçısının etimadını doğrulda bilməyən məmurların ailələrində cərəyan edən proseslər, onların övladları, yaxud yaxın ətraflarının özbaşınalıq və ictimai asayişi pozan hərəkətlərə yol verməsi istər-istəməz belə bir sualı meydana gətirib. Siyasi və ictimai fəaliyyətlə məşğul olan insanın şəxsi həyatı müzakirə mövzusu olmalıdırmı? Olmalıdırsa, hansı həddə qədər?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova hesab edir ki, hər insanın konstitusiya ilə qorunan şəxsi həyatın sirlərinin toxunulmazlıq hüququ olsa da, lakin bununla belə birinin azadlığı başlayan yerdə başqasının azadlığı məhdudlaşdığı üçün bu prinsip mütləq şəkildə reallaşa bilmir. Onun sözlərinə görə, çox zaman insanlar şəxsi həyatlarında buraxdıqları yanlışların güdazına gedir, ictimai nüfuzunu itirir: "Əslində, ideal insan olmaq çox çətindir, kamillik Allaha məxsusdur. Lakin şəxsi həyatda məsuliyyətsiz davranışlar və bu problemin cəmiyyətə sızması istənilən bir şəxsi nüfuzdan sala bilər. Məsələn, Fransa prezidenti Mitteran qeyri-qanuni qızının olduğunu gizlətdiyi üçün, seçkilərdə məğlub olmuşdu. Birləşmiş Ştatlar prezidenti Bill Klintonun, İtaliya baş naziri Berluskoninin başına gələnlər və s. Donald Trampı indiyədək nə zamansa "kompliment dediyi" qadınlar qarabaqara izləyir, Beriyanın qadınlara manyakcasına davranışı məhkəmə sənədlərində və xatirələrdə yer alır. Sovet liderləri İosif Stalinin öz ailəsində qəddar davranışları, arvadı Nadejda Alliluyevanı öldürməsi, Leonid Brejnevin qızı Qalinanın SSRİ-dəki brilyant mafiyasına başçılıq etməsi, fövqəldövlətə rəhbərlik edən, müharibənin od-alovundan keçmiş Brejnevin daima öz qızından şikayət etməsi, onun ərköyünlüyünün qarşısını ala bilməməsi, xarici işlər naziri Andrey Qromıkonun arvadının xəz alverçisi olması və s.yüzlərlə fakt saymaq olar. Strosskan kimi Beynəlxalq Valyuta Fondunun rəhbəri, Fransa prezidentliyinə real namizəd mehmanxana qulluqçusunun əli ilə karyerasına son qoymalı oldu, bütün dünya onu xidmətçiyə qarşı əslində etmədiyi təcavüzünə görə aylarla lənətlədi. Amerikalılar indiyədək nə Kennedinin Merilin Monro ilə xəyanətini unutmur, nə də Kennedinin ölümümdən sonra onun arvadı Jaklinin ikinci dəfə yunan milyarderi Onazisə ərə germəsini ona bağışlamırlar. Qərb nə qədər demokratik, şəxsi həyata tolerant yanaşsa da, söhbət tanınmış insanlardan gedəndə bu, mütləq müzakirə mövzusuna çevrilir. Hətta ən müqəddəs hesab olunan şəxslərin, peyğəmbərlərin həyatı belə minilliklər keçsə də, müzakirə obyekti olub onun şəxsi nüfuzuna təsir edir. Məsələn, bir versiyaya görə İsa peyğəmbərin Mariya Maqdalena adlı arvadı və uşaqları olub. Vatikan buna görə bu versiyanı yayanları qanundankənar elan etmişdi. Yaxud Məhəmməd peyğəmbərin çoxarvadlı olması, öz öğey oğlunun arvadı ilə evlənməsi, həzrət Əlinin Fatimeyi-Zəhradan başqa bir arvadının olması, Şah İsmayılın öz arvadlarını Çaldıran