İranlı Mühacirlər Cəmiyyəti 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib Regional tədbirin rəyi: İMC mühacirətin dünyəvi Azərbaycan modelidir

İranlı Mühacirlər Cəmiyyəti 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib Regional tədbirin rəyi: İMC mühacirətin dünyəvi Azərbaycan modelidir

"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi "Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi" mövzusunda 2-ci regional "dəyirmi masa"sını sentyabrın 20-də Qazax Rayon Mədəniyyət Mərkəzində keçirib. Olaylar.az xəbər verir ki, tədbirdə bu bölgədə və Ağstafa rayonunda yaşayan iranlı mühacirlər, onların ailə üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Ulu Öndərimiz Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət edib,  önünə  çələng qoyan İMC rəhbərliyi Qazax Rayon İcra Hakimiyyətin Başçısı Rəcəb Babaşov tərəfindən qəbul olunub.  Söhbət əsnasında məlumat verilib ki, layihə çərçivəsində düzənlənən tədbirlərdə iranlı mühacirlərə göstərilən hərtərəfli qayğı ənənələrini layiqincə davam etdirən bölgələrin rəhbərlərinə təşəkkür əlaməti kimi cəmiyyətin fəxri diplomu təqdim olunur: "Biz Qazaxda bu günün özündə də bunun şahidiyik"-deyən İMC sədri Firidun İbrahimi diplomu rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova təqdim edib.

Mədəniyyət mərkəzində düzənlənən tədbiri Qazax RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov açıb. O, qonaqları və iştirakçıları salamlayaraq, "Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində reallaşdırılan bu "dəyirmi masa"nı mühüm əhəmiyyətə malik tədbir adlandırıb.

Azərbaycanın əməkdar jurnalisti Rəhim Hüseynzadə rəhbəri olduğu layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirildiyini,  2019-cu ilin iyul-noyabr aylarını əhatə etdiyini nəzərə çatdırıb: "Cəmiyyətimiz ona görə bu mövzunu seçib ki, mühacirət müasir dünyamızın kəskin problemləri sırasında yer tutmaqdadır. Təəssüf ki, həmin konteksdə obyektiv mövqe tutmayanlara da rast gəlirik. Onlar  Azərbaycan Respublikasının ünvanına əsasız ittihamlar irəli sürür, insan hüquqları müstəvisində ittihamlar yağdırırlar. Bizim təşkilatımızın timsalında gətirəcəyimiz misallardan da görəcəksiniz ki, sıralarında olduğumuz İranlı Mühacirlər Cəmiyyəti mühacirətin dünyəvi Azərbaycan modeli kimi belələri üçün gör-götür nümunəsidir".

Sonra Firidun İbrahimi sədri olduğu 72 yaşlı təşkilatın tarixi, strukturu, fəaliyyət isatiqamətləri barədə ətraflı məlumat verib. Sədr bunlarla əyani tanışlıq üçün tədbir iştirakçılarını qurumun Bakı şəhərinin Ə.Hüseynzadə küçəsi-66 ünvanında yerləşən 3 mərtəbəli ofisinə dəvət edib.

Mühacir övladı, AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, layihənin ictimai eksperti Səməd Bayramzadə Azərbaycan Respublikasına olan mühacirətin 6 müxtəlif mərhələsinin təhlilini verib. Tarixçi alim bu mərhələlərdə Ümummilli Liderimiz  Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dönəminin daha parlaq uğurlarla yadda qaldığını vurğulayıb.

Layihənin ekspertləri-Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və Nizami Rzaşüvari ("20 Yanvar" İctimai Birliyinin nəzarət-təftiş komissiyasının sədri) məruzə və çıxışlarında iranlı mühacirlərin təhsil, elm, mədəniyyət, incəsənət, quruculuq işləri və digər sahələrdə qazandıqları naliyyətlərin, layiq görüldükləri təltiflərin, mənzillə təminatı, sağlamlıqlarının qorunması, digər qayğılarının, problemlərinin həlli sahəsində görülən işlərin, Azərbaycanın ərazi bütövlüyünün qorunması sahəsindəki bəşəri igidliklərin İMC-nin mühacirətin dünyəvi Azərbaycan modeli adlandırlması üçün ciddi əsaslar verdiyini dilə gətiriblər.

Ötən əsrin 80-ci illərinin mühacirlərindən olan Murtuza Nizam oğlu (İMC İdarə Heyətinin üzvü) ekspertlərin çıxışlarına rəğmən özlərinin nümunəsində konkret misallar gətirib. İMC sədrinin müavini İsmayıl Abdullahi çıxında Qazax rayonundakı mühacirlərlə çoxillik əlaqələri barədə xatirlərini danışıb. 

"Dəyirmi masa"da Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Yazıçılar Birliyinin Qazax regional təşkilatının sədri Barat Vüsal, şəhid anası Tamella Süleymanova və başqalarının çıxışları da bu cəhətdən diqqəti çəkib.

Tədbirdə cəmiyyətin Qazax regional təşkilatının yenidən bərpa olunduğu  və jurnalist Hacı Müvəssəqinin ora sədr təyin edildiyi bildirilib. H. Müvəssəqiyə vəsiqə və diplom təqdim olunub.

Ümumiyyətlə tədbir bir sıra iranlı mühacir övladlarının yaddaşında belə unudulmaz anlarla yadda qalacaqdır. Belə ki, Əqdəmilər nəsli, Qadirilər, İbarhim Əliyev fəxri diplom, tibb işçisi Məmləkət İbrahimzadə, Poladxan Mahmudi və Valeh Sadiqi diplomlarla mükafatlandırılıb.                                                                                     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31