Metropolitençilərin birincilərə bayram sürprizi
Metropolitençilərin birincilərə bayram sürprizi
16 Sentyabr 2019 15:53 Sosial"Bakı Metropoliteni" QSC Bilik günü münasibətilə birinci sinif partası arxasına əyləşən kiçik yaşlı sərnişinlərinə sürpriz edib. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu dəfə təşkil edilən layihənin məzmun və forması tam fərqli olub.
Budəfəki aksiya bir çox sosial layihələrin məkanına çevrilmiş "İçərişəhər" stansiyasında keçirilib. İlk dərs günündən sonra stansiyaya daxil olan birinci sinif şagirdləri bir-birindən fərqli sürprizlərlə rastlaşıblar. Müxtəlif nağıl və əsatir qəhrəmanları, o cümlədən uzunayaq, iri oyuncaqlar və s. uşaq qəhrəmanları əyləncəli proqramları ilə stansiya vestibülündə əsl canlanma yaradıblar.
Bundan başqa, sehrbaz illüziyaçının şou-proqramı uşaqlara sevincli şən dəqiqələr ovqatı gətirib. Daha sonra tədbir musiqili proqramla, birincilərin görüşünə gələn böyük oyuncaq və tarazlayıcının əyləncələri ilə davam edib.
Layihəni sərnişinlər rəğbətlə qarşılayaraq, onu təqdirəlayiq aksiya kimi qiymətləndiriblər.