BSU-da Bilik günü qeyd edilib
BSU-da Bilik günü qeyd edilib
17 Sentyabr 2019 11:02 SosialBakı Slavyan Universitetində Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Azərbaycan təhsil sisteminin müasir dövrdə çox böyük nailiyyətlər əldə etdiyini, bəşər sivilizasiyasına böyük töhfələr verdiyini dilə gətirib və Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu vurğulayıb. O, dahi alim Lütfi Zadənin dünyanın nəhəng elm adamları ilə bir cərgədə dayandığını, dəqiq elmlərlə yanaşı, Azərbaycan bədii-fəlsəfi fikrinin bəşər mədəniyyətinin inkişafında əvəzsiz rol oynadığını qeyd edib. Rektor dünya şöhrətli elm və ədəbiyyat xadimlərimizin yetişməsini məhz Azərbaycanın yüksək səviyyəli təhsilinin göstəricisi kimi dəyərləndirib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə çıxışında ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, Nəsimi rayonu ərazisində yerləşən ali və orta məktəblərdə həm təhsilin səviyyəsinə, həm də müəssisələrin vəziyyətinə ciddi fikir verilir. İcra başçısı qeyd edib ki, Nəsimi rayonu ərazisindəki təhsil ocaqlarında, habelə səhiyyə mərkəzlərində yaradılan münbit şərait, onların texniki avadanlıqlarla təmin olunması müasir təhsil və səhiyyə sisteminin ölkəmizdə inkişafının göstəricisidir.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin gənclərlə görüşü zamanı təhsillə bağlı səsləndirdiyi fikri xatırladıb: "Artıq qara qızıldan qurtarıb ağ qızıla - elmə, təhsilə keçməyin vaxtı yetişib!" Asif Əsgərov Bakı Slavyan Universitetində yaradılan əlverişli şəraitə görə rektor Nurlana Əliyevaya minnətdarlıq edərək bu universitetin ölkənin ictimai-siyasi həyatında mühüm rola malik olduğunu diqqətə çatıdırıb. O, Bakı Slavyan Universiteti tərəfindən universitet daxilində, müxtəlif bölgələrdə, o cümlədən Qarabağın işğaldan azad olunmuş Cocuq Mərcanlı ərazisində respublika səviyyəli tədbirlərin keçirilməsini müsbət hal kimi dəyərləndirib. Tədbirdə bu il Bakı Slavyan Universitetinə yüksək bal toplayaraq qəbul olan tələbələrdən bir qrupu hədiyyələrlə mükafatlandırılıblar.