Azərbaycanda siyasi plüralizm mövcuddur

Azad və plüralist cəmiyyətdə yaşamaq, belə bir cəmiyyət qurmaq hər bir dövlətin, vətəndaşın arzusu, istəyidir. Bu istək və arzunu reallaşdırmaq üçünsə istər dövlətlər, istərsə də onların vətəndaşları daim çaba sərf edir, çalışır, mübarizə aparır.

Azərbaycan dövləti və cəmiyyəti, xalqı da azad və demokratik, plüralist cəmiyyətin formalaşması, yaradılması istiqamətində çalışıb, bu istiqamətdə mübarizə aparıb və apardığı mübarizə müsbət sonluqla başa çatıb. 1980-lərdən başlanan bu mübarizənin nəticəsidir ki, bu gün Azərbaycan azad və demokratik, plüralist bir dövlətdir, ölkəmizdə bütün hüquqlar ən yüksək səviyyədə qorunur. İstər söz və mətbuat azadlığı, istər insan hüquq və azadlıqları, istərsə də plüralizm ənənələri müstəqillik illərindən etibarən inkişaf etdirilməyə başlanılıb və günümüzdə bütün bu qeyd etdiyimiz məqamlar Azərbaycanda ən yüksək səviyyədədir desək yanılmarıq.

Etiraf etmək lazımdır ki, Azərbaycan bütün bunlara heç də asanlıqla nail olmayıb. Müstəqilliyin ilk illərində üzləşdiyimiz çoxsaylı problemlər, qarşılaşdığımız çətinliklər, ən əsası iqtisadi və sosial sahədə ciddi problemlərin olması siyasi sahədə islahatları ləngidir, bu istiqamətdə ölkəni geriyə atırdı. Dövlət olaraq qeyd edilən istiqamətlərdə müəyyən addımlar atmağa meyil göstərilsə də, lakin Azərbaycanın istəməyən xarici, eləcə də daxili qüvvələrin mövcudluğu, müstəqil dövlətçiliyə qarşı aparılan mübarizə Azərbaycanı azad və demokratik təsisatlardan geri qoyurdu.

Ancaq zaman keçdikcə müstəqil dövlətçiliyin möhkəmlənməsi, ölkəmizin bütün istiqamətlərdə inkişafa, tərəqqiyə doğru addımlamasına yil açdı. Həmçinin müstəqil Azərbaycan bu və ya digər problemləri geridə qoydu. Əslində Azərbaycan bu sahədə kifayət qədər tarixi təcrübəyə də malik idi. Belə ki, XX əsrin əvəllərində elan edilən Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. Bu gün dünyaya demokratiya dərsi keçən ölkə və ölkələrdə demokratik təsisatlar olmadığı, seçib-seçilmək hüququ insanlara məhdud sayda verildiyi halda, Azərbaycan hətta qadınlara belə seçib-seçilmək hüququ vermişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olan parlamentdə, eləcə də hökumət kabinetində həmin dövrdə fəaliyyət göstərən bütün partiyaların nümayəndələri təmsil olunurdu ki, bu da siyasi plüralizmin mövcudluğunu təsdiq edirdi.

Elə müstəqillik illərində də məhz Azərbaycan Xalq Cümhuriyyətinin tarixi təcrübəsindən istifadə edilirdi. Xüsusilə, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkənin daha da  demokratikləşməsi, inkişaf etməsi, əsas azadlıqların bərqərar olması istiqamətində sistemli və davamlı addımlar atılmağa başladı. Artıq müstəqil Azərbaycan Respublikası demokratik cəmiyyətin bir üzvü, dünyanın azad və demokratik ölkəsi kimi tanınmağa başlayır, azad və demokratik ölkələrə xas islahatlar keçirir, addımlar atırdı. İstər azad söz və mətbuat azadlığının qorunması, istər insan hüquq və azadlıqlarına verilən yüksək dəyər, istərsə də plüralizmin bərqərar olunması sahəsində atılan addımlar məhz ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına vermiş olduğu mühüm töhfələr idi. Bu mənada ümummilli lider Heydər Əliyevin atmış olduğu ən mühüm addım hələ sovetlərin zamanından miras qalmış senzuranın ləğv etməsi oldu. 1998-ci ildə Heydər Əliyev tərəfindən atılan bu addımla media, kütləvi informasiya vasitələrinə nəzarət mexanizmi tamamilə aradan qalxdı və azad, demokratik mətbuatın inkişafına zəmin yarandı. Ən əsası müstəqil Azərbaycan Respublikası bununla fikir, söz, məlumat azadlığına diqqət yetirdiyini, buna sadiq olduğunu və bu prinsiplərin inkişaf etdirilməsində ortaya siyasi iradə qoyduğunu nümayiş etdirdi. Artıq dünya da Azərbaycanın demokratik təsisatlar, bu istiqamətdə əsas meyarlardan sayılan fikir, söz, məlumat azadlığına nə qədər önəm verdiyini əyani şəkildə görürdü.

