Bakıda bal yarmarkası keçiriləcək

Bakıda bal yarmarkası keçiriləcək

Sentyabrın 28-dən oktyabrın 18-dək Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. ASC-dən verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək.Qeydiyyat müddəti 6-11 sentyabr tarixlərini əhatə edir. Sentyabrın 12-də qeydiyyatı təsdiqlənmiş arıçılara SMS-lə bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. İştirakı təsdiqlənmiş hər bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Bal nümunələrinin qəbulu 13-24 sentyabr tarixləri arasında "Aqrar Tədarük və Təchizat" ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 manatdır. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, logistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31