Azərbaycanda söz, mətbuat azadlığı bütün demokratik prinsiplərə cavab verir
Azərbaycanda söz, mətbuat azadlığı bütün demokratik prinsiplərə cavab verir
9 Sentyabr 2019 15:35 SosialSöz, fikir və məlumat azadlığı demokratiyanın təməl prinsipləri hesab olunur. Açıq, demokratik, şəffaf və sivil idarəetmə sisteminin yaradılması, ilk növbədə, cəmiyyətin azad, obyektiv, qərəzsiz informasiya almaq tələbatının ödənməsindən, insanların söz, fikir, düşüncə, vicdan azadlıqlarının maksimum səviyyədə təminatından keçir. Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin olunması və inkişafı ilə əlaqədar kifayət qədər işlər görülüb və hazırda da bu istiqamətdə fəaliyyət davam etməkdədir. Bunun nəticəsidir ki, dövlət "dördüncü hakimiyyət" adlandırılan müstəqil kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. Bununla birlikdə, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür.
Öz fikrini ifadə etmək hüququ - özünüifadə azadlığı insan haqlarının ən mühümüdür. Özünüifadə plüralizmin bərqərar olmasına, ən başlıcası, dövlətin demokratik dəyərlərə söykənməsinə şərait yaradır.
Söz, fikir və məlumat azadlığı hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir. Demokratiyanın, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları isə kütləvi informasiya vasitələridir.
Müstəqil kütləvi informasiya vasitələri müasir dövrdə cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında mühüm rol oynayır. Dünyada baş verən mühüm ictimai-siyasi və mənəvi proseslərin qiymətləndirilməsi, ictimaiyyət tərəfindən dərk edilib dəyərləndirilməsi, əsasən, kütləvi informasiya vasitələrinin obyektiv və çevik fəaliyyəti nəticəsində mümkün olur.
Azad mətbuatın mövcudluğu hər bir ölkədə siyasi plüralizmi və demokratiyanı təmin edir. Demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri də kütləvi informasiya vasitələrinin müstəqilliyinin, o cümlədən mətbuat, söz, fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır. Əsası görkəmli ziyalı, ictimai xadim və alim Həsən bəy Zərdabi tərəfindən qoyulan, Azərbaycan milli mətbuatının da formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçmiş və müasir səviyyəyə gəlib çatmışdır. Milli demokratik mətbuatın "Əkinçi" qəzeti ilə bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynamışdır.
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra mətbuatın inkişafında dönüş yaranmış, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirilmişdir. Bu inkişaf müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxarmışdır.
Respublikamız söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Bu yöndə görülən işlər ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında dönüş yaranmışdır. Ulu öndər Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş liderdir.
Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-nin fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. Məhz Heydər Əliyevin liderliyi ilə Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur. Fərman eləcə də kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.
Ulu öndər Heydər Əliyev siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyev milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etdirir. Dövlət başçısı tərəfindən mətbuata davamlı olaraq qayğı və diqqət göstərilir. Azərbaycan özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir.
Müstəqil demokratik respublikamızda mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Həqiqətdir ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsi və müasir dövrün tələblərinə uyğunlaşması üçün bütün tədbirlər görülmüşdür.
Bugünki inkişafda olan mətbuatımız müstəqil, obyektiv və tərəfsiz, siyasiləşmə meyillərindən, qərəzdən uzaqdır. Bu gün mediada ümumilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirlir. Ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafı üçün bütün zəruri tədbirlər həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bu gün söz və mətbuat azadlığı Azərbaycan Konstitusiyasında və onun müvafiq qanunlarında fundamental insan hüquqları sırasında təsbit olunub.
Plüralizmə gəldikdə isə Plüralizm - bir və ya müxtəlif bir-birindən asılı olmayan varlığın əsası və ya növlərinə, biliklərin form və əsaslarına, davranış üslubuna və s. əsaslanan mövqelərin bir araya gəlməsinə deyilir. Plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir. Ölkəmizdə plüralizm ən yüksək səviyyədə qorunur. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə dünya ölkələri səviyyəsində plüralist ölkə kimi xarakterizə edilir. Azərbaycanda siyasi plüralizmin mövcud olmasının digər bir göstəricisi ölkədə siyasi partiya və birliklərə verilən hüquqlar, onların qarşısında heç bir məhdudiyyətin tətbiq edilməməsidir. Təsadüfi deyil ki, ölkədə ideyaları və baxışlar müxtəlif olan kifayət qədər siyasi qruplar, partiyaların, təşkilatlar mövcuddur. Bu isə özündə onu ehtiva edir ki, Azərbaycan demokratiyanın inkişaf yolunda inamla irəliləyir. Hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşma, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur.
Bunlar Azərbaycanın bütün istiqamətlərdə istər siyasi, istər elmi, istərsə də digər sahələrdə olduğu kimi plüralizm sahəsində də inkişafından xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir