"Qafqaz Neoliti" təqdim olundu
"Qafqaz Neoliti" təqdim olundu
19 Sentyabr 2019 15:43 SosialSentyabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, "AMEA-nın professoru", millət vəkili Qənirə Paşayeva, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, "Qafqaz Neoliti" sənədli filmi Azərbaycan Dövlət Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalıdır.
Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin ictimaiyyətləşməsinə həsr olunan filmdə əsasən bölgənin Neolit dövrünün erkən kəndlərini əks etdirən qədim yaşayış yerləri ilə bağlı materiallar yer alıb.
Ekran əsərində Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri və bu abidənin fonunda digər öyrənilmiş qədim yaşayış yerlərinin tarixi əhəmiyyətindən bəhs edilir. Filmdə, həmçinin ölkəmizdə uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların abidələrimizlə bağlı fikirləri və Göytəpə arxeoloji kompleksinin Qafqazın sivilizasiya tarixində oynadığı rolun detalları öz əksini tapıb.

Filmin prodüseri "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, Xalq artisti, rejissor Ramiz Həsənoğlu, ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, elmi məsləhətçisi isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Fərhad Quliyevdir.
Mərasimi Q.Paşayeva açaraq filmin yaradıcı kollektivini iştirakçılara təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib. Qeyd edib ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirlərinin yer aldığını bildirib.

Ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Yaponiyanın Tokio Universitetinin əməkdaşlarının uzun müddət önəmli araşdırmalar apardığını deyən Q.Paşayeva Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ölkə başçısının 18 aprel 2012-ci il tarixli Sərəncam imzaladığını xatırladıb. O, filmin gələcəkdə ingilis dilinə tərcümə olunaraq digər ölkələrdə nümayiş etdiriləcəyini vurğulayıb.
Sonra İ.Həbibbəyli çıxış edərək AMEA ilə Azərbaycan Dövlət Televiziyası arasında gələcəkdə çoxtərəfli əməkdaşlıq haqqında sazişin imzalanmasının önəminə toxunub. Akademik son illərdə Azərbaycan arxeologiya elmində bir çox nailiyyətlərin əldə edildiyini, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda yerli və beynəlxalq olmaqla 30-a yaxın ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, filmin Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayacağını deyib.

Tədbirdə, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli və filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev çıxış edərək ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.


Sonda filmin nümayişi baş tutub.
Nigar Orucova
Olaylar.az