Parlament komitəsi 116 müraciəti araşdırıb
Parlament komitəsi 116 müraciəti araşdırıb
19 Sentyabr 2019 11:20 SosialMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, Komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. İclasda əvvəlcə komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, sessiya ərzində komitənin 6 iclası keçirilib, 13 məsələ, o cümlədən 11 qanun layihəsi müzakirə olunub. Qanun layihələrinin 9-u Milli Məclisdə qəbul edilib. Hesabat dövründə komitənin ünvanına 116 müraciət daxil olub. Müraciətlərin 108-i araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitənin sədri tərəfindən Milli Məclisdə 96 nəfər vətəndaş qəbul edilib, onları narahat edən məsələlərlə bağlı lazımi tədbirlər görülüb. Ötən sessiya zamanı komitədə bir sıra görüşlər keçirilib. Habelə "Ailə institutunun formalaşmasında adət və ənənələrimiz" mövzusunda bu sahədə qanunvericiliyin rolu ilə bağlı dinləmə təşkil olunub. Məruzədə cari ilin payız sessiyasında komitədə görüləcək işlər barədə də məlumat verildi.