İki əsrin ermənisi... -Elçin Hüseynbəyli yazır
28 Avqust 2019 14:19 SosialElçin Hüseynbəyli
("Paralel dünyalar" silsiləsindən)
... Qapı şaqqıltısına oyandım. Nə qədər yatdığımı bilmədim. Kameranın xırda pəncərəsini his-pas basdığından çöldə günün hansı vaxtı olduğunu da ayırd eləmək mümkün deyildi.
Kamera yoldaşım zikr eləyirdi. Ona görə də mənə fikir vermədi. Qapının şaqqıltısına da məhəl qoymadı. Öyrəncəliydi. Qapı yenə də şaqqıldadı və taqqıltıyla açıldı. Dəmir qapı divara dəydi. Sanki kiməsə acıqlıydı. Kamera yoldaşım başını qaldırdı, bir mənə baxdı, bir də qapını açana.
Qapını açan adam hündürdən və istehzayla:
-Cəhənnəm sakinlərinə salamlar olsun! -dedi.
Kamera yoldaşım mənə başı ilə işarə elədi ki, getmək vaxtıdır, yəni mən üz-gözündən cin yağan bədheybətlə getməliyəm.
Dar və qaranlıq dəhlizə çıxdıq. Dəhlizdən tövlə iyi gəlirdi...
Mən bədheybətin arxasınca düşmüşdüm. O, hərdən qanrılıb mənə baxır və irişirdi. Onun baxışlarından anladım ki, məni qarşıda heç də yaxşı qəbul gözləmir. Bunu onsuz da bilirdim. Yəqin dindirməyə aparırdılar...
Nəhayət, bir qapıya çatıb dayandıq. Bədheybət qapını döydü. İçəri girməyə razılıq alandan sonra qapını itələyib açdı və işarə elədi ki, içəri keçim.
Otağa girdim. Qapı ilə üzbəüz stol vardı və onun arxasında donqarburun bir adam oturmuşdu. Mən, sanki onu hardasa görümşdüm. Bu, bəlkə də gördüyüm kinoların təsirindən idi. Dindirilmə otaqları bir-birinə oxşayır. Yəqin dustaqların canına qorxu salmaq üçün bu cür dindirmə otaqları seçirlər. Boynuma alım ki, mən də qorxurdum Və indi yadıma düşdü ki, gələndən ayaq yoluna getməmişəm. Ancaq artıq gec idi, özümü saxlamağa məcbur idim.
Bədheybət nəzarətçi qapını örtdü. Bir az ayaq üstə qalandan sonra stolun arxasındakı adam işarə elədi ki, oturum. Stolun üstündəki lampanın atrafında siqaret burumları sezilirdi. Görünür, siqaret təzəcə söndürülmüşdü.
Mən oturandan sonra donqarburun mənə uzun-zadı baxdı və asta səslə, az qala pıçıltıyla:
-Məni tanıdın? -deyə soruşdu.
Bu sualı verərkən, sanki nədənsə çəkindiyinə işarə edirdi.
Başımı buladım.
-Necə yəni tanımadın?!
Bu dəfə o, hündürdən dedi və əsəbi şəkildə arxaya söykəndi.
-Mən Aşot Markaryanam. İndi tanıdınmı?
-Hə, tanıdım, -yarıgerçək, yarıyalan dedim.
-Burnumdanmı tanıdın?
-Hə, - yenə də çəkinə-çəkinə cavab verdim.
-Bilirsən biz ermənilərin burnu niyə yekədir. Çünki siz bizi sığnaqlara qovandan sonra soyuqdan donurduq, yalnız burnumuzu açıq saxlayırdıq. Ona görə də bizim burnumuz yekə olur. Sığınaqlar...
Burda mən onun sözünü kəsdim...
-O, sığınaqları görmüşəm. Dradra quşları da sıldırım yerlərdə yuva qururlar, -özümdən asılı olmayaraq dedim, amma mən bilən siz ora özünüz qalxırmışsınız.
-Boş-boş danışma, -deyə səsinin tonunu bir az da qaldırdı. - Ağlı başında olan adam orda yaşamaz. Amma indi...İndi bizim zamanımızdır...Vaxtı ilə Vəzirovun da işini mən aparmışam.
-Əbdürrəhman Vəzirovun?
-Yox Yusif Vəzirovun. Yazıçının. Sənin də işini mən aparacam. Çünki ondan roman yazmısan. Siz millətçiləri bir-bir çürüdəcəyik. Hamınızın adı siyahıdadır...
Mən susdum və daha da qorxdum. Amma birdən mənə elə gəldi ki, bu gördüklərim yuxudur. Çünki zamanlar arasında fərq çox böyük idi. Ona görə də ürəkləındim.
-Mən sizin adınıza rast gəlməmişəm. Bircə Markaryan eşitmişəm. O da Qribayedova güllə atan Markaryanı. Tehran hadisələri zamanı. Təxminən iki yüz il qabaq...
-Bəs siz elə bilirdiniz ki, bizi zorla müsəlman edəndə, adımızı, soyadımızı dəyişəndə mahiyyətimizi də dəyişəcəksiniz, -deyə yenidən səsinin tonunu aşağı saldı. -Amma qoxma, biz səni öldürməyəcəyik. Sən bizə çox lazım olacaqsan...Və istədikərimizin hamısını səndən qopardacağıq.
-Sizə nə lazımdır ki?
-Hara və niyə getdiyiniz.
-Biz böyük və firavan vətənimizi gəzib görmək istəyirik.
-Niyə?
-Sevmək üçün.
-Yox, mənə kələk gələ bilməzsən. Hara getdiyinizi və nə axtardığınızı bilirik. Sən ermənini hərifləyə bilməzsən...
-Biz heç nə axtarmırıq, -dedim...
Avqustun sonu, 2019