Körpələrin sosial şəbəkə hesabı:“Bu gün mən ilk dəfə nənəmi gördüm...” -Nigar Orucova yazır

Körpələrin sosial şəbəkə hesabı: “Bu gün mən ilk dəfə nənəmi gördüm...”-Nigar Orucova yazır

Körpələrin sosial şəbəkə hesabı: "Bu gün mən ilk dəfə nənəmi gördüm..."

Son illərdə valideynlərin yeni doğulmuş körpələrin adı ilə sosial şəbəkədən istifadə etməsi  və uşağın foto, videolarını virtual albomlar vasitəsilə yayması dəb halını alıb. Körpənin dünyaya gəlməsi ilə paralel olaraq ona profil hesabı açılır və hələ özünü ifadə etmək bacarığına sahib ola bilməyən uşağın adı ilə fotolar paylaşılır. Paylaşılan fotonun altına isə körpənin adı ilə müxtəlif yazılar yazılır. "Bu gün mən ilk dəfə nənəmi gördüm", "Anam babamı, babam da məni çox istəyir", " Alt qonşumuz bizə çay içməyə gəlib" və.s evdə baş verən gündəlik hadisələr uşağın adı ilə sosial şəbəkələrdə "xüsusi auditoriyaya" təqdim edilir. Valideynlər uşaqlarını gözdən-nəzərdən qorumaq adı ilə onların üzlərini mələk və ürək smaylikləriylə  gizlədilən fotolarda paylaşırlar. Əgər problem bədnəzərdisə ümumiyyətlə fotonu paylaşmamaq seçimi daha doğru deyilmi? Yoxsa  xüsusi auditoriyanı intizarda saxlamaq nəyə lazımdır. Bu insanlar  ən azı 40 gün körpənin üzünü xəyal etməklə yaşayır. Valideynlər təzə doğulmuş körpəni 40 gün hamıdan gizlətmək kimi bir inanc aktuallığını smayliklərdən istifadə etməklə davam etdirirlər.

Uşaq isə hadisələrin mərkəzində olduğu halda bütün baş verənlərdən xəbərsizdir. Körpə böyüdükdən sonra onun adı ilə açılan profil hesabından istifadə edəcəkmi? Uşaq paylaşılan fotolarını, onun adı ilə yazılan yazıları qəbul edəcəkmi? Bu, valideyn eqoizminin başqa bir formasıdır. Valideyn başa düşməlidir ki, uşağın paylaşılan bir çox fərdi şəkilləri gələcəkdə onlar üçün ciddi problem ola bilər. Çəkinmədən paylaşdığınız fotoların yayılması ilə 10-15 il sonra yetkin uşaqlar  keçmişdə paylaşılan bu şəkilləri görməkdən narahat ola bilərlər. Xüsusi anların fotolarını onun razılığı olmadan, şüuru olmadan və ondan soruşulmadan paylaşması gələcəkdə uşaq və ailə arasında ciddi mühabisə yarada bilər. Sosial  media bir arxivdir, valideynlərin bütün paylaşımları orada toplanır və uşaqlar müəyyən yaşa çatdıqda bunu görüb, anlayacaqlar.

Doğrudur, valideynlər uşaqlarının böyük-kiçikliyindən asılı olmayaraq bütün uğurlarını virtual dünyaya yaymaq üçün həvəslənir. Lakin unudurlar ki, internet geniş və potensial təhlükələri olan bir məkandır. Valideynlər çox zaman uşaqlarını apardıqları məkanlardan, yaxud tədris aldıqları müəssisələrdən fotolar paylaşırlar. Yer bildirimi deyilən funksiya ilə onların harada olduğunu işarələməyi də çox vacib imiş kimi yaddan çıxartmırlar. Axı bu informasiyanı paylaşmaq valideyn üçün nə dərəcədə əhəmiyyətlidir? Uşaqların bağça, sinif və məktəbdə çəkilən fotolarını paylaşan zaman ünvanı müəyyən edən xüsusiyyətləri gizli saxlamamaqla təkcə öz övladınızı deyil, ümumilikdə bütün uşaqları təhlükə altına atmış olursunuz. Heç kim təhlükədən siğortalanmayıb. Burada məsələ müəssisədə çalışan bütün insanların taleyindən gedir.

Bir çox valideynlər öz uşaqları ilə yanaşı başqalarının uşaqlarının fotolarını da sosial şəbəkələrdə paylaşırlar. Belə valideyinlər müxtəlif şənlik və tədbirlərdə uşaqların kütləvi şəkillərini paylaşmazdan əvvəl hörmət əlaməti olaraq digər ailələrin fikirlərilə maraqlanmağı belə düşünmürlər. Bəs bu ailələrin uşaqlarının simasının sosial şəbəkələrdə paylaşılmasına razı olmalarına necə əmin olurlar?

Valideynlər nəzərə almalıdır ki, təkcə "Instagram" sosial şəbəkəsində 75 milyon post "kids" (uşaqlar), 160 milyon post isə "baby" (körpə) həştəqi ilə mövcuddur. "Google"dan sonra ən çox istifadəçiyə malik olan "YouTube"da yüklənən videolar 1,5 milyard nəfərlik potensial tamaşaçı tərəfindən izlənilir.

Belə bir məkanda uşaqların təhlükəsizliyinin təmin olunması üçün daha diqqətli və məsuliyyətli olmaq valideynlərin borcudur.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31