Elbaşının yanına aparan yollar... -Elçin Hüseynbəyli yazır

Elbaşının yanına aparan yollar...-Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən)

... Hərəkatın mətəsində bizə dedilər ki, onlar da heç nə edə bilməzlər, çünki hər tərəf cəsuslarla doludur. Bəlkə Elbaşı nəyəsə kömək eləsin. O da boz dağın o biri üzündədir. Yanına heç kimi buraxmırlar. Getsək də gərək dərviş paltarı geyək...

-Yaxşısı budur onun köməkçisi ilə məsləhətləşin, bəlkə o, nəsə bilir. Bir o qədər yolu da getməyə ehtiyac qalmasın. Özü də Elbaşı onun yanına xəbərsiz gedənləri qəbul eləmir.

Çətinliklə Elbaşının köməkçisinin yanına girə bildik. Qarayanız, nazik bığlı bir adam idi. Onu hər üçümüz birinci dəfəydi görürdük.

O, bizi tək-tək qəbul elədi, dinləyəndən sonra hər üçümüzü çağırıb dedi ki, Qara Keşiş deyiləni aradan götürmək üçün onun arxasında dayananları "aşırmaq" lazımdır. Onlar isə xeyli uzaqdadırlar və ora getmək üçün çox əzablara qatlaşmaq gərəkdir. Və hələ ora gedənlərin heç biri geri qayıtmayıb və Qara Keşişin casusları onları tutub asıblar, kəsilmiş başlarını da darvazalara keçiriblər. Amma bizim fikrimiz qətiydi. Çünki bundan o tərəfi yoxuydu. Bizi öldürsəydilər də, bu işə getməliydik.

-Onlar adamı elə-belə öldürmürlər, əvvəlcə işgəncə verib, tərəfdarlarının adını öyrənəndən sonra öldürürlər. Biz heç. Bizi özləri bura salıblar ki, heç kimə ziyanımız dəyməsin. Sizin də bura gəlməyinizdən yüz faiz xəbərdardılar. Siz də elə bilirsiniz ki, biz əlahiddə qrupuq və qəsdən özmüzü adamlardan təcrid eləmişik. Gərək əvvəlki səhvlərimizi təkrar etməyək. Qayıdın evinizə, sonra mənsiz yola çıxarsınız. Hara gedəcəyinizi sizə deyəcəklər. Özünüz də bilmədən tanımadığınız adamlar sizə yol göstərəcək, ya da marşrutun xəritəsini sizə verəcəklər...

***

...Bizi birinci qəbul edən adam mağarada, ocağın başında oturmuşdu və nəsə öz-özünə zikr eləyirdi. Sanki Elbaşının köməkçisiydi. Lap sonralar anladıq ki, bu, parol kimi bir şeydi: eyni geyim, eyni bığ-saqqal.

O da bizi xeyli sorğu-sual elədi. Lənətin məğzi barədə məlumat aldı. Dedi ki, onsuz da hər şeydən xəbərdardır. Qara Keşişin və tərəfdarlarının hakimiyyəti də necə ələ keçirdiklərini bilir. Aradabir bizə də acıqlandı və dedi ki, zamanında o kişinin qədrini bilsəydiniz indi bu günə qalmazdınız. Nəhayət, o, bizə təklif elədi ki, həşiş atmasaq, ya tiryək çəkməsək öz məqsədimizə çata bilmərik, çünki gerçəyi tapmaq üçün xəyali dünyaya baş çəkmək lazımdır. Hətta lazım gələrsə, o biri dünyaya da təşrif aparmalıyıq. "Mələklər  yuxuda da gerçəkliyi bizə göstərə bilərlər" dedi...

Bizimsə tiryək çəkmək fikrimiz yoxuydu. Bu dünyanı ayıq başla dərk eləmək fikrindəydik...

Amma bizim bu düşüncələrimiz tezliklə puça çıxdı və biz növbəti dayanacaqda başa düşdük ki, həşissiz heç nə edə bilməyəcəyik. Çünki hər addımda canımızdan titrətmə keçir və izlənəcəyimizdən qorxurduq...

Sentyabr, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31