“Azərbaycan – Türkiyə münasibətlərinin inkişafında və türk dünyasının güclənməsində aydınların rolu” – Tədbir

“Azərbaycan – Türkiyə münasibətlərinin inkişafında və türk dünyasının güclənməsində aydınların rolu” – Tədbir

Atatürk Mərkəzində Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı təşkil olunan "Azərbaycan - Türkiyə münasibətlərinin inkişafında və türk dünyasının güclənməsində aydınların rolu" adlı "Dəyirmi masa" keçirilib.

Olaylar.az xəbər verir ki, tədbir "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri Atatürk Mərkəzinin şöbə müdürü Əkbər Qoşalı açıq elan edərək, Bakının daşnak-bolşevik işğalından qurtulmasının 101-ci ildönümü ərəfəsində gənclərin, yazarların, fərqli sahələri təmsil edən mötəbər aydınların iştirakı ilə müzakirələrin aparılmasının təqdirəlayiq hal olduğunu deyib, 101 il öncə baş vermiş tarixi hadisənin bütün türk dünyasına sirayət edən məziyyətlərindən danışıb.

Milli Məclisin deputatı, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq, Bakının işğaldan azad edilməsini böyük tarixi hadisə olaraq xarakterizə edib, bu hadisənin xalqımızın tarixində mühüm rol oynadığını vurğulayıb. Millət vəkili Q.Paşayeva Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusununu daim ehtiramla xatırlandığını qeyd edib: "Yalnız Azərbaycan və Türkiyə deyil, ümumən türk dünyası olaraq, gələcəyə daha güclü şəkildə addımlamağımız üçün aydınlar arasında əlaqələr əməkdaşlığa dönüşməli, dərinləşməlidir. Qardaş ölkələr arasında özəlliklə yazarlar, QHT-lər, media quruluşları, nəşriyyatlar səviyyəsində əməkdaşlığın önəmi danılmazdır.

XIX yüzilliyiN sonları, XX yüzilliyin əvvəllərində Kazanda, İstanbulda, Bakıda yaşayıb-yaradan aydınlar arasında güclü əlaqələr olub; o dövr aydınlarının əməkdaşlığı bu gün üçün də örnəkdir və bu örnəyin çağdaş dövrdə də davam etdirilməsi mənəvi borcumuzdur.

Mən gənclərimizin türk dünyasının görkəmli şəxsiyyətləri və onların fikirləri ilə, eyni zamanda, çağdaş ədəbi örnəklərlə daha genişplanlı tanışlığa çağırıram; belə tanışlıqlar sevgimizi, bilgimizi, beləliklə də, birliyimizi gücləndirəcək və şüurlu, peşəkar yanaşmalar formalaşdıracaqdır."

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz Qafqaz İslam Ordusunun missiyasından danışıb. O bildirib ki, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun tək missiyası Bakının işğalçılardan azad edilməsi deyildi: "Nuru Paşa bu ordunun ilk özəyini məhz Tehranda qoymuşdu. Çünki o, Turan yaratmaq iddiasında idi. Bakı işğaldan azad edildikdən sonra Dərbənd, Mahaçqala daha sonra Tatarıstan oradan isə Türküstana gediləcəkdi. Sovetlər dönəmində bu məlumatlar arxiv materialı kimi gizlədilirdi. Və yalnız Moskva üçün çalışan adamlara bu arxiv materiallarına baxılmasına icazə verilirdi".

Yunus Oğuz gənclərə ötürülməsi vacib olan ideologiyadan bəhs edib: "Hələ sovetlər dönəminin dağılmadığı vaxtda Ankarada Məmməd Əmin Rəsulzadənin yaxın silahdaşları Əhməd Qara və Məhəmməd Kəngərli  ilə görüşdə onlara sual verdim ki, müstəqilliyə gedən yolda bizim üçün hansı ideoloji əsasları hazırlamısınız? Sadəcə bir dərginin mövcud olduğunu dedilər. Bu isə yeni dövlət qurmaq üçün kifayət deyildi.  Buna baxmayaq 1991-ci ildə Cümhuriyyətimizin bərpası başladı və arxivlər açıldı.

Biz aydınların bu gün əsas vəzifəsi gələcək nəsillərimizə dövləti, Turanı qorumaq üçün lazım olan ideologiyaları ötürməkdir", - deyə Y. Oğuz vurğulayıb.

Professor Elçin İsgəndərzadə bildirib ki, İsmayıl bəy Qaspiralının "Dildə, işdə, fikirdə birlik" ideyası  hər birimizin çox sevdiyi sloqanlardan biridir: "Azərbaycan - Türkiyə olaraq  bu şüar ilə bu günlərə gəlmişik. Çox dəyərli günlər ərəfəsindəyik. Sadəcə 15 sentyabr deyil, elə yaşadığımız 101 il boyu mövcudluğumuz, möhtəşəm müstəqilliymiz üçün ata yurdları uğrunda qanlarını tökən Nuru Paşanın Qafqaz İslam Ordusuna hörmət  və məhəbbətlə yaşayırıq".  Professor əlavə edib ki, 15 sentyabr Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunması anısına "Rektor" yayım evinin türk dünyası yayımları servisindən bir kitabı dərc etməyi planlaşdırırq.

Gənc şair İntiqam Yaşar vurğulayıb ki, hər iki ölkə arasında ortaq dövrü dərginin  hazırlanması çox vacibdir. Türk dünyası üzərinə yazılar çap olunacaq buu dərgi sitematik şəkildə olarsa bu istiqamət özü bir qurum yaratmış olacaq.

"Türkiyə" qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, "Ötükən" nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık səslənən fikirlərə, təkliflərə münasibət bildirib, Azərbaycana səfər təəssüratlarını bölüşüb.

Məryəm Aybikə Sinan öz çıxışında Bakıda ikinci dəfə olmaqdan məmnunluğunu bildirdi. "Türkiyə" qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin həyatı ilə bağlı əsərin tezliklə oxuculara təqdim olunacağını qeyd edib.

Respublikamıza ilk dəfə gələn Ayşegül Büşra Çalık Azərbaycandan olan yazarlarla görüşməyə, əçəkdaşlıq imkanlarına görə şad olduğunu bildirib.

Ayşegül Büşra Çalık "Ötükən" nəşriyyatının fəaliyyəti barədə ətraflı bilgi verib. Qeyd edib ki, böyük gələnəyi olan nəşriyyat, türk dünyası yazarlarının əsərlərininə həmişə böyük önəm verib.

İki ölkə arasında nəşriyyatlarla, yazarlarla əməkdaşlığa hazır olduğunu bildirən "Ötükən" başqanı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanıma yazdığı məktubları çap etməkdən sevinc duyduğunu dedi və bir neçə orijinal məktubu Azərbaycana gətirdiyini deyib. Və bu nəcib təşəbbüsə görə, millət vəkili Qənirə Paşayeva təşəkkür edərək, bildirib ki, məktubların muzeyə təhvil verilməsi, onların daha geniş auditoriyaya təqdimatına imkan yaradacaq.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31