Artıq ölkədə nəinki fikir, söz və məlumat azadlığı təmin olunmuşdu, eyni zamanda genişmiqyaslı siyasi fəaliyyət üçün də imkanlar yaradılmışdı. Hakimiyyətdə Yeni Azərbaycan Partiyasının olmasına baxmayaraq müxalifət partiyalarının da azad və heç bir məhdudiyyət, əngəl olmadan fəaliyyətinə hər bir şərait yaradılır, siyasi partiyaların ölkədə keçirilən bu və ya digər seçkilərdə iştirakına, hətta seçkili orqanlarda təmsilçiliyinə belə heç bir sədd çəkilmirdi.  Yəni, birbaşa dövlət və onun rəhbərliyi ölkədə çoxpartiyalı sistemin yaradılmasında maraqlı idi. Elə bu marağın, diqqətin göstəricisi idi ki, bir-birinin ardınca çoxlu sayda partiyalar yaranmağa başladı. Dövlətin çoxpartiyalı sistemə üstünlük verməsindən ruhlanan bir neçə nəfər tələm-tələsik bir araya gələrək partiya təsis edir, siyasi proseslərə qoşulur, seçkili orqanlarda təmsiloçilik uğrunda mübarizə aparırdılar. Təbii ki, bütün bunlar da öz növbəsində Azərbaycanda siyasi plüralizmin mövcud olduğunu göstərir və dünyaya bunu əyani şəkildə sübut edirdi. Həmin illərdə ölkənin əsas müxaliət partiyalarından sayılan Azərbaycan Milli İstiqlal Partiyasının yubileyinə dövlətin ən yüksək səviyyədə təmsil olunan rəsmilərinin qatılması da məhz Azərbaycanda siyasi plüralizmin mövcudluğunun göstəricisi idi. Həmin dövrdə Azərbaycan hakimiyyətinin atmış olduğu bu addım, etdiyi bu gediş eyni zamanda dünyaya, region ölkələrinə bir siyasi plüralizm nümunəsi, örnəyi idi. Və təbii ki, rəsmi Bakının, ən əsası Azərbaycan hakimiyyətinin nümayiş etdirdiyi siyasi plüralizm nümunəsi beynəlxalq aləm, dünya dövlətləri tərəfindən təqdir olunur, dəstəklənirdi.

Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub-saxlayır və Azərbaycan hakimiyyəti hər zaman olduğu kimi bu gün də qeyd etdiyimiz məsələlərə xüsusi həssaslıqla, diqqətlə yanaşır. Çünki demokratik cəmiyyətlərdə, ölkələrdə siyasi plüralizmin təmin olunması, fikir, söz və məlumat azadlığının təmin edilməsi vacibdir, zəruridir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm tam mənada qorunur, ölkədə fikir, söz və məlumat azadlığı mövcuddur. Bunu hər bir cəhətdın söyləmək mümkündür. İstər beynəlxalq aləm, dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələri kimi təqdim edilən dövlətlər müqayisədə, yaxud ölkədə fəaliyyət göstərən siyasi partiyalarınn seçkili orqanlarda təmsilçiliyində. Eyni zamanda siyasi partiyalara hakimiyyət səviyyəsində göstərilən diqqət və qayğıdan da eyni nəticəyə gəlmək mümkündür.

Əvvəlcə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların sayına diqqət edək. Günümüzdə Azərbaycanda 60-a yaxın siyasi partiya fəaliyyət göstərir ki, onların da 56-sı dövlət qeydiyyatından keçən partiyalardır. Bu illər ərzində cəmi 9 partiya fəaliyyətini dayandırıb ki, həmin partiyaların fəaliyyətinin dayandırılmasına isə hakimiyyət, yaxud onun hansısa strukturları tərəfindən hər hansı təzyiqlər olmayıb. Sadəcə həmin partiyalar ictimai-siyasi proseslərə təsir güclərini itirdiiklərindən, elektoratı azaldığından belə bir məcburiyyət qarşısında qalıblar. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların sayına görə, Azərbaycan bu gün regionun lider ölkəsi kimi xarakterizə edilir. Məsələn, günümüzdə Azərbaycanda dövlət qeydiyyatından keçən 56 siyasi partiya fəaliyyət göstərdiyi halda, qonşu Gürcüstanda fəaliyyət göstərən siyasi partiyaların sayı barmaqla sayıla bilıəcək qədərdir. İşğalçı Ermənistanda isə cəmi 5 siyasi partiya fəaliyyət göstərir. Elə qardaş ölkə Türkiyədə də fəaliyyət göstərən siyasi partiyaların sayı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların sayından azdır. Belə ki, Türkiyə Respublikasında cəmi 17 siyasi partiya fəaliyyət göstərir. Təkcə yaxın qonşularımız deyil, eləcə də uzaq qonşularımız, qoca Avropa, Birləşmiş Ştatlarda fəaliyyət göstərən siyasi partiyaların sayı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların sayından qat-qat azdır. Təbii ki, bu amil də öz-özlüyündə Azərbaycanda siyasi plüralizmin mövcud olduğunu göstərir.

Azərbaycanda siyasi plüralizmin mövcudluğu təkcə siyasi partiyaların sayının çoxluğunda özünü ehtiva etmir. Həmçinin onlara yaradılan şərait, siyasi partiyaların seçkili orqanlarda iştirak edib yer qazanmasında da özünü açıq şəkildə göstərir. Bunu sübuta yetirmək üçün təkcə Azərbaycan Parlamentinin tərkibinə nəzər yetirmək kifayətdir. Bu gün Azərbaycan Parlamentində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı onlarla müxalifət partiyası, eyni zamanda dövləti, dövlətçiliyi müdafiə edən partiyalar təmsil olunur. Bu sırada Ana Vətən Partiyası, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, eləcə də digər siyasi partiyaların adlarını çəkmək mümkündür.  Bu gün parlamentdə siyasi partiyaların təmsil olunmasına şərait yaradılması ilə bərabər, eyni zamanda onlara dövlət büdcəsindən maliyyə yardımı da ayrılır ki, bu da öz-özlüyündə siyasi plüralizmin mövcudluğunun göstəricilərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31