“Azneft” İstehsalat Birliyinin dalğıcları Müdafiə Nazirliyi tərəfindən təltif ediliblər

“Azneft” İstehsalat Birliyinin dalğıcları Müdafiə Nazirliyi tərəfindən təltif ediliblər

"Azneft" İstehsalat Birliyinin Dalğıc Xidmətinin dalğıcları qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin və pilotun axtarışı, tapılması və dənizdən çıxarılmasında yüksək peşəkarlıq nümayiş etdiriblər. "OLAYLAR" İstehsalat Birliyinə istinadən xəbər verir ki, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində yüksək fədakarlıq göstərərək fərqlənən dalğıclar müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovun müvafiq əmri ilə Fəxri fərmanlarla təltif ediliblər.

Bu münasibətlə Dalğıc Xidmətində Fəxri fərmanların təqdim oluması mərasimi keçirilib. "Azneft" İB-nin baş direktorunun müavini Əlimusa Quliyev Fəxri fərmanları dalğıclara təqdim edib.

Qeyd edək ki, iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman radarlardan itib və qəzaya uğrayıb. Xəzər dənizinə düşən təyyarə uzun sürən axtarışlardan sonra tapılıb, qalıqları və pilotun nəşi dənizdən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31