Xırda görünən ciddi mental deyərlər... - Elçin Hüseynbəyli yazır

Xırda görünən ciddi mental deyərlər...

Elçin Hüseynbəyli

Əli zənbilli yaşlı bir qadın küçədə gedir. Hər iki əli doludur və bu ağırlıqdan əziyyət çəkir.

Metroda bir hamilə qadın ayaq üstə durub, o da daşıdığı yükdən əziyyət çəkir. Gənc uşaqlar əli zənbilli qarıya baxıb gülür və əllərilə nəyəsə işarə edir. Hamilə qadin iki gəncin başı üzərində dayanıb. Həmin iki gənc də mobil telefonda nəyisə bir-birilərinə göstərir və gülürlər.

Hər iki mənzərə acınacaqlıdır, eləmi dostlar! Düzdü, bu, kütləvi hal deyil. Amma hərdən rastlaşdığımız gerçəklikdir...

Biz daim mental dəyərlərdən danışırıq və doğrudan da elə mental dəyərlər var ki, ondan imtina eləmək lazımdır, amma elələri də var ki, ondan imtina eləmək olmaz, çünki onlar bizim mahiyyətimizdir, həyat tərzimizdir və bunların sırasında yaşlılara, hamilə qadınlara, körpəli adamlara yer vermək, hörmət eləmək borcumuzdur. Bu, həm də bir ənənədir.  Metro vaqonlarında, avtobuslarda da bu barədə yazılır və işarələr qoyulur. Amma çox zaman gənclərdən qəribə etiraflar eşidirsən: məgər özündən böyüyə yer vermək mədəniyyətdir? Əlbəttə, mədəniyyətdir! Çünki sən də qocalacaqsan. Bir fironun dediyi kimi: mən öləndə başdaşımın üstünə yazarsınız ki, Tanrı məni nadan cavanlardan qorusun. Sonra əlavə edir: "Amma unutmasınlar ki, onlar da qocalacaqlar!"

Bəzilərinin isə başqa arqumenti var: Avropada yaşlılara yer verəndə adamı təhqir edirlər: "Məgər mən qocayam ki, mənə yer verirsən!?" Ola bilər ki, bu belədir. Amma mən Avropada çox olmuşam, yaşlılara yer də vermişəm və hamısından da minnətdarlıq sözü eşitmişəm.

Bu, məsələnin bir tərəfi. İndi keçək o biri tərəfinə. Ola bilər ki, Avropada böyüklərə, lap elə yaşlı qadınlara yer vermirlər. Halbuki bu, inandırıcı deyil. Lap olsun. Çünki avropalı qadınlar, elə kişilər də sərbəst həyata üstünlük verir, çoxları ailə həyatı qurmur, özündən böyüyə də qayğı göstərmir. Ancaq unutmayaq ki, avropalılardan fərqli olaraq bizim insanlarımız ölənə qədər övlad, nəvə-nəticə barədə düşünür, onların qayğısını çəkir. Azərbaycan qadınları  dünyada fədakar və zəhmətkeş insanların ön sırasındadır. Ona görə də küçədə gedən əli zənbilli qarı da, metroda gənclərin yer vermədiyi hamilə gəlin də bizimdir: nənəmizdir, anamızdır, bacımızdır, həyat yoldaşımızdır. Onlara baxanda gülmək yox, məhz bunları düşünmək lazımdır. İctimai qınaq bu məsələdə bizə kömək edər. Heç kimin xətrinə dəymədən bütün bu nüansları xatırlatmaq olar və lazımdır. Avropalılardan fərqli olaraq, bu məsələdə bizim düşüncəmiz daha doğrudur.

Sentyabrın əvvəli, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31