Azərbaycanda fikir, söz, məlumat azadlığı demokratiya dəyərlərinə tamamilə uyğundur
20 Sentyabr 2019 16:53 SosialToğrul Allahverdili: "Medianın normal fəaliyyətinə imkan verilmədiyi barədə deyilənlərlə razılaşmıram və bu günədək belə bir problemlə qarşılaşmamışam"
"Heç kim bu sahədə problemin olduğunu iddia edə bilməz"

Artıq 30 ilə yaxındır ki, Azərbaycan müstəqil dövlət olaraq öz uğurlu yoluna davam edir, inkişafa, tərəqqiyə doğru addımlayır. Hər addımda, hər cəhd, həmlə də uğur, nailiyyətə imza atan Azərbaycan dövlətinin bu uğur və nailiyyətlərinin təməlində isə düzgün idarəçilik, uğurlu islahatlar dayanır.
Həyata keçirilən idarəçilik və fəaliyyət isə özünü iki istiqamətdə ehtiva edir. Birincisi, ən mühümü milli maraqların nəzərə alınması, dövlətçilik, xalq maraqlarının hər şeydən üstün tutulması, ikincisi mühüm beynəlxalq hüquq və prinsiplərin üstün tutulması. Burada bir məqama diqqət çəkmək lazımdır ki, Azərbaycan dövləti bir sıra beynəlalq hüquq və prinsiplərə əməl etdikdə də, ilk növbədə bu prinsiplərin xalqın maraqlarına zidd olub-olmadığına diqqət çəkib. Yalnız xalqın maraqları təmin edildiyi təqdirdə ona qoşulub, onu qəbul edib.
Beynəlxalq hüquq və prinsiplər sırasında fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması kimi mühüm məsələlər də yer alır ki, Azərbaycan demokratik cəmiyyətin üzvü, dünyanın bir parçası olaraq qeyd etdiyimiz prisiplərin, azadlıqların təmin olunmasında özünün maraqlı olduğunu elə müstəqilliyin ilk illərindən nümayiş etdirib. Hələ 1998-ci ildə, ümummili lider Heydər Əliyevin sovetlərin zamanından qalan senzura sistemini ləğv etməsi müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanın fikir, söz, ifadə və məlumat azadlığı, plüralizmə nə dərəcədə böyük dəyər, önəm verdiyini göstərir, sübuta yetirirdi. Bu tendensiya həmin dövrdə əsas diqqətləri Azərbaycanda olan dünyanın aparıcı ölkələri, dünyaya demokratiya dərsi keçən dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanır və ölkəmizin bu istiqamətdəki addımları təqdir edilirdi.
Bu gün də Azərbaycan eyni yolla, eyni norma və prinsiplərə əməl etməklə öz yolunu yüksək səviyyədə, peşəkarlıqla davam etdirir. Günümüzdə dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, görülən işlər bütün bu deyilənləri təsdiqləyir. Şəxsən dövlət başçısının timsalında media, mətbuata göstərilən diqqət və qayğı ölkədə fikir, söz, ifadə və məlumat azadlığını daha da inkişaf etdrir. Eyni zamanda dövlətin bu sahəyə nə dərəcədə diqqət və qayğı ilə yanaşdığını ortaya qoyur. Elə "İnterpress.az" Analitik İnformasiya Agentliyinin məsul redaktoru,
"DiasporPress.Az" saytının baş redaktoru Toğrul Allahverdili də belə deyir. Onunla söhbətimizdə Azərbaycan mətbuatının bu günkü durumuna nəzər saldıq.
-Toğrul bəy, Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin bu günkü inkişaf səviyyəsini, durumunu şərtləndirən başlıca amillər hansılardır?
-İlk növbədə onu qeyd edim ki, hər hansısa bir sahənin inkişaf etdirilməsi üçün o sahəyə dövlət qayğısı, diqqət olmalıdır. Bütün inkişaf edən sahələr kimi media da dövlət qayğısından kənarda qalmayıb. Dövlət başçısının kütləvi informasiya vasitələrinə göstərdiyi qayğı təqdirəlayiqdir . Mətbuatımızın bu gün əldə etdiyi nailiyyətlər bizə mətbuatımızın inkişaf etdiyini deməyə əsas verir. Mediamıza, kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğı onun maddi texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması dövlət qayğısnın göstəriciləridir. Bundan əlavə hər il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Milli Mətbuat Günü ərəfəsində ölkədə nəşr olunan kütləvi informasiya vasitələrinə birdəfəlik yardım ayırır. Həmin maliyyə vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnormasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən Azərbaycanda nəşr olunan kütləvi informasiya vasitələri, qəzetlər arasında balans qorunmaqla tənzimlənir. Bu, dövlətin media, kütləvi informasiya vasitələrinə olan diqqət və qayğısının məntiqi nəticəsidir. Bu həm də Azərbaycan dövləti və dövlət başçısının fikir, söz və məlumat azadlığına verdiyi dəyərin, ayırdığı diqqətin göstəricisidir.
-Siz də bir media qurumunun rəhbərisiniz və istər-istəməz cəmiyyətin məlumatlandırılması, ölkədə baş verən proseslər barədə xalqın bilgiləndirilməsi prosesində iştirak edirsiniz. Bu baxımdan siz ölkədə fikir və söz azadlığını necə dəyərləndirirsiniz və bir media qurumunun rəhbəri kimi bu sahədə hansısa neqativ hal, problemlə qarşılaşmısınızmı?
