Elmsiz dini anlamaq, elm olmadan Allahı tanımaq mümkün deyil
9 Sentyabr 2019 15:38 SosialƏkrəm Həsənov: "Allaha aid elmləri öyrənməklə insanlar səhih, doğru, düzgün əqidəyə, inanca sahib olurlar"
Yaşadığımız cəmiyyətdə vətəndaşlarımız tərəfindən din sahəsinə belə yalnış bir yanaşma var ki, din elmdən uzaqdır. Dini elmlə bərabər səviyyədə tutmaq olmaz. Elm ancaq dəqiq fənlərə aiddir. Din isə dəqiq bir sahə deyil.
Ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov isə hesab edir ki, əslində elmsiz dini anlamaq, elm olmadan Allahı tanımaq mümkün deyil. Onun sözlərinə görə, elmlərin növləri çoxdur və bunların içərisində ən mühümü tövhid elmidir: "Tövhid elmi dedikdə biz əqidə, etiqad elmini demək istəyirik. Əqidə, şəriət, etiqad, din elminin isə bütün digər elmlərdən üstün və şərəfli olması hamımız üçün məlum olmalıdır. Hər bir insan Allah təalanı elm ilə tanımalıdır. İnsanlar necə ki, başqa elmləri öyrənib məsələlərin mahiyyətini dərk edirlər, eləcə də şəriət elmini, din elmini, Allahı tanımağın elmini də ondan da şiddətli dərəcədə öyrənməlidirlər. Allaha aid elmləri öyrənməklə insanlar səhih, doğru, düzgün əqidəyə, inanca sahib olurlar. Bunun da nəticəsində ibadətlərini düzgün şəkildə yerinə yetirməyə başlayarlar". Əkrəm Həsənov qeyd edib ki, elm olmasa heç bir müsəlman namazı necə qılacağını, orucu necə tutacağını, zəkatı necə verəcəyini, insanlarla necə müamilələr quracağını və. s. bir sözlə Allah qarşısında olan borcları necə yerinə yetirəcəyini bilməzdilər: "Bu baxımdan insanların bu din elminə yönəlməsi, Allah təalanı tanımaq üçün atacaqları ilk addımdır. Allaha aid elmləri öyrənməyə yönəlmələri üçün özləri öz üzərlərində sorğu-sual aparmaları, özlərinə və ətraflarına baxıb düşünməyə başlamaları lazımdır. Özünü sorğu-sual etməsi bu mərhələyə keçməsində insana kömək edə bilər.
Bəzi insanlar cəza, hesab kimi sözlərin mahiyyətinə varmırlar. Həqiqətən də hər bir insan özü-özü ilə sorğu sual aparmalıdır. Ona görə ki, bu həyatı bitirdikdən sonra insan sorğu sual-olunacaq. Bu dünyada yaşayırıq, hərəkət edirik, müxtəlif işlər və fəaliyyətlər həyata keçiririrk. Bütün bunları edərkən özümüz-özümüzlə sual-cavab aparmalıyıq. Bu hərəkəti nə üçün edirəm deyə. Çünki hər bir məəslədən sorğu-sual olunacağıq. Cəmiyyətimiz bu gün axına düşüb həyatlarını davam etdirir. Ən yaxını dünyasını dəyişir, amma onun üçün əvvəlki yaşadığı həyatı dəyişmir. Bir yaxınımız dünyasını dəyişəndə biz kişilər onu öz əllərimizlə aparıb qəbirə daxil edirik. Amma qadınlara bunu etməyə icazə vermirik. Ona görə ki, bunu biz kişilər etməliyik. Ancaq bizlər bu qədər məsuliyyət daşıyıb özümüzü dəyişməyə başlamırıq. Dəfndən sonra heç nə olmayıb kimi, heç vaxt ölməyəcəyik kimi yenidən əvvəlki günahla dolu həyatımıza başlayırıq. Çoxlarımız bir dəfə özümüz haqqında düşünmürük.
