İlahiyyat İnstitutunun rektorunun kitabı çapdan çıxıb
İlahiyyat İnstitutunun rektorunun kitabı çapdan çıxıb
4 Sentyabr 2019 11:25 SosialAzərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" adlı kitabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, kitab "Azərbaycanda dövlət-din münasibətləri", "Dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi", "Azərbaycanda din təhsili" fəsillərindən ibarətdir.
Kitabda Azərbaycanda dövlət-din münasibətlərinin üç mərhələsi - Azərbaycan Xalq Cümhuriyyəti, sovet və müstəqillik dövrlərinin tarixi tədqiq edilir. Bu müddətdə dinə münasibət, bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilir. Eyni zamanda, Azərbaycanda din təhsilinin tarixinə, dövlət-din münasibətlərinin hüquqi aspektlərinə, radikalizmlə mübarizə sahəsində son illər görülən işlərə toxunulur.
Müəllif kitabda qeyd edir ki, Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin yayıldığı, sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olmuşdur. Burada yaşayan ayrı-ayrı dinlərin mənsubları tarixin heç bir dönəmində ayrı-seçkiliyə məruz qalmayıblar.
Elmi tədqiqat əsəri dinşünaslar, ilahiyyatçılar, şərqşünaslar, tarixçilər, dinlə əlaqəli sahələrdə tədqiqat aparan mütəxəssislər, həmçinin ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.