Gömrük əməkdaşları üçün ixtisasartırma təlimi keçirilir
Gömrük əməkdaşları üçün ixtisasartırma təlimi keçirilir
17 Sentyabr 2019 12:24 SosialÜmudünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və Ərazi baş gömrük idarələrinin əməliyyat və təhqiqat idarələrinin (şöbələrinin) əməkdaşları üçün ixtisasartırma təliminə start verilib. Təlimdə adıçəkilən strukturlarda xidmət aparan 22 gömrük əməkdaşı iştirak edir. "Olaylar" xəbər verir ki, təlimi giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev gömrük xidmətində aparılan son islahatlara toxunaraq bu islahatların gömrük xidməti əməkdaşlarından yeni bacarıq və səriştələr tələb etdiyini vurğulayıb. Komitə sədrinin müavini bildirib ki, Dövlət Gömrük Komitəsinin sədrinin müvafiq əmri ilə ixtisasartırma təlimləri təşkil edilir, bu təlimlər gömrük xidmətində aparılan yeniliklərə uyğun tam fərqli formada keçirilir. Təlimləri olduqca əhəmiyyətli hesab edən Əsgər Abdullayev iştirakçılara uğurlar arzulayıb, bu tədbirin onlar üçün faydalı, uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, təlimdə "Dövlət sirri sahəsində qanunvericilik. Əməliyyat-axtarış fəaliyyətində dövlət sirri və onların istifadə edilmə qaydaları və mühafizəsinin təmin edilməsi", "Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin vəzifələri, səlahiyyət dairəsi. Əməliyyat-axtarış fəaliyyətinin elmi-nəzəri və qanunvericilik əsasları", "Əməliyyat-axtarış fəaliyyəti zamanı məlumatların əldə olunması, təhlili, aşkar olunmuş faktların təhqiqatı, təhqiqata uyğun sorğunun istintaqı", "Əməliyyat-istintaq fəaliyyət növü olaraq gizli yollarla məlumatın əldə olunması və realizasiya olunması" və s. mövzularla yanaşı, psixologiya dərsləri də keçiriləcək. Təlim oktyabrın 4-dək davam edəcək.