2019-cu ilin “Nəsimi ili” elan olunması milli-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir - Təhlil

2019-cu ilin “Nəsimi ili” elan olunması milli-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir

 Ulu öndərin xalqımızın mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətləri  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Bəşəri hikmət xəzinəsinə böyük töhvələr vermiş mütəfəkkir, şair İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Nəsiminin dünya poeziyasına verdiyi töhvəni nəzərə alan prezident İlham Əliyev onun 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Artıq dövlət başçısının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamının icrası təmin edilməkdədir. Ədiblərin qənaətinə görə, 2019-cu ilin "Nəsimi" ili elan olunması olduqca əlamətdar və təqdirəlayiq bir hadisədir. Bu, ölkə rəhbərliyinin elm, mədəniyyət və incəsənət xadimlərinə, dilimizə ədəbiyyatımıza verdi böyük dəyərin ən bariz nümunəsidir. İmadəddin Nəsimi 3 dildə əsərlər yazıb, amma ona dünya şöhrəti gətirən ana dilində yazdığı şeirləridir. Nəsimi Azərbaycan ədəbiyyatında fəlsəfi şeirin, fəlsəfi qəzəlin əsasını qoyub. Onun ən böyük xidmətlərindən biri Azərbaycan milli ədəbi dilini zənginləşdirməsi olub. Onun dilini bugünkü oxucu da rahat başa düşür. Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib. İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Mütəfəkkir şair qüdrətli söz ustaları Şah İsmayıl Xətai, Füzuli, Vaqif və başqalarının yaradıcılığına böyük təsir göstərib.

Məhz bu amillər nəzərə alınaraq Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, 50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 - 1417) 600 illik yubileyi keçirilmiş, bununla həm ölkəmizdə, həm də xaricdə onun həyat və yaradıcılığına maraq artmışdı: "Ana dilimizdə yaratmış olduğu mükəmməl poeziya nümunələri yüz illər boyunca ozanların, muğam ustalarının dilindən düşməyərək milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verən qüdrətli sufi şairin əlyazmalarının tədqiqi həmin vaxtdan etibarən genişlənmiş, əsərləri kütləvi tirajla çap edilmişdi. Təsadüfi deyil ki, İmadəddin Nəsiminin təbliğində xüsusi yeri olan film də məhz ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında hakimiyyətdə olduğu zamanda- İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında rejissor Həsən Seyidbəyli tərəfindən 1973-cü ildə çəkilmiş, baş rolun ifaçısı, o dövrdə gənc olan istedadlı aktyorumuz Rasim Balayevin yaratdığı obraz xalqımız tərəfindən böyük sevgi ilə qarşılanmışdı".

Prezident İlham Əliyevin 2019-cu ilin "Nəsimi ili" elan edilməsi barədə tarixi Sərəncamının əhəmiyyəti isə ondan ibarətdir ki, orada dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salınıb. Ə. Həsənov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncama əsasən işıq üzü görən, oxuculara təqdim və ölkə kitabxanalarına hədiyyə edilən nəşrlər arasında, heç şübhəsiz, Nəsiminin əsərləri də yer almışdı: "Hər kəsə o da yaxşı məlumdur ki, dövlət başçımız Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq içərisində olduğumuz 2019-cu ili "Nəsimi ili" elan edib. Prezidentin bu sərəncamından irəli gələrək il ərzində xalqımızın ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş şair haqqında çox sayda elmi və mədəni tədbir keçirilib, araşdırmalar aparılıb, o cümlədən kütləvi informasiya vasitələrində sanballı məqalələr dərc olunub". Bir daha xatırladaq ki, bu ilin Prezident İlham Əliyev tərəfindən "Nəsimi İli" elan olunması sadəcə ölməz şair və mütəfəkkirimizin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmət edir. Ulu öndər Heydər Əliyevin xalqımızın milli, mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31