Falçıların cəmiyyətə zərərləri -MÜNASİBƏT

Falçıların cəmiyyətə zərərləri

Cəmiyyət arasında dini sahədə maarifləndirici tədbirlər nə qədər  həyata keçirilsə, insanları xurafat və cəhalətdən uzaqlaşdırılmağa yönəlik cəhdlər göstərilsə də, lakin hələ də bu istiqamətdə müəyyən problemlər qalmaqdadır. Səbəb o deyil ki, dini sahədə maarifləndirmə tədbirləri kifayət qədər geniş və səmərəli aparılmır. Səbəb odur ki, bir çoxlar hələ də müasir cəmiyyət, dünyadan daha çox keçmişə, xurafata meyilli görünür və həminn təbəqədən olan insanlar arasında hər nə qədər maarifləndirmə işləri aparılsa da, onlar yenə də öz bildikləri istiqamətdə hərəkət edəcəklər.

Bu gün cəmiyyət arasında qalan mənfi tendensiyalardan biri hələ də bir çoxlarının fala inanması, insanların tez-tez falçı yanına üz tutması, hətta çətin günündə falçıdan mədət ummasıdır. Halbuki dinimizdə də fala baxmaq və ya baxdırmaq böyük günahlardan hesab edilir. Bunu dini maarifləndirmə tədbirlərində ilahiyyatçılar, din xadimləri açıq söyləsələr də, lakin insanları hələ də bu günahlardan yayındırmaq mümkün olmur. İlahiyyatçı Hacı Ceyhun Şükürov da deyir ki, fala baxmaq və baxdırmaq böyük, həlakedici günahlardan olmaqla yanaşı, həm də küfrdür. Onun sözlərinə görə, hətta Allah Elçisi də  hədislərin birində buyurub ki, yeddi həlakedici günahdan çəkinin."Səhabələr dedilər: Ey Allahın elçisi! O nədir elə?! Dedi: "Allaha şərik qoşmaq, sehr, falçılıq etmək və ya falçı yanına getmək". Bu hədis sehrin, cadunun, fala baxmağın və fala baxdırmağın necə böyük günah olmasını göstərir, hansı ki, Allah Elçisi bu günahıən böyük günahla yanaşı qeyd edib. Həmçinin, hədisdə bu əməl həlakedici böyük günahlardan hesab edilib.

Hacı Ceyhun Şükürov qeyd edib ki, Uca Allah Qurani-Kərimdə buyurub: "Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"- deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Falçı yanına gedən müsəlmanın qırx gün namazı qəbul olunmaz. Bu barədə olan bir hədis Peyğəmbərin bəzi zövcələrindən rəvayət olunur ki, Allah Elçisi buyurub. "Hər kim falçı yanına gedər, ondan bir şey soruşub onun dediyini təsdiqləyərsə, qırx gün onun qıldığı namaz qəbul olunmaz".