- Azərbaycanda fikir, söz, məlumat azadlığı demokratiya dəyərlərinə tamamıilə uyğundur, medianın normal fəaliyyətinə imkan verilmədiyi barədə deyilənlərlə razılaşmıram və bu günədək belə bir problemlə qarşılaşmamışam. Ölkəmizdə mətbuat, media azadlığı elə bir səviyyədədir ki, heç kim bu sahədə problemin olduğunu iddia edə bilməz. Yalnız ölkəmizin demokratiya imicinə zərər vurmaq istəyən qərəzli insanlar belə fikirlər irəli sürə bilər. Əsasən də müxalif mediada bu kimi fikirlərə rast gəlmək olur. Əgər vəziyyət həqiqətən də onların vurğuladığı qədər pis olsaydı, bu kimi məlumatlar Azərbaycan mediasında ümumiyyətlə yer almazdı. Məhz elə bu fakt yəni, bu gün müxalif medianın rahat şəkildə iqtidarı tənqid etməsinə imkan verilməsi Azərbaycanda məlumat azadlığının ən böyük göstəricisidir.
-Ümumiyyətlə, müstəqil Azərbaycan Respublikasında medianın inkişaf tendensiyasını necə xarakterizə edərdiniz?
-Azərbaycan SSRİ-nin tərkibindən ayrılıb müstəqillik əldə etdikdən sonra xüsusiilə media sahəsində böyük problemlər var idi. Uzun illər Sovet senzurası ilə idarə olunan, yalnız bir partiyaya xidmət edən media hələ tam olaraq müstəqil fəaliyyət göstərməyə hazır deyildi. Ölkədə yalnız hakimiyyət mediası və müxalifət mətbuatı mövcud idi. Müstəqil mətbuat anlayışı isə hələ formalaşmamışdı. Xaos içində olan Azərbaycanda Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, mühüm problemlər həll edildi və ölkə vahid bir dövlət kimi inkişaf etməyə başladı. Bu prosesslərin məntiqi davamı olaraq 1998-cı ildə Heydər Əliyev senzuranın ləğvi barədə fərman imzaladı. Məhz bu qərar Azərbaycan mediasının inkişafına təkan verdi. Qısa müddət ərzində yeni özəl televiziya kanalları və yüzlərlə media orqanı fəaliyyətə başladı. Bununla da Azərbaycan Sovet mətbuat anlayışından uzaqlaşdı. Sonrakı illərdə media orqanlarına müəyyən güzəştlər edilməsi, kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarının tamamilə bağışlanması medianın inkişafını daha da sürətləndirdi. Əminliklə qeyd etmək olar ki, bu prosesslər günümüzdə də uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrində hər kəsin öz fikrini azad və müstəqil şəkildə istənilən media qurumunda ifadə edə bilməsi Azərbaycan mətbuatın inkişafının göstəricisidir.
-Demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də siyasi plüralizmdir. Bu baxımdan Azərbaycanda qeyd edilən istiqamətdə vəziyyəti necə dəyərləndirərdiniz?
- Plüralizm demokratiyanın ən böyük dəyərlərindən biridir. İstənilən bir dövlətdə plüralizmin hansı səviyyədə olmasına hər zaman diqqət yetirilib, bu birbaşa olaraq demokratiyanın göstəricisi sayılır.
Ölkəmizdə plüralizm yüksək səviyyədə qorunur və Azərbaycan plüralist ölkə kimi xarakterizə edilir.
Azərbaycanda multikulturalizm dəyərlərinin yüksək səviyyədə olması, yəni ayrı dindən, irqdən olan insanların ayrı-seçkilik edilmədən rahat şəkildə yaşaması, insanların siyasi baxışlarına görə təqib edilməməsi, fəaliyyət göstərən çox saylı siyasi partiyalar, məlumat müstəqiliyi plüralizmin ən böyük göstəriciləridir. Mən deyərdim ki, ölkəmizdə plüralizm ən yüksək səviyyədədir.
Amma təəssüflər olsun ki, bir sıra hallarda Azərbaycanda siyasi plüralizmin mövcud olmadığı iddia edilir. Bu iddada olanlara ən yaxşı cavab kimi nəyi sübuta yetirmək, hansı faktı göstərmək olar?
-İstənilən bir sahədə öz mənafeyini hər şeydən üstün tutan, vəziyyətdən sui-istifadə edənlər olur. Təəssüf ki, jurnalistika da bu kimi mənfi hallardan kənarda qalmayıb. Bu kimi fəaliyyətlə məşğul olanlar çox vaxt sifarişli yazı yazanlar olur. Onlar fikir və söz azadlığını bayraq edərək cəfəngiyyat dolu xəbərlər yaymaqla məşğul olurlar. Pula görə vətənlərini, millətlərini satan bu adamlar dərk etmədikləri bir oyunun içində oyuncağa çevrildiklərindən belə xəbərsizdirlər. Çox partiyalı idarə etməni və ortaq qərarların qəbul edilməsini dəstəkləyən plüralizmin Azərbaycanda varlığını sübut etmək üçün, bu yaxınlarda iqtidar və müxalifətin bir araya gəlib ortaq qərar qəbul etməsi və müəyyən sənədlərin imzalanmasını göstərmək yetərlidir.
Ümumiyyətlə, Azərbaycanı plüralizmin təmin olunması baxımından regionun nümunəvi ölkəsi kimi göstərmək mümkündürmü?
-Təbii ki, mümkündür. Hətta deyərdim plüralizmin bütün istiqamətlərində istər siyasi plüralizm, istər dini plüralizm, istərsə də mədəni plüralizmdə . Siyasi plüralizm dövlət tərəfindən təmin olunursa plüralizimin digər istiqamətlərinin qorunması daha çox millətlə bağlıdır. Bu baxımdan Azərbaycan xalqı öz qonaqpərvərliyi və gözəl adət-ənənəsi ilə nəinki regiona hətta dünyaya nümünədir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir