“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar

“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin "Mədəniyyət naminə elm" layihəsinin silsilə tədbirlər şəklində təşkil edir. Bu seminarlar mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın artırılmasına, əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Bununla bağlı, 20 sentyabr 2019-cu il tarixində Əzim Əzimzadənin xatirə muzeyində "Mədəniyyət naminə elm" layihəsi çərçivəsində növbəti elmi seminar keçirildi. Həmin muzeyin təşkilati dəstəyi ilə baş tutmuş seminar "Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu" mövzusuna həsr olunub.

Tədbirdən əvvəl seminar iştirakçıları üçün muzeydə ekskursiya təşkil olunub. Seminarı muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Əzimzadə açaraq Əzim Əzimzadənin həyat və yaradıcılığından, muzeyin fəaliyyətindən və əldə edilən nailiyyətlərdən danışdı.

Mərkəzin elmi katibi Cavid Əliyev seminarın qarşıya qoyulan məqsədlərdən bəhs etdi. Sonra çıxış üçün söz fəlsəfə üzrə fəlsəfə doktoru Paşa Quluzadəyə verildi. "Tarixi bilgilərin mədəniyyətin inkişafına təsiri" mövzusunda çıxış edən tanınmış elm xadimi dünya tarixinin elm, təhsil və xüsusi ilə, mədəniyyət sahəsində töhfə verilməsindən söz açdı, Qərb və Şərq mədəniyyətlərin oxşar və fərqli məqamlarından danışdı. Uzun zaman ərzində mədəniyyətlər arasında böyük məsafə qət edildiyini vurğulayan doktor bu gün də həmin siyasətin uğurla davam etdirildiyini nəzərə çatdırdı.

Mərkəzin əməkdaşları Nurəddin Babazadə "Tarixin mədəniyyətə təsiri" adlı və Ceyhun Əhmədov "Hibrid düşünmə sənəti" adlı məruzələri ilə seminarın əsas mövzusunu tamamladı.

Seminarı bağlanış nitqi ilə yekunlaşan Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev ilk öncə muzey rəhbərliyinə və seminar iştirakçılarına təşəkkürünü bildirdi. Layihənin əhəmiyyətini vurğulayan A.Usubəliyev qeyd etdi ki, "Mədəniyyət naminə elm" silsiləsinin əsas məqsədi respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltməkdir. Bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini nəzərə çatdırdı.

Tədbir sual-cavab formatında davam etdirildi. İştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildirdilər, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi apardılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31