Uşaqları zərərli informasiyalardan necə qoruyaq? -Təhlil
2 Sentyabr 2019 13:20 SosialDövriyyəsi qadağan olunan xəbərlərin qarşısı alınacaq
Prezident İlham Əliyev "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunu imzalayıb. 19 maddə və 5 fəsildən ibarət olan qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir. Maraqlıdır, sözügedən qanun hansı prinsiplərə əsaslanır, uşzqları zərəli informasiyalardan qorumaq üçün qanunda hansı müddəalar əksini tapıb? Hüquqşünas Alim Hüseynli bildirib ki, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunda uşaqların zərərli informasiyadan qorunmasını təmin etməkdən ötrü bir sıra prinsiplər əzərdə tutulur. Bunlar uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması; uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması; zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi; zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınmasından ibarətdir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya gəldikdə hüquqşünas qeyd edib ki, bunlara zorakılığı və qəddarlığı təbliğ edən informasiya; cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya; uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya; ailə institutunu nüfuzdan salan informasiya; əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya; pornoqrafik xarakterli informasiya aiddir. Bundan başqa qanunda müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyalar dəqiqilyi ilə göstərilib. Bunlara isə zorakılığı və qəddarlığı nümayiş edən informasiya; qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya; qorxu məzmunlu informasiya; erotik məzmunlu informasiya daxildir. Onun sözlərinə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.
İnformasiya məhsullarının yaş təsnifatı
Hüquqşünas qeyd edib ki, qanunda informasiya məhsullarının yaş təsnifatı aparılır. Belə ki, informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi müəyyən edilir: "universal" - istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur; "6 yaşadək" - altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir; "6 yaşdan" - altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir; "12 yaşdan" - on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir; "16 yaşdan" - on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir; "18 yaşdan" - uşaqlar arasında dövriyyəsinə yol verilmir: "İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya bu Qanunun 4-cü fəslinə müvafiq olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı aşağıdakılar qiymətləndirilir. İnformasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı; informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri; informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı. Həmçinin, təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır".
Dövriyyəsi qadağan olunan informasiya məhsulları
Onun sözlərinə görə, informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, mətbu nəşrlərin yaş kateqoriyasına görə işarəsi aydın seçilən şəkildə və mətbu nəşrin adının şriftinə uyğunlaşdırılmış qaydada nəşrin birinci və ya titul səhifəsində yerləşdirilir: "İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludurlar. Audiovizual informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi onun nümayişindən əvvəl və hər reklam fasiləsindən sonra üç dəqiqə müddətində ekranın künc hissəsində göstərilir. İnformasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi aşağıda göstərilənlərin beş faizindən az olmayan sahəsini tutmalıdır. Bu sahə teatrların, kino və video nümayişlərin və digər mədəni-kütləvi tədbirlərin afişalarının və repertuar haqqında digər elanların, o cümlədən giriş biletlərinin, dəvətnamələrin və ziyarət hüququ verən digər sənədlərin; audiovizual əsərin, kompüter və ya digər elektron oyunların, kompüter proqramlarının elektron daşıyıcılarının və qablaşdırmasından ibarətdir".
Qeyd edək ki, sənəddə uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər də nəzərdə tutulur. Belə ki, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır. Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır: "Qanunda uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair tələblər nəzərdə tutulur. Sözügedən tələblərə əsasən məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda, həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir".
Nurlan