Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü qeyd edilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü qeyd edilib
16 Sentyabr 2019 16:05 SosialSentyabrın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib. "Olaylar" xəbər verir ki, yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın müəllim-tələbə kollektivini, valideynləri təbrik edən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, əsası ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il olduğu kimi, bu ildə yeni tədris ilinin başlanması ərəfəsində ölkəmizin bütün regionlarında, şəhər və qəsəbələrində yeni müasir təhsil ocaqları tikilib, istifadəyə verilib. İsmayıl Hüseynov diqqətə çatdırıb ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq gömrük orqanlarının müasir elmin sirlərinə yiyələnən ixtisaslı kadrlarla təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyası təsis olunub. Fəaliyyət göstərdiyi qısa dövr ərzində Akademiyanın yüksək nəticələr əldə etməsinin, bakalavr səviyyəsi üzrə qəbul olunan tələbələrin yekun dövlət attestasiyası zamanı əldə etdikləri uğurlu nəticələrin qürurverici olduğu vurğulanıb.
Sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edib. Qulu Novruzov qeyd edib ki, Akademiya artıq 6-cı tədris ilini, yeni dərs ilini qarşılayır. Dövlət Gömrük Komitəsinin Akademiyası bu gün Azərbaycanın ən sayılıb-seçilən, ən inkişaf etmiş, ən mütərəqqi ali məktəbləri ilə müqayisə oluna bilən ali təhsil müəssisəsidir. Akademiyanın rəisi vurğulayıb ki, bu gün Azərbaycanda hər sahədə olduğu kimi, gömrük sahəsində də çox intensiv, zamanın tələbinə uyğun olaraq çoxsaylı islahatlar həyata keçirilir. Bu istiqamətdə Azərbaycan Prezidentinin "Qara qızılı insan kapitalına çevirək" devizi rəhbər tutularaq ən mütərəqqi və yüksək səviyyəli mütəxəssislərin hazırlanması prioritet vəzifə olaraq qalır. Bu vəzifəni yerinə yetirmək üçün Akademiyanın kollektivi, pedaqoji heyəti, əməkdaşları, inzibati heyəti əllərindən gələni edirlər. Qeyd edək ki, 2019/2020-ci tədris ilində ilk dəfə olaraq Akademiyanın magistratura pilləsinə də "Gömrük işi" və "Beynəlxalq hüquq" ixtisasları üzrə qəbul aparılıb.