Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır
16 Sentyabr 2019 16:10 SosialAli Baş Komandanının rəhbərliyi altında üç rəngli bayrağımızı Qarabağımızda dalğalandıracaq və bu Qələbə sədasını Azərbaycan mətbuatı bütün dünyaya yayacaqdır
Söz azadlığı cəmiyyətin bir üzvü olaraq hər bir fərdin özünüifadəsidir. Azadlığın dəf edildiyi mühitdə xoşbəxtlikdən və vətəndaş həmrəyliyindən söz belə gedə bilməz. Mətbuatın azadlığı hər bir ölkənin əsas demokratik göstəricisidir. Bu əsas amil cəmiyyətin rifahında əvəzsiz rol oynadığı kimi gələcək nəsillərin maariflənməsi istiqamətində də böyük töhfələr verə bilər. Bu gün də dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və onun hüquqi bazasının inkişafı olmuşdur. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin aprelində yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-in maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Bu gün söz və mətbuat azadlığı Azərbaycan Konstitusiyasında və onun müvafiq qanunlarında fundamental insan hüquqları sırasında təsbit olunub.
Müstəqilliyin əldə olunmasından keçən zaman kəsiyində Azərbaycanda söz və fikir azadlığı istiqamətində çox ciddi nailiyyətlərə imza atılıb və bu yöndə normativ hüquqi aktlar qəbul olunub. O zamankı dövlət başçısı Heydər Əliyevin 1998-ci il 18 iyun tarixində imzaladığı Sərəncamla təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmin il avqustun 6-da mərhum prezidentin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman bu kontekstdə "ilk qaranquşlar" sayıla bilər. Bu sənədlər ölkədə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmaqla, həm də o cəhətdən qiymətlidir ki, bununla Müstəqil Dövlətlər Birliyi məkanında ilk olaraq Azərbaycanda senzura ləğv olundu. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə birdəfəlik son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbul edilməsilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Mərhum prezidentin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" deyən Heydər Əliyev azad mətbuatın inkişafına çox böyük diqqət göstərib, çap mətbuatının dövlət Nəşriyyatına olan borclarının silinməsi kimi unikal və azad toplum amilinə dayanan qərar verməklə ölkədə söz və fikir azadlığının inkişafında birbaşa dövlətin maraqlı olduğunu ortaya qoyub.
Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Jurnalistlərin peşəkarlığını artırmaq məqsədilə fərdi yazı müsabiqələri keçilrilir, qəzetlərə müxtəlif mövzularda qrantlar ayrılır, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün heç bir təmənna olmadan mənzillər verilir. Görülən bu tədbirlərin hamısı müstəqil mətbuatın inkişafına xidmət edir. məhz Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış binasının tikilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər institutlarının da diqqətini jurnalist peşəsinə yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə nüfuzunun artmasına müstəsna təsir edir.
Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.
Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan əmin addımlarla irəliyə doğru gedir. Inanırıq ki, bütün sahələrdə inkişaf edən Azərbaycan Ali Baş Komandanının rəhbərliyi altında üç rəngli bayrağımızı Qarabağımızda dalğalandıracaq və bu Qələbə sədasını Azərbaycan mətbuatı bütün dünyaya yayacaqdır.
"Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu"nda göstərilir ki, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir. Deməli, məlumat azadlığı üçün əsas təminat Azərbaycan Respublikasının Konstitusiyası və onun müvafiq qanunlarıdır.
Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görüldü. Prezident İlham Əliyev bir çox çıxışlarında jurnalist əməyini yüksək qiymətləndirdiyini bildirib. Təsadüfi deyil ki, məhz Prezidentin iradəsi və xeyir-duası ilə bugünə kimi 400 nəfərdən artıq jurnalist dövlətdən mənzil alıb və bu proses bu gün də davam edir. Jurnalistlər üçün inşa olunan ikinci binanın açılışında jurnalist əməyinin cəmiyyətdəki rolu barədə danışan dövlət başçısı hətta onları özünün köməkçisi adlandırıb, bildirib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir:"Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir". Elə təkcə ölkə başçısının dilindən səslənmiş bu fikirlər ölkədə plüralizmin və söz azadlığının hansı səviyyədə olduğunu və Azərbaycan mətbuatının özünün bütün problem və uğurları ilə dövlət başçısının diqqət mərkəzində olduğunu tam şəkildə ortaya qoyur. Maraqlıdır ki, Prezident İlham Əliyevin mətbuata həssas münasibəti xarici mətbuatın da diqqətindən yayınmır. Ötən il Prezidentin qəbulunda olan Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun İlham Əliyevin mətbuatı şəxsən izlədiyini hiss etdiyini dilə gətirməsi, hətta onun hər ölkənin mətbuatını "öz dilində" oxumasından heyrətini gizlətməməsi bunun real təsdiqi sayıla bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir