Özbəkistanın xarici işlər naziri Abduləziz Kamilova Azərbaycan medalı verildi
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi yubiley medalı Özbəkistanın Xarici İşlər naziri Abduləziz Kamilova təqdim edilib
23 Sentyabr 2019 11:35 SosialAzərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev Özbəkistan Respublikasının Xarici İşlər Naziri Əbduləziz Kamilovla görüşmüş və "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalını rəsmi görüşdə XİN rəhbərinə təqdim edilmişdir.
Olaylar.az bildirir ki, Səfir Hüseyn Quliyev Özbəkistanın siyasi rəhbərliyinin Azərbaycana dost və qardaşlıq münasibəti sərgilədiyi, bütün arenalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyi üçün öz təşəkkürünü bildirib. Səfir hazırki mərhələdə bu münasibətlərin ölkələrimizin xalqları, dövlət başçılarımızın iradəsi ilə qarşılıqlı etimad və dəstəyə əsaslandığını, strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunduğunu qeyd edib.
Özbəkistanın baş diplomat Abduləziz Kamilov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi rəhbərliyinin salamlarının çatdırılmasını xahiş edərək, yüksək mükafatla təltif edildiyinə görə şərəf duyduğunu və bir daha Azərbaycan Respublikası Hökümətinə təşşəkürünü ifadə edib.
Görüş zamanı, A.Kamilov son zamanlar Özbəkistan-Azərbaycan arasında bütün sahələr üzrə əlaqələrdə nəzərəçarpacaq dərəcədə inkişafın müşahidə olunduğunu, iqtisadiyyat sahəsində çoxsaylı layihələrin reallaşdırılmasına start verildiyini qeyd edib. Cənab A.Kamilov çıxışında yaxın günlərdə tərəflər arasında yüksək səviyyəli dövlət səfərlərinin təşkil olunacağını qeyd edərək Daşkənd şəhərində Hökümətlərarası komissiyanın 11-ci iclasının keçirilməsinin tezləşdirilməsini və bu barədə istəklərinin Azərbaycan tərəfinə çatdırılmasını xahiş edib.
Çıxışında A.Kamilov ötən dövrlərlə müqayisə edərkən iki ölkə arasında əmtəə dövriyyəsinin xeyli artdığını söyləmiş və buna görə öz məmnunluğunu ifadə etmişdir.
A.Kamilov Azərbaycanın həyata keçirdiyi iri miqyaslı infrastruktur layihələri vasitəsi ilə əlverişli regional tranzit mərkəzinə çevrildiyini, 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq, Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcəyinə ümid etdiyini bildirib.
Nazir Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin təqdim etdiyi tranzit imkanlarından Asiya ölkələrinin, o cümlədən Özbəkistanın faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyini söyləyib. Bununla bağlı, Özbəkistan Respublikası Prezidentinin göstərişinə əsasən yaxın günlərdə Baş-Nazirinin müavini cənab Elyor Qaniyev Gürcüstan Respublikasına səfəri gözlənilir. Səfərin məqsədlərindən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan tərəfindən öyrənilməsi və təqdim etdiyi tranzit imkanlarından istifadə edilməsidir.
Görüşün sonunda Səfir H.Quliyev iki ölkə arasında əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Ölkə rəhbərliyi və XİN-nin rəhbərliyi adından cənab A.Kamilova "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" yubiley medalını təqdim edib və o, bu ali mükafatın dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərin göstəricisi olduğunu bildirib.