Biz kimik, bu dünyaya niyə gəlmişik, yaşadığımız həyatın məqsədi nədir, hara gedəcəyik, sonumuz necə olacaq? Bu kimi suallar insanı Allahı tanımağa aparır. İnsan bu sualları ilə qarşı-qarşıya qalanda Allaha aid elmini artırmağa onda həvəs və istək yaranır. Çox vaxt İslamdan uzaq yaşayan kəsimlərin dilindən belə bir sözü tez-tez eşidirk: "- Bu işlərin axırı necə olacaq?" . Bu sual çoxlarını düşündürür və çox insanlar bu sualın cavabını bilmirlər. Bilmədikləri halda belə cavabı əldə etmək üçün cəhd belə etmirlər. Biz kimik? Özündən sorğu-sual olunan varlıqlarıq".
Əkrəm Həsənov bildirib ki, yaşadığımız bu aləm sonradan yaradılmış bir məxluqdur: "Bizlər də bu aləmdə yaranmışıq. Bu aləmi və aləmdə gördüklərimizlə və görmədiklərimizlə bərabər bizi yaradan uca Allahdır. Biz özümüz-özümüzü yaratmamışıq. Təbiət də bizi yaratmayıb. Bizi və içəriisndə yaşadığımız bu dünyanı yaradan uca Allahdır. Bunları daha dəqiq bilmək üçün Allaha aid elmləri öyrənməliyik. İnsan Allaha aid elmləri öyrəndikdən sonra özünü düzəltməyə başlamalıdır. İnsan özünə öyüd nəsihət verməlidir. Hətta Allaha aid elmləri öyrənməkdə özündə həvəs yaratmaq üçün özü-özünü danlamalı və xeyirli nəticə əldə etməlidir. Necə ki, Malik bin Dinar (Allah ona rəhmət etsin) deyir ki: "Allah Təala, İsaya (əleyhissalam): "Ey İsa! Əvvəlcə özün öz nəfsinə öyüt ver. Öyüdün sənə fayda verərsə, on¬dan sonra insanlara öyüd və nəsihət et! Əks təqdirdə, Allahdan utan!" de¬miştir (Əhməd ibn Hənbəl, "Kitəbuz-Zühd"). Bu mərtəbəyə çatmaq üçün insan Allah təalanı tanımağın elmini öyrənməyə başlamaılıdır".
İlahiyyatçı hesab edir ki. bəzi böyük Qərb alimləri dünyaya təkan verən elmləri ilə insanlara tək Allahı tanıdırdılar: "Əgər siz Nyutonun yazdıqlarını oxusaydınız İxlas surəsini oxuduğunuzu zənn edərdiniz. Bu müdhiş alim öz böyük əsərləri ilə insanları tək Allahın mövcudluğuna dəvət edirdi. Allahı necə də hər cür batil ilahlardan uzaq tutaraq təkləşdirirdi. Tövhid elmini əsərləri ilə insanlara öyrədirdi. Bu bir həqiqətdir. Müasir dövrümüzdə bəzi elm adamları, bəzi müəllimlər elm oxuduqca və oxutduqca insanları yaradıcıya yox, elmə inanmaları gərəkdiyini onlara aşılayır. Onları Allahdan uzaqlaşdırmağa çalışırlar. Bu isə yanılmadır. İnsanların istiqamətini onların dünya və axirət xoşbəxtliyini əldə etmək üçün yalnış istiqamətə yayındırmadır. Yalnış istiqamətə yayınmamaq üçün din elmini, Allahı tanımağın, Allaha yaxın olmağın həqiqətini öyrənməyə başlamalıyıq. Buna nail olsaq dünya və axirətdə xoşbəxt olacağımızı heç vaxt yaddan çıxarmayaq. Allah-Təala hər birimizi dünya və axirətdə xoşbəxt qullarından etsin".
Məhəmməd