Dünya pediatrları Bakıya toplaşdılar
Dünya pediatrları Bakıya toplaşdılar
20 Sentyabr 2019 15:34 SosialSentyabrın 20-də Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi (UNPSTR ) öz işinə start verib. Azərbaycan Konqreslər Bürosunun dəstək verdiyi tədbir Beynəlxalq Pediatriya Assosiyasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, "Medvoyage" tibbi turizm şirkətinin təşkilatçılığı ilə keçirilir. "Olaylar" xəbər verir ki, tədbirin rəsmi hissəsində Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva çıxış edərək konqres haqqında məlumat verdi. Bildirdi ki, toplantıya 40-a yaxın ölkədən məruzəçilər qatılıb. Ümumilikdə, 300-ə yaxın iştirakçısı olan konqresdə 17 müxtəlif interaktiv panel, sözlü, poster və məruzə panelləri, 2 konfransın keçirilməsi planlaşdırılır.
Dünya Pediatriya Assosiasiyasının Prezidenti Enver Hasanoğlu konqresin mövzuunun dünyanın hər bir ölkəsi üçün aktual olduğunu bildirdi: "Uşaqlar bizim istiqbalımızdır. Biz pediatrların işi çox çətindir. Dünyada təqribən səkkiz milyard əhali var, bunların da 25 faizini uşaqlar təşkil edir. Müxtəlif ökələrdə uşaqların fərqli problemləri var. Aclıqdan, infeksion xəstəliklərdən əziyyət çəkənlər, qaçqın həyatı yaşayan körpələrimiz var. Bu uşaqlara kömək etmək üçün hər birimiz çox işləməliyik. Bu baxımdan, əldə olunan nailiyyətləri bölüşmək, təcrübəmizi paylaşmaq üçün belə yığıncaqların böyük əhəmiyyəti var". Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparat rəhbəri dosent Nadir Zeynalov ölkəmizin səhiyyə sahəsində əldə olunan uğurlar, aparılan islahatlar haqqında danışdı. O, səhiyyə naziri O.Şirəliyevin konqresin işinə təbriklərini çatdıraraq tədbir iştirakçılarına uğurlar arzuladı. Konqres sentyabrın 21-dək davam edəcək.