Universitetdə İngilis dili həftəsi uğurla sona çatdı

Universitetdə İngilis dili həftəsi uğurla sona çatdı

ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) Bakı Amerika Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində İngilis dili müəllimləri üçün həyata keçirdiyi ənənəvi İngilis Dili Həftəsi son çatıb.

Olaylar.az bildirir ki, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer ilə görüşən ADU-nun rektoru akademik, xalq yazıçısı Kamal Abdulla səfiri hər zaman universitetdə görməkdən məmnun olduğunu deyib. Rektor Kamal Abdulla qonağı "Səfir saatı" layihəsində tələbələrlə görüşməyə, onları maraqlandıran mövzularda müzakirələr aparmağa dəvət edib. İngilis dili həftəsinin keçirilməsinin əlamətdar hadisə olduğunu deyən Kamal Abdulla bu kimi tədbirlərin universitetin təbliğində mühüm rol oynadığını deyib. Bu tədris ilində qəbul göstəricilərinin yüksək olduğunu deyən rektor, bu vəziyyətin universitetin nüfuzunun yüksəlməsində mühüm olduğunu diqqətə çatdırıb. ADU-nun Serbiya, Macarıstan, Rusiya kimi ölkələrlə yeni əlaqələr qurduğunu deyən akademik Kamal Abdulla ABŞ universitetlərinin də bu siyahıda yer alacağına, davamlı və səmərəli əlaqələrin yaranacağına ümid etdiyini söyləyib. Azərbaycanda Amerika mərkəzinin fəaliyyətindən danışan universitet rəhbəri Azərbaycanın da Amerikada tanıdılması məqsədilə ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ edən mərkəzlərin açılmasını təklif edib.

Akademik Kamal Abdulla Azərbaycan multikulturalizm dəyərlərindən də söz açıb. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu deyən rektor bu istiqamətdə ingilis dilində çap olunmuş və ya tərcümə olunmuş müxtəlif dərs vəsaitlərinin mövcudluğundan bəhs edib. O, bu sahədə əməkdaşlığın iki ölkə arasında elmi və tədris dairələrində yeni perspektivlərə yol açacağını qeyd edib.

Universitetdə olmaqdan məmnun olduğunu deyən diplomat "Səfir saatı" layihəsi çərçivəsində tələbələrlə görüşün təşkil olunacağını bildirib. Səfir İngilis dili həftəsinin təşkilində şərait yaradıldığı üçün universitet rəhbərinə və digər əməyi keçən şəxslərə təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31