Hurtwood House – yaradıcı uşaqların arzusu
28 Avqust 2019 13:25 SosialDünyanın mükəmməl təhsil verən prestijli orta məktəblərində tədrisin keyfiyyəti ilə yanaşı, təhsil haqları da çox yüksəkdir. Mən həmişə arzulayıram ki, uşaqlar ən yaxşı məktəblərdə təhsil alsınlar. Ailələrin maddi durumu uşaqların yaxşı məktəblərdə təhsil almalarına mane olmasın. Bir sözlə təhsil pulsuz, parasız olsun, ən yüksək səviyyədə təhsil almaq bütün uşaqlar üçün əlçatan olsun. Amma neyləməli, bu gün dünyada yüksək ödənişi olan, çoxları üçün əlçatmaz çoxsaylı məktəblər var və bu yazıda onlardan biri Böyük Britaniyadakı Hurtwood House kolleci haqqında, mənbələrə, dostlarımın söhbətlərinə əsasən, məlumat verəcəyəm.
Bu kollecin illik təhsil haqqı 39 min 500 funt sterlinqdir.
Kollec Böyük Britaniyanın özəl orta məktəbləri arasında reytinq sıralamasında mütəmadi olaraq yüksək yerdə qərarlaşır. Məktəbdə 340 şagird təhsil alır. Hurtwood House-da uşaqların yaradıcılıq fəaliyyətinə, incəsənətə daha çox maraq göstərilir. O, Londondan 1 saatlıq məsafədə Surrey qraflığının Dorkinq şəhərciyində yerləşir. Kollecdə ikiillik A-level proqramı tətbiq olunur. Burada dəqiq fənlərlə yanaşı, humanitar fənlər bloku da tədris olunur, gələcəyin aktyorları, müğənniləri, dizaynerləri, bəstəkar və rejissorları hazırlanır. Kollec özündə yüksək keyfiyyətli akademik təhsili və kretivliyi, ənənəvi məktəbin xüsusiyyətlərini və teatr studiyasını birləşdirir. Aktyor ustalığının, ifaçılığın, rəngkarlığın, dizaynın, bəstəkarlığın, rejissorluğun fəlsəfəsi aşılanır. Kollec mütəmadi olaraq Independent Schools Inspectorate (ISI) tərəfindən monitorinqdən keçirilir. Aparılan son yoxlamanın nəticələrinə diqqət yetirək:
Uşaqların akademik nailiyyətləri - əla
Keyfiyyət və tədris proqramının təşkili - əla
Sinifdənxaric tərbiyə işlərinin təşkili - əla
Keyfiyyətli tədrisə görə - yaxşı
Uşaqların tərbiyə səviyyəsi və onun inkişaf dinamikası - əla
Uşaqlara nəzarət keyfiyyəti - əla
Tədris şərtləri və təhlükəsizlik şəraitinin yaradılması - yaxşı
Məktəbə rəhbərlik keyfiyyəti - yaxşı
Tədris keyfiyyəti və pansionda şərait - yaxşı
Valideynlərlə iş - əla
"The Good Schools Guide"-in müstəqil məlumatlarında oxuyuruq: "Hurtwood House" unikal və heç bir məktəblə müqayisəyə gəlməyəcək dərəcədə fərqlidir. Əgər sizin uşağınız istedadlı, zəhmətkeş, ünsiyyətcildirsə, daim yeniliklər axtarırsa, teatrı sevir, yaradıcılıq qabiliyyətinə malikdirsə, əmin olun ki, o, burada özünə uyğun mühitlə əhatə olunacaq".
Məktəbə qəbul necə aparılır?
Hurtwood House-un direktoru məktəbə qəbul şərtlərini bir cümlə ilə ifadə edir: "Başlıca şərt ondan ibarətdir ki, uşaq məhz burada təhsil almaq arzusunda olsun". Maraqlı və qeyri-adi yanaşmadlr. Direktor ağır müsahibə, müsabiqə şərtlərindən, ödəniş haqlarının yüksəkliyindən deyil, məhz uşağın arzularından danışır. Elə buna görə də Hurtwood House "Yaradıcı uşaqların arzusu" adlandırılır. Kollecə qəbul üçün isə rəsmi olaraq aşağıdakı sənədlər tələb olunur:
Son iki ilin qiymət cədvəli;
Riyaziyyat və ingilis dili müəlliminin tövsiyə məktubu. Sinif rəhbərinin və digər müəllimlərin də tövsiyə məktubu ola bilər, amma bu, vacib deyil;
Şagirdin "Mən nə üçün bu məktəbdə oxumaq istəyirəm" mövzusunda məktubu;
Şagirdin nailiyyətlərini əks etdirən diplomlar, sertifikatlar;
İngilis dili üzrə test tapşırığı (məktəbdə, yaxud akkreditasiya mərkəzində verilir)
Riyaziyyatdan əlavə olarq test tapşırığı ola bilər...
