Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyətində insan amili dayanır - Şərh
Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyətində insan amili dayanır
2 Sentyabr 2019 14:00 SosialAzərbaycanda həyata keçirilən uğurlu sosial siyasət davam etməkdədir. Belə ki, cari ilin əvvəlindən tətbiqinə start verilmiş sosial paket layihələri ardıcıl olaraq icra edilməkdədir. Məlumat üçün qeyd edək ki, artıq sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib. Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib. İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.
Yeri gəlmişkən qeyd edək ki, ölkədə həyata keçirilən sosial siyasət təkcə əmək haqlarının artırılması ilə müşahidə olunmur. Azərbaycanda vətəndaşların təhsil və sağlamlıq məsələləri də diqqət mərkəzindədir. Ölkədə geniş miqyasda tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta məhz insanların sağlamlığına hesablanıb. Belə ki, Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev hazırda İTS-in baza zərfinə 1829 adda tibbi xidmətin daxil olduğunu bildirib: "Bunlardan 480-i ambulator, 677- si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir". ("Xalq qəzeti") Z.Əliyevin sözlərinə görə, 2020-ci il 1 yanvar tarixində qüvvəyə minəcək "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir: "Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Burada bir məqamı qeyd edim ki, ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. Nəzərinizə çatdırım ki, hazırda xidmətlər zərfi üzərində agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq". Göründüyü kimi Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyətində insan amili, onların rifah halınin yüksəlməsi dayanır. Bu siyasət ölkəmizdə uğurla həyata keçirilməkdədir.
Alim