C.Cabbarlının 120 illiyi ilə bağlı yeni kitabların təqdimatı keçirilib

C.Cabbarlının 120 illiyi ilə bağlı yeni kitabların təqdimatı keçirilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq C.Cabbarlının 120 illiyi münasibəti ilə yeni nəşr olunmuş 2 kitabın təqdimatı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, təqdimat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin "Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə C.Cabbarlının yaradıcılığının təbliği" layihəsi çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən təşkilatın sədri, C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Bağırova bildirib ki, ədibin poeziya nümunələrinin toplandığı "Ölkəm" adlı kitaba C.Cabbarlının bir sıra lirik, satirik və vətənpərvərlik mövzusunda yazdığı şeirləri toplanıb: "Filologiya elmləri doktoru Asif Rüstəmlinin müəllifi olduğu, cabbarlışünaslığın inkişaf mərhələlərindən bəhs edən "Cəfər Cabbarlı və Cabbarlışünaslıq" adlı digər tədqiqat əsərində Azərbaycan ədəbiyyatşünaslığının tərkib hissəsi olan cabbarlışünaslıq elmi haqqında araşdırmalar yer alıb. Kitabda son yüz ildə C.Cabbarlının həyatı və yaradıcılığı haqqında qələmə alınmış irili-xırdalı onlarla ədəbi, elmi, publisistik məqalə və tədqiqatlar haqqında geniş məlumatlar verilib. Eləcə də cabbarlışünaslığın bütün dövrləri və problemləri araşdırılıb, bu elmin meydana gəlməsində, formalaşmasında və inkişafında bir neçə ədəbiyyatşünaslar nəslinin xidmətləri diqqətə çatdırılıb.

Tədbirdə çıxış edənlər ədibin həyat və yaradıcılığı haqqında danışıblar. Sonda C.Cabbarlının əsərlərindən ibarət kitab sərgisi təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31