Gənc əsgərlər sədaqət andı içiblər
Sentyabrın 1-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış 350 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib
2 Sentyabr 2019 15:36 SosialSentyabrın 1-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış 350 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib. Penitensiar xidmətdən "Olaylar"a bildirilib ki, dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilmiş, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içmişlər. Tədbirdə çıxış edən Mühafizə Alayının komandiri vəzifəsini icra edən ədliyyə mayoru Rauf Əsədov gənc əsgərlərə Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı cənab Ceyhun Həsənovun təbriklərini çatdırmış və onlara vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, hər an əldə silah ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağı tövsiyə etmişdir.
Çıxış edən əsgərlər və valideynləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın hər əmrinə hazır olduqlarını bildirmişlər. Daha sonra şəxsi heyətin marş sədaları altında təntənəli hərbi keçidi izlənilmişdir. Tədbirin sonunda Mühafizə alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını qonaqlar qarşısında nümunəvi çıxışlarla nümayiş etdirmişdir.