Onlar daha çox yaddaşlarına güvənirlər
Məktəbdə çox yaxşı başa düşürlər ki, burada istedadlı, yaradıcı uşaqlar təhsil alır. İstedad isə özünə hər zaman azadlıq, müstəqillik arzulayır. Hurtwood House bunu nəzərə alır. Təsadüfü deyil ki, məktəbdə uşaqlar özləri özləri üçün tədris planı hazırlayır. Dərslər interaktiv və yaradıcı maneralarla zəngin olan bir mühitdə keçir. Uşaqlar dərsdə qeydiyyat aparıb aparmamaqlarını da özləri müəyyən edirlər. Onlar daha çox yaddaşlarına güvənirlər.
Məktəb özünün məşhur yetirmələri ilə də qürur duyur. Onların arasında "Omen" filmi və "Robin Qud" serialından tanıdığımız Nikki Amya-Börd, rəssam Fibbi Bosvell, yazıçı Edvard Foks, aktrisa, "Qızıl Qlobus" mükafatı laureatı Emili Blantın adına rast gəlmək mümkündür. Məktəbin yaradıcılıq mühiti istedadları öz bətnində yetişdirərək dünyaya gətirir. Tanınmış məzunlar mütəmadi olaraq doğma məktəblərinə baş çəkir, orada təhsil alan uşaqlarla görüşürlər. Bu, uşaqlar üçün, sözün həqiqi mənasında motivasiyadır. Uşaqlar bu məşhurların simasında öz gələcəklərini görürlər desəm doğru olar. Məktəbin maraqlı və əhəmiyyətli tədbirlərindən biri də mədəni-əyləncəli proqramlardır. Şagirdlər İngiltərə ilə yanaşı, Avropanın muzeylərini, teatrlarını, qalereyalarını gəzir, böyük bəstəkarların, dramaturqların əsərlərinə tamaşa edirlər. Bir sözlə, məktəbdə əsl həyat məktəbi keçirlər. Sistem elə təşkil olunub ki, şagird yorulmur, bezmir, usanmır, yorulsa belə, mədəni-əyləncəli proqramlar onları növbəti dərslərə yeni ruhda hazırlayır. Ümumiyyətlə, Hurtwood House-un fəaliyyətində diqqətimi çəkən ən mühüm məqam da elə budur: mənəvi-psixoloji rahatlıq mühitində öyrətmək, ən yüksək səviyyədə sağlamlığın qayğısına qalmaq. Hurtwood House-un şagirdlərinin məşğul olduqları idman növləri ilə tanış olduqda heyran qalmaya bilmirsən: Aerobika, basketbol, reqbi, futbol, üzgüçülük, qolf, stolüstü tennis, tennis, hokkey, yüksəkliyə dırmanma, voleybol, dağ velosipedində sürüşmə və s. Bütün bunlar Hurtwood House-luların intellektinə fiziki güc də əlavə edir.
Təhsil təhsil sistemi üçün deyil, uşaq üçün mövcuddur
Hurtwood House-un şagirdlərinin akademik göstəriciləri də ildən ilə yüksəlir. Şübhə yoxdur ki, göstəricilər yüksəldikcə, daha reytinqli ali məktəblərə qəbul olanların da sırası genişlənir. Lids, Bormunt, Londonun aparıcı universitetləri, Böyük Britaniyanın musiqi və teatr kollecləri, Mançestve universiteti, İmperial kolleci Hurtwood House məzunlarının qəbul olduqları ali təhsil müəssisələridir. Onların A-level imtahanlarının nəticələri bir qayda olaraq yüksək olur. Məktəbdə hesab edirlər ki, Təhsil təhsil sistemi üçün deyil, uşaq üçün mövcuddur.
Hurtwood House-da şagirdlərə 22 fənn təklif olunur: Fizika, kimya, biologiya, riyaziyyat, ali riyaziyyat, psixologiya, sosiologiya, tarix, ingilis, alman, fransız, ispan dilləri, biznes, hüquq, iqtisadiyyat, maliyyə və mühasibatlıq, fotoqrafiya, teatr, təsviri incəsənət, media, musiqi, toxuculuq bu fənlər sırasındadır. Hurtwood House-un gələcəyin peşəkar mütəxəssis hazırlığına öz layiqli töhfəsini verdiyi göz önündədir.
Böyükağa MİKAYILLI
Mənbə:
https://www.education
https://www.globaldialog.ru
https://diamondeducation.ru/hurtwood-house-summer-school/
https://www.estudy.ru