Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi keçirilir
Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi keçirilir
11 Sentyabr 2019 15:14 SosialSentyabrın 11-də Azərbaycan Tibb Universitetində (ATU) Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi öz işinə başlayıb. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, tədbir Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin mərhum sədri, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə həsr olunub. Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinə üzv olan 25 ölkədən 160 elm xadimi və tibb mütəxəssisinin, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə naziri Oqtay Şirəliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub. Nazir müavini çıxışında son 15 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb.
Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır. Diqqətə çatdırılıb ki, sentyabrın 14-dək davam edəcək bu beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Bu isə ölkələr arasında elmin qarşılıqlı tanınmasında və əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.
Konqresdə Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, Ankara Universitetinin rektoru, professor Hasan Özkan çıxış edərək dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin indiyədək 17 konqresi keçirilib. Bu beynəlxalq tədbirlərin 7-nə Azərbaycan ev sahibliyi edib.