İlahiyyat İnstitutuna qəbul olunan tələbə və onların valideynləri ilə görüş keçirilib

İlahiyyat İnstitutuna qəbul olunan tələbə və onların valideynləri ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olunan tələbə və onların valideynləri ilə görüş keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov tələbə adını qazanmış abituriyentləri təbrik edərək, onlara qədəm qoyduqları şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb. Tələbəliyin insan həyatının müqəddəs və şərəfli mərhələlərindən birini təşkil etdiyini söyləyən rektor bu müddətdə gənclərin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması, əsl vətənpərvər, savadlı, yüksək intellektual potensiala malik, dövlətimizə və cəmiyyətimizə yararlı şəxsiyyət və kadr olaraq yetişmələrinin vacibliyini vurğulayıb.

C.Məmmədov ümummilli lider Heydər Əliyevin yürütdüyü dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə bir çox ibadət ocaqları təmir və ya bərpa olunur, dini təhsil müəssisələri yaradılır. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da dövlət-din siyasətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Aİİ rektoru bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təhsili özünün yeni mərhələsini yaşamaqdadır. Gündən-günə inkişaf edən təhsilimizin maddi-texniki bazası gücləndirilir, ixtisaslı kadrların hazırlanmasına dövlət tərəfindən lazımi şərait yaradılır. O, gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

Görüşün sonunda ixtisaslar üzrə yüksək bal toplayan tələbələr mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31