Məhz Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə azad sözün və mətbuatın təminatçısı kimi kütləvi informasiya vasitələrinin inkişafı yönümündə bütün zəruri tədbirləri həyata keçirir. Azad söz, müstəqil fikir uğrunda mübarizə Azərbaycan xalqının tarixində mühüm yer tutur. Azərbaycan milli mətbuatının formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə gəlib çatıb. Milli mətbuatın bu illər ərzindəki tarixi inkişafını əsasən 4 mərhələyə bölmək olar: birincisi, "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər  olan dövr; ikincisi Cümhuriyyət dövrü; üçüncüsü, sovet dövrü; dördüncüsü müstəqillik dövrü.

1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuşdur. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradılmışdır. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir", - söyləyən ulu öndər Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

Həmin dövrdə Azərbaycanın özünün iqtisadi imkanlarının nisbətən zəif olmasına baymayaraq, Ulu öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi. 90-cı illərin ortalarında qəzetlərə birdəfəlik yardımlar, subsidiyalar verilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.

Ümumilikdə, Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli "Kütləvi İnformasiya Vasitələri haqqında", 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və digər qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı.

Milli Məclisin 2001-ci il 13 mart tarixində "Gömrük tarifi haqqında" qanuna etdiyi dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan, o cümlədən əlavə dəyər vergisindən azad edildilər. Sonrakı mərhələdə Ulu öndərin humanist addımlarından biri də çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borclarının 2005-ci ilədək dondurulması oldu. Bu addım, faktiki olaraq, bir çox qəzetləri tamamilə qapanmaq təhlükəsindən xilas etdi.

Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Jurnalistlərin peşəkarlığını artırmaq məqsədilə fərdi yazı müsabiqələri keçilrilir, qəzetlərə müxtəlif mövzularda qrantlar ayrılır, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün heç bir təmənna olmadan mənzillər verilir. Görülən bu tədbirlərin hamısı müstəqil mətbuatın inkişafına xidmət edir.

Cənab Prezident  bir neçə il əvvəl söylədiyi "jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir" fikrinə hər zaman sadiqdir. Son illərdəki müşahidələrimiz onu göstərir ki, Cənab Prezident nəinki qətiyyətli dövlət başçısıdır, eyni zamanda, humanistdir, milli mənəvi dəyərlərə, ziyalılığa, həqiqi və ədalətli sözə sayğı ilə yanaşır. XXI əsrin siyasi mərkəzlərinin diqqətində olan Azərbaycan Prezidenti dövlətmizin inkişafı və onun idarəedilməsi üçün medianın fəaliyyətini dəstəklədiyini davamlı olaraq nümayiş etdirir. İndi böyük qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü, varlı dövlət kimi qəbul olunur və dəyərləndirilir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb.

Məhz Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış binasının tikilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər institutlarının da diqqətini jurnalist peşəsinə yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə nüfuzunun artmasına müstəsna təsir edir.

"Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu"nda göstərilir ki, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir. Deməli, məlumat azadlığı üçün əsas təminat Azərbaycan Respublikasının Konstitusiyası və onun müvafiq qanunlarıdır. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.

Bu gün də dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və onun hüquqi bazasının inkişafı olmuşdur. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin aprelində yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-in maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Bu gün söz və mətbuat azadlığı Azərbaycan Konstitusiyasında və onun müvafiq qanunlarında fundamental insan hüquqları sırasında təsbit olunub. 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31