"Salam, necesiz" Sevinc Fədai yazır
10 Sentyabr 2019 14:49 SosialSevinc Fədai
Gün ərzində məhz bu formada, bu biçimdə bəylərdən gələn onlarla mesaj...
Xoşum gəlmir xanımların ona yazıldığını, ona diqqət olduğunu nümayiş etdirməsindən, demək istədiyim başqadır. Bəylərin bu durumuna, başlarının, dünyalarının bu qədər boşluğuna acıyıram. Narahat oluram. Nə yaş bilirlər, nə sosial-ictimai status, qarşılarındakının kim olduğundan zərrə qədər xəbərləri yox... Elə bilirlər, hamı onlar kimi bütün günü inbokslarda çənə döyəcək qədər boş-bekardı, hamı işsiz-gücsüzdü, düşüncəsizdi, mahiyyətsizdi, elə bilirlər hamı qurşaqdanaşağıdı. Düşüblər bu şəxsi mesaj qutusunun canına: "salam necesiz, salam necesiz?" Bu, o deməkdir ki, çox balacasınız, sizin tutumunuz hal-əhval tutmaqdan, məişət söhbətlərindən o tərəfə keçə bilmir. Yaxşı...
Həqiqətənmi, Azərbaycan qadınının necə olmağı sizi bu qədər maraqlandırır? Doğrudanmı, necə olduğumuzu bilmək istəyirsiniz? Desək, qaldıra biləcəksinizmi? Yoxsa mesaj qutularında anlayışlı, müasir erkek rolunu oynayıb evdə, küçədə, çöldə-bayırda göstərirsiniz ancaq kişiliyinizi? Nədi sizin dərdiniz? Bir az özünüzü inkişaf etdirsəniz, dilimizi öyrənsəniz, bir kitab üzü açsanız, düşünsəniz, dünyagörüşünüzü genişləndirsəniz, çalışıb-vuruşsanız, bu cəmiyyət üçün bir şey etsəniz, iz qoysanız? Mesaj qutularındamı dünyaya göz yumacaqsınız, xatırlanacaqsınız ancaq?
Çox vaxt səbrimi basıram, bu düşüncə sahibləri ilə söhbət etməyə çalışıram ki, bəlkə, adamların beynində bir işıq yandıra bilək, dünyadan xəbərdar edək, bu cahilliyi üstələyək. Bəlkə, bir travması, problemi var deyə düşünürəm. Amma əksəriyyəti elə bilir ki, cümhuriyyəti onlar qurub və bu söhbətlər onlara lazım deyil. Yazıq, hamınıza yazıq... oysa sizin beyninizə, ağlınıza, gücünüzə, sağlam düşüncənizə, xarakterinizə nə boyda ehtiyacı var bu məmləkətin.
Ölkədəki vəziyyətdən, problemlərdən, qayğılardan, insanınızdan, həmyerlilərinizdən xəbəriniz varmı sizin? "Azərbaycan qadını" titulu yaradıb boynuna nə yüklər qoymusunuz, bəs Azərbaycan kişisi, bumudur o? Papağınızı qabağınıza qoyub düşünün bir, əgər varsa... "Papaq", saytlarda və sosial şəbəkələrdəki xəbər başlıqlarını görüb qadını, qızı, söymək, asıb-kəsmək, camaatın ətəyinin uzunluğunu ölçmək, arvad öldürmək deyil, cənablar. Əvvəlcə özünüz namuslu, şərəfli, ləyaqətli olun. Yığışın bu "inboks"lardan!