Akademik İsa Həbibbəyli Kazanda Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yubileyində iştirak edib
Akademik İsa Həbibbəyli Kazanda Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yubileyində iştirak edib
13 Sentyabr 2019 12:02 SosialKazanda Tatarıstan Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yaradılmasının 80 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib.
Olaylar.az bildirir ki, beynəlxalq konfransların və dəyirmi masanın işində Rusiyadan və yaxın xarici ölkələrdən tanınmış linqvist-alimlər və sənətşünaslar iştirak ediblər. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli də fəxri qonaqlar arasında olub.
Akademik İ.Həbibbəyli, həmçinin Kazana səfəri çərçivəsində Tatarıstan Respublikasının Dövlət Şurasının Təhsil, Mədəniyyət və Milli Məsələlər üzrə Komitəsinin sədri, tatar yazıçısı və şairi Razil Valeyevlə və respublikanın digər tanınmış ictimai və dövlət xadimləri ilə görüşüb.
"Tatarıstan Azərbaycan üçün qardaş respublikadır və tatar xalqı özünün xarakteri və mənəvi dəyərlərinə görə Azərbaycan xalqına yaxındır. Bizi təkcə dostluq deyil, həm də qardaşlıq münasibətləri birləşdirir", - deyə AMEA-nın vitse-prezidenti qeyd edib.
Alim Tatarıstan Respublikasının "Azərbaycan" milli mədəni muxtariyyətinin rəhbərliyinə iki dövlət arasında dostluq körpüsünün möhkəmlənməsinə verdikləri töhfəyə görə minnətdarlığını bildirib.
Bundan başqa, tatar yazıçısı R.Valeyevin dəvəti ilə Abdulla Tuqay adına Ədəbiyyat Muzeyində "Tatarıstan" İctimai Birliyi sədrinin müavini Emin Ramazanovun iştirakı ilə görüş təşkil edilib.
Görüşdə azərbaycanlı politoloq, tarixçi, publisist, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayevin "Abdulla Tuqayın çoxcəhətliliyi və əbədi uçuş" kitabının Tatarıstanın Xalqlar Dostluğu Evində bu yaxınlarda keçirilən təqdimatından bəhs olunub.