İlahiyyatçının sözlərinə görə, bununla yanaşı alimlər deyirlər ki, namaz qılan birinin falçı yanına getdiyi üçün namazının qəbul olmaması o demək deyil ki, o qırx gün namaz qılmır, əksinə, o şəxs həmin qırx gündə namazlarına davam etməlidir: "Sadəcə həmin müddət ərzində onun qıldığı namazların savabından məhrum olması onun üçün bir cəzadır. Bir sözlə həmin şəxsdən namazın vacibliyi deyil, savabı gedir. Vaciblik isə qalır. Yəni namazlarına əvvəlki kimi davam edir. Qeybdən xəbər vermək İslamda ən böyük günahlardandır və küfrdür, hansı ki, falçıların işi də bununla əlaqədardır. Dahi alim Abdur-Rahmən əs-Sə`di deyib ki, sehr iki cəhətdən şirkə daxil olur. Şeytanları istifadə etmək və onlara bağlanması baxımından. Həmçinin, ola bilsin ki, cadugər onlara öz istəyini və hacətini yerinə yetirmələri üçün yaxınlaşsın və yaxud da qeyb elmini iddia etmək və Allahın elminə şərik olduqlarını iddia etmək və ya buna aparan yollar nahiyəsindən yaxınlaşsın. Hansı ki, bu şeylər şirkin və küfrün şöbələrindəndir. Həmçinin o deyib ki, qeyb elmi tək Allaha aid bir elmdir. Hər kim kahinlik (falçılıq) və ya bunun kimi yollarla (bu qeyb elmində) Allaha şərik olduğunu (yəni, Allahdan başqa qeybi bilənin olduğunu) iddia edər və ya bu iddianı edəni təsdiqləyərsə, o artıq Allaha aid olan bir şeyi başqasına aid edərək Allaha şərik qoşmuş, Allaha və Elçisinə qarşı isə yalan danışmış olar. Bir sözlə qeybdən xəbər vermək küfrdür, o küfr ki, bu falçıların məşğuliyyətidir. Eləcə də falçı və cadugərlərə öz istəklərinə nail olmaq üçün ən mundar işləri görmək və quran ayələrini müxtəlif ûsullarla təhqir etmək cinlər tərəfindən əmr edilir. İbnul-Qayyim deyib ki, cadugər nə qədər mundar və xəbis olarsa, nə qədər Allaha, Peyğəmbərəﷺ və möminlərə düşmən olarsa, o qədər etdiyi cadu, sehr daha qüvvətli və uğurlu alınar. Ona görə də bütə ibadət edənlərin sehri kitab əhlinin sehrindən daha güclüdür. Yəhudilərin sehri isə İslama nisbət olunanların sehrindən daha güclüdür. O yəhudilər ki, (Muhəmməd) Peyğəmbərəﷺ sehr etmişdilər". Hacı Ceyhun Şükürovun sözlərinə görə, ərəblərdə kahinlik (falçılıq) üç cür olub: "Birincisi; İnsanın cinlərdən yaxınının olması yoluyladır ki, o cin ona səma əhlinin danışıqlarından (eşidərək) oğurladığı şeyləri xəbər verir. İkincisi, təxəyyül yolu ilə yer üzündə baş verənlərdən, yaxında və ya uzaqda olan şeylərdən xəbər verir ki, o gah doğru, gah da yalan xəbər verir. Onları təsdiqləmək və ya onları dinləmək barədə qadağa da ümumidir. Yəni, bu qadağa onlara da aiddir. Nə onları dinləmək, nə də təsdiqləmək olmaz. Üçüncüsü, münəccimlərdir. Bu sahəyə ərraflar da daxildirlər. O kəslər ki, hadisələrin səbəblərinə və əlamətlərinə əsaslanaraq məsələləri bildiklərini iddia edirlər. Bu çəkilən misalların hamısı falçılıqdandır. Şəriət isə bunların hamısını inkar etmiş, onları təsdiqləməyi və onların yanına getməyi qadağan edib". İlahiyyatçı onu da vurğulayıb ki, istər cinlərlə əlaqəsi olsun, istər də olmasın, falçıların yanına getmək qadağandır və haramdır. Onun sözlərinə görə, falçılıq insanların istək, xəyal və batil inanclarından istifadə etməklə asan gəlir əldə etmək yollarındandır: "Bəzi insanlar cəmiyyətdə daim asan gəlir yollarını axtarır, bəzi şarlatanlar isə insanları aldatmaq yoluyla olsa belə batil yollara əl ataraq asan gəlir əldə etmək istəyirlər. İnsanların savadsızlığı, xurafata meyilli olmaları da belə fırıldaqçılara meydan və şərait yaradır. Əgər falçılarda qeyri adi qüvvə olsaydı, onların pula ehtiyacı olmaz və pul qazanmaq üçün insanları aldatmadan asanlıqla pul qazana bilərdilər. Belə ki, onlar bunu edə bilmirlər. Buradan da onların yalançı olduqları gün kimi aydın görünür".

Falçıların cəmiyyətə verdikləri zərər barədə danışan ilahiyyatçı deyir ki, onlar cəmiyyətdə xurafatçılığın, batil inancların yayılmasının səbəblərindəndirlər. Onlar insanların əqidəsini korlayan ən başlıca fiqurlardan biridirlər: "Falçılar cinlər vasitəsilə öyrəndikləri məlumatları pis niyyətlə istifadə edir, insanlar arasında düşmənçiliklərə səbəb olurlar. Onlar ailələrin dağılmasına səbəb olur, qızların bəxtinin bağlanması, boşanmalar və bir çox cəmiyyət problemlərinə səbəb olurlar. İnsanlar öz düşmənlərindən intiqam almaq üçün falçılara daha çox üz tutur ki, bu da falçıları tərifləyənlərin yalanını və cəmiyyətə verdikləri böyük zərəri bir daha ortaya qoyur. Beləcə insanlar başqalarının ölməsi, xəstələnməsi, ailəsinin dağılması və s. pis niyyətlər üçün falçı yanına üz tuturlar. Falçılar Allaha şərik qoşub ona küfr edən insanlardır. Ona görə də onlar cəmiyyətdə küfrün və şirkin bayraqdarı kimidirlər. Onlar insanları Allaha təvəkküldən asiliyə, bəndəyə bağlılığa, səbrdən dözümsüzlüyə, savabdan günaha, tövhiddən şirkə aparırlar. Onlar insanlar arasında güvən, bir-birinə inam və mehribançılığı aradan götürür, insanları xəyanətə, zorbalığa və zülmə sürükləyirlər. Zəif ağıllı insanlar daha tez falçıların təsirinə düşür və pullarını kəm xəyallarına qurban edirlər. Falçılıq cəmiyyətdə elmin inkişafına açıq aydın təhdid, xurafatçılıq və mövhumatçılığın inkişafına isə dəstəkdir. Cəmiyyətdə bəzi nüfuz sahiblərinin falçılara üz tutması isə böyük bir təəssüf doğurur ki, bu da hər cəmiyyətin böyük yarası hesab olunur. Çünki, bu zaman insanlar normal elmi, mədəni, əqli mübarizədən acizlik mübarizəsi metoduna keçid etmiş olurlar. Falçıların cəmiyyətə verdikləri zərər olduqca çoxdur".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31