Neft Daşlarında Neftçilər Günü və Əsrin müqaviləsinin 25 illiyinə həsr olunmuş toplantı keçirilib

Neft Daşlarında Neftçilər Günü və Əsrin müqaviləsinin 25 illiyinə həsr olunmuş toplantı keçirilib

19 sentyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində "20 Sentyabr - Neftçilər Günü" və "Əsrin müqaviləsi"nin 25 illiyi ilə əlaqədar bayram tədbiri keçirildi.  

Olaylar.az xəbər verir ki, tədbir öncəsi qonaqlar ümummilli lider Heydər Əliyevin büstü və qəhrəmancasına həlak olmuş neftçilərin xatirə-kompleksi önünə gül dəstələri qoydular. Dövlət Himninin səslənməsindən sonra tədbir iştirakçıları "Əsrin müqaviləsi"nə həsr olunmuş video-çarx izlədilər.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtlərinin qəbul edilməsi üçün razılıq əldə edildi. Dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında "Əsrin müqaviləsi"nin təkcə iqtisadi sahədə deyil, siyasi-diplomatik sahədə də ölkəmizə çox böyük səmərə verdiyini qeyd etdi. 

Azərbaycanlı jurnalist, alim, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi ekspert, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək "Əsrin müqaviləsi"nin əhəmiyyətindən  və bu müqavilə vasitəsilə Azərbaycanın dünyadakı mövqeyinin güclənməsinə verdiyi töhfədən danışdı və neftçilərə öz fəaliyyətində müvəffəqiyyətlər arzuladı.

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxışında "Əsrin müqaviləsi"nin yeni neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə start verdiyini vurğuladı.

Tədbirin rəsmi hissəsinin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalı Fəxri Fərmanlarla təltif olundular. Tədbir respublikanın  tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bayram konserti ilə davam etdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31