döyüşünə aparması və onların əsir düşməsi barədə bəzi tarixçilərin yazdıqları, Babəkin eyş-işrət məclisləri qurması və yüzlərlə arvadının, uşaqlarının olması barədə ərəb tarixçilərinin yazdıqları, Şərqdə və Qərbdə şahların, sultanların, kralların hakimiyyətə görə öz qohumlarını şikəst etməsi, yaxud öldürməsi və s. Hərəmxanalarda baş verən intriqalar, hansı qadının sultana daha çox təsir imkanının olması bütün imperiyaların siyasətinə təsir edib, bəzən tarixin gedişatını dəyişmişdi. Misallar çox çəkmək olar. Amma Qərb, yaxud Şərq fərqi yoxdur liderlik, hakimiyyət iddiası olan, yaxud hakimiyyətdə olan, müəyyən mövqe tutan insanların şəxsi həyatını qüsursuz görmək istəyir". Nəzakət Məmmədova onu da bildirib ki,  xüsusi xidmət orqanları daima düşmən ölkənin hədəf seçdikləri ictimai-siyasi şəxslərini ilk növbədə şəxsi həyatındakı zəif yerləri tapıb onunla nüfuzdan salmağa çalışıblar və bu üsul bir qayda olaraq daha effektli olub: "İnsanın alkoqollu içkilərə meylliliyi, qadın, yaxud kişi düşkünlüyü, pul hərisliyi, şöhrətpərəstliyi, tez özündən çıxması və s.müəyyən cəhətləri onun zəif yerləridir və bundan istifadə edib şəxsin illərlə zəhmət hesabına əldə etdiyi karyera, ictimai nüfuz yerlə-yeksan edilə bilər. Bəlkə də, tarixçilərin əsrlər öncə qərəzli yazdığı fikirlər indi də hansısa şəxs haqqında bizdə təsəvvür yaradır. Yekaterina Rusiya imperiyasını genişləndirən imperatriça olub. Lakin onun şəxsi həyatındakı müəyyən məsələlərə görə, Yekaterina deyəndə insanların ağlına ilk gələn onun zoofil olmasıdır, qadın insanların təsəvvüründə bununla assosasiya olunur. Osmanlı sultanı II Səlimin dövründə Kipr adası türklərin nəzarətinə keçib, amma avropalı tarixçilərin yazdıqları sərxoş Səlim ifadəsi yüzillərdir ki, padşahın adı ilə assosasiya olunur. Səlim deyərkən, Kipr fatehi yox, sərxoş ifadəsi ağla gəlir. Əksər insanlar pis şeyləri daha tez yadda saxlayırlar, ona görə də şəxsi həyatdakı mənfi şeylər daha uzun müddət yadda qalır. Vəzifəli şəxslərdən biri üç arvad alıb, boşayıb. Adamın daha pis cinayət əməlləri var, amma onun adı gələndə ilk növbədə arvadların sayı müzakirə obyekti olur, etdiyi daha pis işlər, xidməti fəaliyyətdə yol verdiyi cinayətlər arxa plana keçir. Unutmayaq ki, bizim bu günümüz sabah tarixə çevrilir. Qəzetlərdə, saytlarda gedən yazılar bəlkə də 100-200 il sonra oxunacaq, kiminsə rastına çıxacaq. Necə ki, biz 100 il əvvəlki qəzetlərdən, kitablardan o dövrün tarixini öyrənirik. Ona görə də ictimai insanlar, siyasətçilər, gündəmdə olan insanlar tarixə öz işləri, əməlləri ilə düşməlidir, şəxsi həyatdakı qalmaqallarla yox. Təbii ki, heç bir insan bundan sığortalanmayıb. Lakin maksimum qalmaqaldan uzaq olmaq vacibdir. Bunun bir yolu da var. Problem yaradan insanları, səbəbləri həyatından uzaqlaşdırmaq, davamlı münaqişə içində olmaqdan qaçmaq".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31